Kürdəmirdə taxıl biçininə başlanılıb
Kürdəmir rayonunda taxıl biçini kampaniyasına ciddi hazırlıq işləri görülüb. Hazırda məhsul yığımı arpa zəmilərində aparılır.
Bu mövsümdə rayonda 37773 hektarda məhsul yetişdirilib. Bunun 13408 hektarı buğda, 24365 hektarı isə arpadır. Bir neçə gündür rayonun cənub ərazilərində arpa biçininə başlanılıb. Artıq 2000 hektaradək sahənin məhsulu yığılıb. İlkin nəticələr taxılçıları razı salır. Belə ki, hələlik orta məhsuldarlıq 33-36 sentner təşkil edir. Mütəxəssislər daha yüksək nəticələr əldə olunacağını proqnozlaşdırırlar.
Biçin kampaniyasına 100-dən çox kombayn cəlb olunub. Kömək üçün respublikamızın şimal dağlıq rayonlarından da texnika cəlb edilib.
Rayonun Xırdapay, Atakişili, Köhünlü, Carlı, Mehdili, Ərəbxana və bir sıra digər kəndlərində taxılçılar yaxşı nəticələr əldə edirlər.