Kürdəmirdə şəhidlə izdihamlı vidalaşma
Aprelin 11-də rayonun Sığırlı kəndində aprelin 1-dən 2-sinə keçən gecə cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhramancasına şəhid olan Azərbaycan Ordusunun Giziri Qurbanov Tural Gürşad oğlunun dəfn mərasimi keçirilib.
Mərasimdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, Millət Vəkili Rəfael Hüseynov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları, Qarabağ müharibəsi veteranları və on minlərlə kürdəmirli iştirak etdilər.
Dəfn mərasimində çıxış edən Millət Vəkili Rəfael Hüseynov, Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov şəhidin ailəsinə dərin hüznlə başsağlığı vermiş və bildirdilər ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş bütün əsgərlərimizin qisası güclü və qüdrətli ordumuz tərəfindən düşməndən alınır və alınacaqdır. Möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız Şuşada, Laçında, Xankəndində, eləcə də Dağlıq Qarabağın hər bir güşəsində dalğalanacaqdır.
Mərasimdə şəhidin atası və bibisi çıxış edərək övladı Turalın şəhid olduğundan qürur duyduqlarını bildirdilər.
Şəhid Gizir Tural Qurabanovun nəşi Sığırlı kənd qəbristanlığında torpağa tapşırıldı. Onun tabutu üzərindəki bayraq əbədi saxlanılmaq üçün atası Gürşad Qurbanova təqdim edildi, Dövlət Himni səsləndirildi.
Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salındı.
Yekunda mərasim iştirakçıları şəhidin qəbri üzərinə tər çiçək dəstələri düzdülər.