Kürdəmirdə “Sosial tərəfdaşların məşğulluq xidmətində rolu” mövzusunda tədbir keçirilib
İyunun 3-də rayonun Heydər Əliyev Mərkəzində Kürdəmir Rayon Məşğulluq Mərkəzi tərəfindən “Sosial tərəfdaşların məşğulluq xidmətində rolu” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması üzrə müavini Ağali Kərimli, Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Xətai Mehralıyev , rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Dəyirmi masada məşğulluq və işsizlik məsələləri, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi, dövlət məşğulluq siyasətinin həyata keçirilməsində sosial tərəfdaşların hüquq və vəzifələri kimi məsələlər diqqətə çatdırılıb.
Qeyd edilib ki, məşğulluq mərkəzi tərəfindən rayon əhalisinin işlə təmin olunmasını, məşğulluq və işsizlik səviyyəsini, məşğul əhalinin iqtisadiyyatın bütün sahələri üzrə bölgüsünü hər zaman diqqət mərkəzində saxlayır.
Tədbirdə işə qəbul, işdən çıxanlar, ştatların ixtisarı, işədüzəltmə, kvota üzrə işədüzəltmə kimi məsələlərə aydınlıq gətirilmiş, bu sahədə işəgötürənlərin vəzifələri barədə geniş məlumat verilmişdir. Həmçinin, işəgötürənlərin məşğulluq mərkəzi ilə sıx tərəfdaşlığının işaxtaranların işlə təmin edilməsində, işəgötürənlərin yüksək ixtisaslı işçi qüvvəsinə tələbatının ödənilməsindəki rolundan söz açılmışdır. Bu məqsədlə hər il rayonda təşkil edilən əmək yarmarkalarının əhəmiyyəti qeyd edilmiş və bu məşğulluq tədbirində hamının fəal iştirak etməsi tövsiyə olunub.
İclasda çıxış edən işəgötürənlərin nümayəndələri günün tələblərinə uyğun kadr hazırlığı məsələlərindən danışaraq qeyd etmişlər ki, bu iş diqqət mərkəzində saxlanılmalı və ixtisaslı işçi qüvvəsinin təkrar hazırlığı məqsədilə məşğulluq mərkəzinin nəzdində peşə kurslarının sayı artırılmalıdır.