Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü münasibəti ilə “Milyonların qəlbində yaşayan lider”mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

13 dekabr 2012 | 16:00

Kürdəmir rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə rayonun “Gənclər Evi”ndə “Milyonların qəlbində yaşayan lider”mövzusunda elmi-praktik konfransı keçirilmişdir.
Konfransda rayon İcra Hakimiyyəti aparatının Başçısı ,İcra aparatın işçiləri, YAP rayon təşkilatının şura üzvləri və fəalları, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə rəhbərləri, rayon ağsaqqalları, ziyalılar, gənclər iştirak etmişlər.
Konfransdan əvvəl tədbir iştirakçıları Heydər Əliyev parkında ucaldılmış Ulu Öndərin abidəsini ziyarət etmiş, abidənin önünə əklil və gül dəstələri qoymuşlar.
Tədbiri giriş sözü ilə YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli açmışdır. O, bildirmişdir ki, bu gün – dekabrın 12-də müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından 9 il ötür.Tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə bəxş etdi. Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır.
Bütün varlığı ilə Azərbaycana və azərbaycançılığa xidmət edən dahi rəhbərimiz əbədiyyətə qovuşmağı ilə də xalqımızı birləşdirdi.Öz ideyaları ətrafında xalqımızı birləşdirən Heydər Əliyevin müqəddəs ruhu bu gün bizi bütövləşdirir və mətinləşdirir.
İstər sovet dönəmində istərsə də müstəqillik illərində böyük dövlət xadimi Heydər Əliyev Azərbaycanın digər bölgələrinə olduğu kimi Kürdəmir rayonuna da böyük qayğı ilə yanaşmışdır.
Ümummilli Lider dəfələrlə Kürdəmir rayonunda olmuş, rayon iqtisadiyyatının, təsərrüfatın inkişafı və sosial məsələlərlə maraqlanmış, zəhmət adamları ilə, ziyalılarla, ağsaqqallarla görüşmüşdür.Ulu Öndərin 1976-cı, 1978-ci, 1979-cu və 1981-ci illərdə Kürdəmir rayonunda olması və partiya təsərrüfat fəalları yığıncaqlarında iştirak etməsi xüsusilə yaddaqalandır. Bu səfərlər Kürdəmir rayonunun iqtisadiyyatının inkişafında güclü irəliləyişlərlə müşayiət olunmuşdur.Həmin səfərlərdə rayonun aqrar sahəsinin inkişafı və infrastrukturu ilə əlaqdədar qaldırılan məsələlər qısa müddətdə öz həllini tapdı.1978-ci ildə Kürdəmir rayonu dövlətə pambıq satışı planını respublika üzrə birinci yerinə yetirmişdi. Heydər Əliyev bu münasibətlə rayon zəhmətkeşlərini təbrik edərkən “Mən Kürdəmirdə hələ belə temp görməmişəm” söyləmişdi. Rayonun inkişafında qazanılmış nailiyyətlər Kürdəmirə və kürdəmirlilərə Ulu Öndərin böyük diqqət və qayğısının təcəssümüdür.
1998-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidentliyinə namizəd olarkən Ümummilli Lider Kürdəmirə gələrək seçicilərlə görüşdü.
Heydər Əliyevin həmin görüşdəki tarixi çıxışı hərarətli alqışlarla qarşılandı.Bu görüş yaşlı və orta nəslin yaddaşında möhkəm iz buraxmış, xoş xatirəyə çevrilmişdir.
1993-cü ildən bu günə kimi müstəqil Azərbaycan dövləti, sözün həqiqi mənasında sürətli, dinamik və hərtərəfli inkişaf dövrünü yaşayır.Qısa zaman kəsiyində Azərbaycan siyasi çəkisinə və iqtisadi inkişaf tempinə görə dünyanın ən önəmli ölkələri sırasına daxil olub.Təbii ki, bütün bunların arxasında təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bu uğurlu siyasətin davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi alternativi olmayan siyasi kurs dayanır.Bu siyasi kurs Azərbaycana, xaqımıza yalnız uğur gətirir, milli maraqlarımızı yetərincə qoruyur və xoşbəxt gələcəyə təminat verir.Ömrünü xalqının firavan yaşamasına həsr etmiş , dünya miqyasında tanınan və hörmətlə yad edilən Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsi xalqımızın yaddaşında əbədi olaraq yaşayır və yaşayacaqdır.
