Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirilib
Ümummilli Lider Heydər Əliyevin Anım Günü münasibətilə dekabrın 9-da Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının Gənclər Birliyinin tədbiri keçirilib.
YAP rayon təşkilatının qərargahında keçirilən tədbirdə YAP rayon təşkilatının Gənclər Birliyinin şura və idarə heyəti üzvləri, fəal gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Sonra dəyirmi masa YAP rayon təşkilatı qərargahının akt zalında öz işinə başladı. Tədbir iştirakçıları əvvəlcə dahi şəxsiyyət, Ulu Öndərimiz Heydər Əliyevin nurlu və əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Daşqın Rüstəmov açıb. O, bildirib ki, dekabrın 12-də müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından 12 il ötür. Natiq vurğulamışdır ki, Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ərzində, həmişə xalqımızın milli maraqlarını dəqiq müəyyən etmiş, ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrlə yanaşı gənclərlə aparılan işi daim önə çəkmişdir. O qeyd edib ki, Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi qayğı bu gün ölkə rəhbəri, partiyamızın sədri cənab İlham Əliyev tərəfindən davam etdirilir.
Çıxışçılardan “Heydər Əliyev Azərbaycan gəncliyinin himayədarıdır” mövzusunda şəhər 3 saylı tam orta məktəbin müəllimi, Tərəqqi medallı Xəyalə Veyisova, “Azərbaycançılıq ideyalarının aşılanmasında Ümummilli Lider Heydər Əliyev amili” mövzusunda şəhər 6 saylı tam orta məktəbin müəllimi Elnurə Şükürova, “Azərbaycan təhsilində Heydər Əliyevin rolu” mövzusunda şəhər 1saylı tam orta məktəbin müəllimi Mehriban Məmmədova, “Heydər ƏliyevAzərbaycan xalqının əvəzolunmaz lideridir” mövzusunda şəhər 2 saylı tam orta məktəbin müəllimi Əsmər Seyidova bildiriblər ki, tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə bəxş etdi. Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır. Natiqlər bu gün ölkə rəhbəri cənab İlham Əliyevin bu siyasəti çox böyük uğurla davam etdirməsinin müstəqil və müasir Azərbaycanın işıqlı gələcəyinin qarantına çevrilməsinə səbəb olduğunu vurğulamışlar. Onlar gənclərimizin bu sabitlikdən, əmin-amanlıqdan bəhrələnərək ölkəmizin uğurlu gələcəyi naminə çalışacaqlarını qeyd ediblər.