Kürdəmirdə erkən nikah və məişət zorakılığına qarşı mübarizə mövzusunda tədbir keçirilib
Mayın 15-də rayonun Gənclər evində Kürdəmir rayon İcra Hakimiyyəti Qadın Problemlərinin Tədqiqatları İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Azərbaycanın regionlarında erkən nikah və məişət zorakılığına qarşı mübarizədə ictimai təşəbbüslərin gücləndirilməsi” layihəsi çərcivəsində tədbir keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli, Qadın Problemlərinin Tədqiqatları İctimai Birliyinin sədri Sevil Allahverdiyeva, Qadın Problemlərinin Tədqiqatları İctimai Birliyinin əməkdaşı Rafiq Təhməzov, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli bildirdi ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın "Qadına qarşı zorakılığa haqq qazandırmaq üçün adət-ənənə və mentalitetdən istifadə etmək əxlaq qaydalarına ziddir" sözləri belə düşüncəyə malik olan insanlara birmənalı cavabdır: “Bu ciddi problemin qarşısının alınması və profilaktikası dövlət başçımızın və hökumətin diqqət mərkəzindədir. Bununla əlaqədar, Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “İyirmi birinci əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” birgə layihəsi bu məsələnin həllinə yönəlib. Bu çox mühüm məsələnin qanunvericilikdə tənzimlənməsi üçün Mehriban Əliyevanın millət vəkili kimi təşəbbüsü ilə Milli Məclisdə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edilib və bu qanun ölkə prezidenti tərəfindən imzalanıb. Dövlətin erkən nikah və məişət zorakılığı ilə mübarizə tədbirlərinin ilk müsbət nəticələri artıq özünü göstərir.
Tədbirdə Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyinin sədri Sevil Allahverdiyeva çıxış edərək təşkilatın fəaliyyətində gender bərabərliyi, qadınların ictimai proseslərdə iştirakı, məhbus qadınların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı.Ekspert Rafiq Təhməzov Qadınlara qarşı zorakılığın qarşısının alınması və qadınların kişilərlə bərabər hüquqlarla təmin olunması kimi aktual məsələlərdən danışdı.
Sonra mövzu ətrafında geniş müzakirələr aparıldı.