"ASAN xidmət" Kürdəmirdə
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") xüsusi avtobusu iyunun 1-dən Kürdəmir şəhərində əhaliyə xidmət göstərməyə başlayacaqdır.
Rayonun 110 mindən çox sakininin "ASAN xidmət"dən yararlanmaq imkanı olacaqdır. Kürdəmir rayonunda xidmət göstərəcək səyyar avtobusun xidmət göstərmə müddəti 15 gün nəzərdə tutulub.
"ASAN xidmət"ə müraciət etmək istəyən şəxslər Kürdəmir şəhərinin mərkəzində (Rayon Təhsil şöbəsinin inzibati binasının qarşısında) quraşdırılmış elektron növbə sistemi vasitəsilə qeydiyyatdan keçib, zəruri sənədləri təqdim edə bilərlər. Xidmət yerindəcə göstərilir. Əgər bu mümkün olmazsa, vətəndaşın sənədləri xidməti həyata keçirən müvafiq dövlət orqanının yerli nümayəndəliyinə göndərilir və müraciət edən şəxs növbəti prosedurlar barədə ətraflı məlumatlandırılır.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.
Kürdəmir rayonunda səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.