Sonra konfrans iştirakçıları Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı çəkilmiş “Sevdim Azərbaycanı” sənədli filminə tamaşa etmişlər.
Elmi-praktik konfransda “Heydər Əliyev dünya tarixinin Azərbaycanlı dahisidir” mövzusunda Şəhər 3 saylı tam orta məkəbin müəllimi Əsbət Musayeva, “Azərbaycan gəncliyinin böyük dostu və himayədarı” mövzusunda Rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Həsənov, “Zəmanəmizin görkəmli siyasətçisi” mövzusunda Rayon Ziyalılar Cəmiyyətinin sədri Sabir Novruzov, “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran şöbəsinin müdiri Yaqut Əşrəfova, “Xalqına bağışlanan ömür” mövzusunda Rayon Ağsaqqallar Şurasının sədr müavini Vaqif Hacıyev məruzə etmişlər.
Məruzələrdə Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, müstəqil Azərbaycanın quruculuğu yolundakı şərəfli mübarizəsi, bütün dünya tərəfindən qəbul edilən böyük siyasətçi və liderlik titulları barədə geniş fikirlər söyləmişlər. Məruzəçilər Ümummilli Liderimizin xalqına olan sevgisindən, Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən danışmışlar. Ölkəmizdə gedən sosial – iqtisadi,elmi-mədəni yüksəlişdən iftixarla danışan natiqlər möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan dövlətçiliyi tarixindəki əvəzsiz xidmətlərini diqqətə çatdırmış, xüsusilə vurğulamışlar ki, Ulu Öndərin siyasi kursunu davam etdirən cənab İlham Əliyev dövlətimizi dünya birinciləri sırasına çıxarmışdır.
Sonda Kürdəmir rayon İcra Hakmiyyətinini Başçısı İrşad Əliyev çıxış edərək bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin vəfatından 9 il ötür. 9 il bizi zaman etibatilə Ulu Öndərin vəfatından uzaqlaşdırsa da lakin qurub yaratdığı Azərbaycanın uğurları ilə daha da yaxınlaşdırır.Ümummilli Lider Heydər Əliyevin hələ birinci –sovetlər dönəmindəki hakimiyyətə gəldiyi dövrü təhlil etsək görərik ki, Azərbaycanın hərtərəfli çətin bir durumunda rəhbər gələn dahi Heydər Əliyev azərbaycanlıların kimliyini, tarixi yaddaşını özünə qaytardı.Xalqımızın mənəvi kamilləşməsi, eləcə də sosial rifahının yaxşılaşdırılması, iqtisadiyyatın dirçəldilməsi, mədəniyyətimizin tanıdılması, unudulmuş adət-ənənələrimizin bərpası istiqamətində həyata keçirilən misilsiz xidmətlər dahi şəxsiyyət Heydər Əliyevin bənzərsizliyinin, böyüklüyünün parlaq təcəssümü idi.
Müstəqillimizin ilk vaxtlarında ölkədə yaranan ağır ictimai-siyasi və hərbi durumda Azərbaycanın müstəqilliyini qorumaq, dövlət yaratmaq üçün məhz Heydər Əliyev böyüklüyü və dahiliyi lazım idi.1993-cü ildə müstəqil Azərbaycan dövlətinin Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev təcrübəli, müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarada bildi.Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar.
Ən çətin anlarda belə Ulu Öndər Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi çıxış edərək Azərbaycanı qorudu, inkişaf etdirdi və qüdrətli, sarsılmaz bir dövlətə çevirdi.
Bu gün Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda geniş quruculuq işləri gedir, regionlar o cümlədən rayonumuz sürətlə inkişaf edir, abadlaşır.
Bununla da konfrans öz işini başa çatdırmışdır.
 

Keçidlər