Kürdəmirdə "Kitabi-Dədə Qorqud"un alman dilinə tərcümə edilərək dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200 illiyinin tamam olması münasibətilə tədbir keçirilib
Oktyabrın 13-də Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının inzibati binasının akt zalında Kürdəmir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Kitabi – Dədə Qorqud” un alman alimi Fridrix Fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləmində tanıdılmasının 200 illiyi münasibətilə dəyirmi masa təşkil olunub.
Tədbiri giris sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli bildirib ki, 2015-ci il fevral ayının 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Kitabi-Dədə Qorqud"un alman alimi Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyinə dair fəaliyyət proqramı hazırlanması ilə bağlı sənəd imzalayıb. Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığın ayrılmaz tərkib hissəsinə çevrilən "Kitabi-Dədə Qorqud" abidəsinin alman şərqşünas alimi Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyi tamam olur. Bildiyimiz kimi, ötən müddət ərzində "Dədə Qorqud" dastanları ilə bağlı çox sayda araşdırmalar aparılıb və qorqudşünaslığın ayrıca sahə kimi formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. 2000-ci ildə "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin UNESCO xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilməsi abidənin tədqiqi tarixində yeni mərhələnin başlanğıcı olub. Vəsilə
Əsgərli çıxışının sonunda vurğulayıb ki, " Kitabi-Dədə Qorqud" dastanı haqda hər zaman danışılacaq, ilboyu davam edən tədbirlərdə bəşəriyyət üçün əhəmiyyətli olan mədəniyyət hadisəsi kimi dəyərləndiriləcək.
Dəyirmi masada “Kitabi – Dədə Qorqud” dastanının yaranma və dünya elm aləminə tanınması tarixi mövzusunda Kürdəmir şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Gülbəniz İbrahimova, “Görkəmli qorqudşünaslar” mövzusunda Kürdəmir rayon Mərkəzləşdirilmiş Kitabxanalar sistemində direktor müavini İradə Mahmudova, “Kitabi – Dədə Qorqud” dastanın bədii xususiyyətləri mövzusunda Kürdəmir şəhər 3 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Əsbət Musayeva və başqaları çıxış edərək Ana abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanı tariximiz, mədəniyyətimiz, ictimai fikrimiz, sözümüz və epos yaradıcılığımız haqqında zəngin bir xəzinə olduğunu, əsrlərdir bu xəzinənin inciləri insanların ruhi aləmini bəzədiyini, Türk dastanları sırasında xüsusi yeri olan "Kitabi-Dədə Qorqud" Türk-Azərbaycan elminə bəlli olmamışdan əvvəl onun tədqiqi ilə ilk dəfə Avropa şərqşünasları məşğul olduğunu vurğulamışlar.
Tədbirin sonunda dəyirmi masa iştirakçıları tərəfindən mövzu ətrafında geniş müzakirələr aparıldı.