Kürdəmir rayonunda Dövlət Proqramının uğurlu icrası sosial-iqtisadi sahələrdə dinamik inkişafı təmin edir
Aran iqtisadi rayonuna daxil olan Kürdəmir bu gün dinamik inkişaf yolundadır. Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının uğurlu icrası bölgədə iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən aqrar sektorun, sənayenin sürətli inkişafını, sosial infrastrukturun yeniləşməsini təmin edir.
Qeyd edək ki, aqrar sektorda aparıcı sahə olan taxılçılıqda bu il yaxşı göstəricilərə nail olunub. Son illər əkin dövriyyəsinə 2000 hektar yeni torpaq sahəsi cəlb edilməklə taxıl sahələri 40 min hektara çatdırılıb. Məhz bunun nəticəsidir ki, 2015-ci ildə rekord miqdarda - 109,7 min ton taxıl istehsal olunub.
Dövlət Proqramında nəzərdə tutulan cins heyvandarlıq, ətlik istiqamətli quşçuluq, toxumçuluq, bağçılıq, iri taxılçılıq, tərəvəzçilik, üzümçülük və digər bitkiçilik məhsullarının istehsalı və emalının dəstəklənməsi istiqamətində də diqqətəlayiq nəticələr qazanılıb. Belə ki, lizinq yolu ilə alınan 217 baş cins düyə artırılaraq 500 başa çatdırılıb, habelə süni mayalanma yolu ilə 190 baş bala alınıb. “Kürdəmir Broyler” ATSC-nin fəaliyyəti genişləndirilərək damazlıq ana quşların sayı 18000 başa çatdırılıb, quş əti və yumurta istehsalının artırılmasına nail olunub.
Rayonda 3000 hektardan çox sahədə nar bağı salınıb, 6 hektarda müasir istixana qurulub, üzümçülük və digər bitkiçilik məhsullarının istehsalı və emalının genişləndirilməsi istiqamətində mütəmadi tədbirlər görülür.
Dövlət Proqramında nəzərdə tutulduğu kimi, kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkmləndirilməsi ilə əlaqədar da ardıcıl işlər aparılır.
Bölgədə tikinti-quruculuq və abadlıq işləri, xüsusən yerli əhəmiyyətli avtomobil yollarının tikintisinin, əsaslı təmirinin, sosialyönümlü layihələrin icrası, məktəblərin, uşaq bağçalarının tikintisi, kənd yaşayış məntəqələrinin qazlaşdırılması və sair istiqamətlərdə layihələrin reallaşdırılması ilə bağlı xeyli tədbirlər görülüb.
Dövlətimizin başçısının Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına 12341 nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun istifadəyə verilməsi sakinlər tərəfindən böyük sevinclə qarşılanıb. Ümumiyyətlə, kürdəmirlilər qazanılan uğurları, həyata keçirilən sosial layihələri dövlətimizin başçısının onlara göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirirlər. Sentyabrın 17-də Prezident İlham Əliyevin Kürdəmirə tarixi səfəri, bir sıra obyektlərin açılışında iştirakı hər kəsdə unudulmaz təəssürat yaradıb. Dövlətimizin başçısı səfər çərçivəsində yeni tikilən 624 şagird yerlik Atakişili kənd tam orta məktəbinin, Bayraq meydanının, YAP Kürdəmir rayon təşkilatı üçün təzə binanın, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 yerlik uşaq bağçası-körpələr evinin, Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun, Ağsu-Kürdəmir-İmişli yolunun Ağsu-Kürdəmir hissəsinin, əsaslı təmir edilən Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edərək sakinlərlə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Əlbəttə, Prezident İlham Əliyevin Kürdəmirə səfərinin Dövlət Proqramında həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin icrasında insanların daha fəal iştirakı üçün mühüm əhəmiyyət kəsb edəcəyi şübhəsizdir. Bu isə bölgənin, nəticə etibarilə Azərbaycanın tərəqqisinə kürdəmirlilərin layiqli töhfəsi olacaq.