“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Kürdəmirə gətirildi
Azərbaycanı qarış-qarış gəzən “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli mayın 27-də Kürdəmirə gətirilib və burada minlərlə sakinin iştirakı ilə qarşılanma mərasimi keçirilib.
Sosial-iqtisadi inkişafının yeni mərhələsini yaşayan Kürdəmirdə ilk Avropa Oyunlarının məşəli böyük coşqu ilə qarşılandı. Şəhərin, eləcə də kəndlərin minlərlə sakini Bakı prospektindəki Heydər Əliyev parkının qarşısında bayramsayağı bəzədilən Oyunların rəmzi qapısında məşəlin qarşılanması mərasimini şən musiqi və sürəkli alqışlarla izlədilər.
Məşəl əməkdar bədən tərbiyəsi və idman xadimi, yunan-Roma güləşi üzrə veteranlar arasında dünya çempionatının yeddiqat bürünc mükafatçısı Əlsahab Əlabbasov tərəfindən qəbul olundu. Sonra 10 nəfər məşəlçinin yürüşünə start verildi. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Bakı və Heydər Əliyev prospektlərindən keçməklə, rayon icra hakimiyyətinin inzibati binasının qarşısındakı meydana gəldilər. Burada quraşdırılan səhnəyə qalxan Uşaq-Gənclər İdman Məktəbinin direktoru, məşqçi-müəllim Samir Şükürov məşəli alovlandırdı. Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.
Mərasimdə birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx göstərildi.
Kürdəmirdə məşəlin qarşılanması mərasiminin yaratdığı bayram təntənəsi yerli incəsənət ustalarının ifasında səsləndirilən şən musiqi proqramı ilə daha da rövnəqləndirildi.
Rayon ağsaqqallar şurasının sədr müavini Ayət Nəsirov təəssüratlarını bölüşərək dedi: “Artıq həyatımın ahıl dövrünü yaşayıram. Çox şadam ki, məşəl sevinci mənə də qismət oldu. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi böyük hadisədir. Bu böyük tədbir, hər şeydən əvvəl Azərbaycanın dünyada sayılıb-seçilən ölkə olduğunu göstərir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gözlərimiz önündə sürətlə inkişaf edir, gözəlləşir. Artıq Azərbaycan regionun ən qüdrətli ölkəsidir. Heç şübhə yoxdur ki, doğma diyarımız hələ çox-çox bu cür beynəlxalq tədbirlərin məkanı olacaq”.
Rayon gənclər və idman idarəsinin rəisi Zaur Həsənov isə sevincini belə ifadə etdi: “Bu gün rayonumuzda böyük bayramdır, həm də idman bayramı. Möhtəşəm beynəlxalq tədbir olan “Bakı-2015” ilk Avropa Oyunlarını Kürdəmir gəncləri də böyük səbirsizliklə gözləyirlər. Müqəddəs Atəşgah məbədində alovlandırılan məşəlin rayonumuza gəlişi hələ çox-çox illər xatirələrdən silinməyəcək. Avropanın müxtəlif ölkələrindən 6000 nəfərdən çox idmançı, ümumilikdə, idmanın 20 növü üzrə yarışlarda iştirak edəcək. Fəxr edirik ki, bu möhtəşəm beynəlxalq tədbir Azərbaycanın ev sahibliyi ilə keçiriləcək. Bu da, əlbəttə, təsadüfi deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə dinamik inkişafının, getdikcə artan beynəlxalq nüfuzunun real nəticəsidir”.