Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş “Əbədiyaşar Lider” mövzusunda konfrans keçirilib
Dekabrın 11-də rayonun Heydər Əliyev Mərkəzində Kürdəmir rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının birgə təşkilatçilığı ilə Ulu Öndər Heydər Əliyevin Anım Gününə həsr olunmuş “Əbədiyaşar Lider” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, YAP rayon təşkilatının fəalları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin adını daşıyan parka gələrək Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri düzmüşlər.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyev haqqında çəkilmiş “Əbədiyyət yolu” adlı sənədli filmə tamaşa etdilər.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov konfrans iştirakçılarını salamladıqdan sonra Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransda çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib ki, müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından 12 il ötür.Tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə bəxş etdi. Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır.Bütün varlığı ilə Azərbaycana və azərbaycançılığa xidmət edən dahi rəhbərimiz əbədiyyətə qovuşmağı ilə də xalqımızı birləşdirdi.Öz ideyaları ətrafında xalqımızı birləşdirən Heydər Əliyevin müqəddəs ruhu bu gün bizi bütövləşdirir və mətinləşdirir.Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 35 il ərzində dövlətçilik tariximizə xilaskar kimi daxil olub və respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə bu missiyanı çox böyük uğurla yerinə yetirib.Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, Ümummilli Liderimiz azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da Ulu Öndər Heydər Əliyevin ən böyük əsəri olan müstəqil, inkişaf etməkdə olan Azərbaycan vətəndaşları olmaqdan qürur duyur, böyük öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha sıx birləşməklə nümayiş etdirir. Heydər Əliyev görkəmli dövlət xadimi, Ümummilli Lider kimi bütün xalq tərəfindən tərəddüdsüz qəbul edilən, hələ sağlığında əfsanələşən, ürəklərdə özünə əbədi heykəl ucaldan bir şəxsiyyədir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər ərzində, o cümlədən, müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyət göstərdiyi 10 il ərzində həmişə xalqımızın milli maraqlarını dəqiq müəyyən etdiyini, ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrdə qazanılan böyük uğurların memarı olduğunu görmək çətin deyil.1993-cü ildən bu günə kimi müstəqil Azərbaycan dövləti, sözün həqiqi mənasında sürətli, dinamik və hərtərəfli inkişaf dövrünü yaşayır.Qısa zaman kəsiyində Azərbaycan siyasi çəkisinə və iqtisadi inkişaf tempinə görə dünyanın ən önəmli ölkələri sırasına daxil olub.Təbii ki, bütün bunların arxasında təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bu uğurlu siyasətin davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi alternativi olmayan siyasi kurs dayanır. Bu siyasi kurs Azərbaycana, xaqımıza yalnız uğur gətirir, milli maraqlarımızı yetərincə qoruyur və xoşbəxt gələcəyə təminat verir. Ömrünü xalqının firavan yaşamasına həsr etmiş , dünya miqyasında tanınan və hörmətlə yad edilən Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsi xalqımızın yaddaşında əbədi olaraq yaşayır və yaşayacaqdır.
Elmi-praktik konfransda “Hüquqi dövlət ideyasını gerçəkliyə çevirən lider” mövzusunda Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Oqtay Məmmədov, “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradıcısıdır” mövzusunda Rayon İcra Hakimiyyəti Başçısının müavini , Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli, “Heydər Əliyev ideyaları müasir təhsil quruculuğunun əsasıdır” mövzusunda şəhər 1saylı tam orta məktəbin müəllimi, Əməkdar müəllim Rəfail Məmmədov, “Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda şəhər 6 saylı tam orta məktəbin direktoru Elmira Şıxəliyeva, “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının Gənclər Birliyinin sədri Daşqın Rüstəmov məruzə etdilər.
Məruzələrdə Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, müstəqil Azərbaycanın quruculuğu yolundakı şərəfli mübarizəsi, bütün dünya tərəfindən qəbul edilən böyük siyasətçi və liderlik titulları barədə geniş fikirlər söyləmişlər. Məruzəçilər Ümummilli Liderimizin xalqına olan sevgisindən, Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən danışmışlar. Ölkəmizdə gedən sosial – iqtisadi, elmi-mədəni yüksəlişdən iftixarla danışan natiqlər möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan dövlətçiliyi tarixindəki əvəzsiz xidmətlərini diqqətə çatdırmış, xüsusilə vurğulamışlar ki, Ulu Öndərin siyasi kursunu davam etdirən cənab İlham Əliyev dövlətimizi dünya birinciləri sırasına çıxarmışdır.
Sonda Kürdəmir rayon İcra Hakmiyyətinin Başçısı Ceyhun Cəfərov yekun sözü söyləyərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin yenilməz siyasi iradə nümayiş etdirdirərək , milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi çıxış edərək öz güclü qolları, düşünülmüş siyasi addımları ilə qoruduğu, inkişaf etdirdiyi və qüdrətli, sarsılmaz bir dövlətə çevirdiyi müstəqil Azərbaycanı bu gün Ümummilli Liderimizin layiqli siyasi varisi , ölkə rəhbəri cənab İlham Əliyev daha da inkişaf etdirərək möhkəmləndirməkdədir.