Kürdəmirdə Xocalı faciəsinin qurbanları yad edilib
Fevralın 26-da rayonun Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin iyirmi dördüncü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Tədbirdən öncə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov rayonda müvəqqəti məskunlaşmış Xocalı sakinləri ilə görüşərək onların qayğı və problemləri ilə maraqlanmış , xalqımızın son iki əsr ərzində erməni millətçiləri tərəfindən dəfələrlə soyqırımına məruz qaldığını, azərbaycanlıların növbəti belə faciə ilə 24 il əvvəl Xocalıda üzləşdiyini bildirdi. İcra Başçısı vurğuladı ki, yalnız Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra bu məsələyə prinsipial şəkildə yanaşmış,soydaşlarımıza qarşı qəddarcasına törədilən dəhşətli qətliama məhz Ümummilli Liderimizin qətiyyəti sayəsində obyektiv hüquqi-siyasi qiymət verilmişdir. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə 26 fevral Xocalı Soyqırımı Günü elan olunmuş, 1997-ci il fevralın 25-də isə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Sərəncam imzalanmışdır.. Faciədən artıq 24 il keçməsinə baxmayaraq, vəhşicəsinə, xüsusi amansızlıqla və qəddarlıqla qətlə yetirilmiş soydaşlarımızın, qəhrəman oğul və qızlarımızın əziz xatirəsi dünyanın müxtəlif ölkələrində ehtiramla anılır.Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bu faciənin bütün dünyada tanınması istiqamətində görülən işlər, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində mütəmadi şəkildə həyata keçirilən tədbirlər, geniş təbliğat nəticəsində özlərini beynəlxalq ictimaiyyətə məzlum, türklər tərəfindən guya soyqırımına məruz qalmış əzabkeş xalq kimi göstərməyə çalışan erməni millətçilərinin, lobbisinin və havadarlarının bu istiqamətdəki səyləri puç olmuş, yalan və saxtakarlıq üzərində qurulmuş təbliğatları iflasa uğramışdır. Məhz buna görə getdikcə daha çox dövlət, həmçinin ABŞ-ın 20 ştatı, mötəbər beynəlxalq qurumlar Xatın, Sonqmi kimi bəşəri cinayətlər sırasında yer alan Xocalı faciəsini soyqırımı kimi tanımağa başlamışlar. Onlar Azərbaycan xalqı ilə həmrəy olduqlarını bildirmiş, erməni millətçilərinin 24 il öncə törətdikləri dəhşətli qətliamı şiddətlə qınamış və qəti şəkildə pisləyirlər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində təşkil edilmiş “ Xocalı soyqırımı uşaqların gözü ilə” mövzusunda rəsmlərə, əl işlərinə və kitablardan ibarət sərgiylə tanış oldular.
Tədbirin açlışında torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların və Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra “Xocalı Faciəsi”nə həsr olunmuş ”Qarabağdır Azərbaycan” adlı film izlənildi,faciə haqqında məktəblilərin ifasında “Xocalı səsləyir bizi” mövzusunda ədəbi-bədii kompozisiya təqdim edildi.
Tədbirin sonunda Xocalı sakini Elmar Şahverənov çıxış edərək rayon rəhbərliyinə,tədbirin hazırlanmasında əməyi keçən hər bir şəxsə, məktəblilərə və onlara hər zaman qayğı ilə yanaşan kürdəmirlilərə öz minətdarlıqlarını bildirdi.