Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət və turizm naziri Kürdəmirdə vətəndaşları qəbul edib

21 dekabr 2015 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay şəhər və rayonlarda əhali ilə görüşlər keçirirlər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 18-də Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların növbəti qəbulunu keçirib. Qəbulda Kürdəmir, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Ağdam, Füzuli və Xocavənd rayonlarından 30-dan artıq vətəndaş iştirak edib.

Görüşdən öncə nazir Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Mərkəzlə tanış olan Əbülfəs Qarayev yaradılan guşələrə, fotoekspozisiyaya baxıb. Nazir həmçinin, bayraq meydanını ziyarət edib, buradakı muzeylə tanış olub.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarix və mədəniyyət abidələrinin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Kürdəmir sakinlərinin müraciətlərində Kür çayı sahilində çay turizminin təşviq edilməsi üçün təbiət qoruqlarının yaradılması, rayonun Qarasu kəndində mədəniyyət obyektinin açılması təklifləri diqqətə çatdırılıb.

Beyləqan rayonundan qəbula gələn vətəndaşlar Birinci Şahsevən kəndində yerləşən Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun xatirə muzeyinin Mədəniyyət və Turizm Nazirliyinin balansına keçirilməsi, rayon ərazisində orta əsrlərə aid arxeoloji abidələrin elmi araşdırılmasına köməklik göstərilməsi barədə xahişlərini səsləndiriblər.

İmişli sakinlərinin xahişləri rayon Tarix-Diyarşünaslıq Muzeyində ekspozisiyanın qurulması, muzeydəki eksponatların bərpası üçün mütəxəssisin ezam olunması, İmişli Dövlət Rəsm Qalereyasına yeni əsərlərin verilməsi barədə olub.

Saatlı rayonundan gələn vətəndaşlar tərəfindən mədəniyyət mərkəzinin yaradılması ilə əlaqədar metodiki tövsiyələrin, rayon Mərkəzi kitabxanasına əlavə uşaq ədəbiyyatının, musiqi məktəbinə tədris vəsaitlərinin verilməsi barədə müraciətlər edilib.

Sabirabad rayonunda uşaq musiqi məktəblərinin fəaliyyətinin təkmilləşdirilməsi barədə təklif səslənib, muzeylərin qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına köməkliyin göstərilməsi xahiş edilib.

Ağdam sakinlərinin müraciətləri yeni inşa olunmuş uşaq musiqi məktəbinin avadanlıqla təchizatı, Üçoğlan kənd sakini tərəfindən toplanmış 2000-dən çox eksponatların nümayiş etdirilməsinə şərait yaradılması barədə olub.

Füzuli rayonundan qəbula yazılanlar XIII əsrə aid Əhmədallar türbəsinin bərpası və Bakı şəhərində rayon Tarix-Diyarşünaslıq Muzeyinin sərgisinin təşkilinə dair təkliflərini diqqətə çatdırıblar. Xocavənd rayonunun yeni tikilmiş musiqi məktəbində kitabxanaya tədris vəsaitlərinin ayrılması xahiş olunub.

Bundan əlavə, qəbulda bir sıra sosial məsələlər, işlə təminatla bağlı xahişlər də səslənib.

Vətəndaşları diqqətlə dinləyən nazir ayrı-ayrı məsələlərin həlli ilə əlaqədar tapşırıqlar verib.

Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər bir çox məsələlərin operativ həllinə zəmin yaradır. Hər görüşdə vətəndaşlar tərəfindən maraqlı təkliflər, faydalı təşəbbüslər irəli sürülür.

Nazir tarixi abidələrin qorunması və bərpasına vətəndaşların maraq göstərməsini xüsusilə təqdir edib. Yerlərdə turizmin təşviqi istiqamətində müraciətləri müsbət qiymətləndirən Əbülfəs Qarayev Kür çayının Kürdəmir rayonun ərazisindən keçən hissəsində çay turizminin inkişaf etdirilməsi barədə təklifin nəzərdən keçiriləcəyini deyib. Qeyd olunub ki, qəbulda səsləndirilən bütün faydalı təkliflərin həyata keçməsi üçün müvafiq addımlar atılacaq.

Qəbuldan sonra nazir rayonda yerləşən mədəniyyət müəssisələrinə baş çəkib, tarix-diyarşünaslıq muzeyi, mədəniyyət evi və musiqi məktəbinin iş şəraiti ilə tanış olub, tövsiyələrini verib.

Keçidlər