Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə gənclərlə dini icma nümayəndələrinin görüşü olub

10 dekabr 2015 | 16:00

Dekabrın 10-da rayon İcra Hakimiyyətinin akt zalında “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) , Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə dəstəyi ilə “Radikalizmə qarşı mübarizədə region gənclərinin dini icmalarla birgə əməkdaşlığı: imkanlar və perspektivlər” mövzusunda tədbir keçirilib.
Dini icma nümayəndələrinin və gənclərin iştirakı ilə keçirilən toplantıda rayon icra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli Kürdəmirdə fəaliyyət göstərən dini icmalar haqda məlumat verib. O, qeyd edib ki, dövlət qeydiyyatına alınan dini icmalar hərtərəfli qayğı ilə əhatə olunublar.
TUMİB sədri Çingiz Bayramov bildirib ki, əsas məqsəd radikalizmə qarşı mübarizədə gənclərin və dini icmaların birgə əməkdaşlığını təmin etmək, multikultural dəyərləri yaymaq, dini maarifçilik işini gücləndirməkdən ibarətdir. Çingiz Bayramov yeniyetmələrin yad ideologiyaların təsiri altına düşməməsi üçün valideynlərin onların üzərində nəzarəti artırmasının vacib olduğunu vurğulayıb. O, qeyd edib ki, gənclərin radikal dini təriqətlərin təsiri altına düşməsinin qarşısını almaq üçün bütün sağlam qüvvələr səfərbər olunmalıdır.
Tədbirdə digər çıxış edənlər diqqətə çatdırıblar ki, Azərbaycanda dini radikalizmə qarşı effektiv mübarizə aparılır. İman sahiblərini bu cür hallara qarşı daha çox səy göstərməlidirlər.
Sonda rayonun bir qrup dini icma üzvləri və gəncləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) tərəfindən həyata keçirilən “Radikalizmə qarşı mübarizədə region gənclərinin dini icmalarla birgə əməkdaşlığı: imkanlar və perspektivlər” adlı layihəsində fəal iştiraklarına görə diplomlarla təltif ediliblər.

Keçidlər