Kürdəmirdə Gül bayramı
Mayın 7-də rayonun Heydər Əliyev Parkında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Gül bayramı keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə ,müəssisə və təşkilatların rəhbərləri , pedaqoji kollektivlər, mədəniyyət və səhiyyə işçiləri, ümumtəhsil məktəblərinin şagirdləri , rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bayram iştirakçılarını salamladı,onları bu əlamətdar gün münasibətilə təbrik etdi və dahi rəhbər,Ümummilli lider Heydər Əliyev ideyalarının həyata keçirilməsi yolunda onlara uğurlar arzuladı.
Bu ilki Gül bayramı regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar Kürdəmirdə aparılan quruculuq və abadlıq işlərinin fonunda daha əzəmətli, daha cazibədar olmuşdur.
Bayram iştirakçıları Heydər Əliyev parkının ayrı-ayrı guşələrində, həmçinin gəzinti səkilərinin ətraflarında təşkil olunmuş sərgilərə və fotostendlərə böyük maraqla tamaşa etmişlər. Məktəblilərin əli ilə gül-çiçəkdən yaradılmış kompozisiyalar və eksponatlar, dahi rəhbərin həyat və fəaliyyətinə, dövlətçiliyimizin inkişafına və möhkəmləndirilməsinə, sülh və əmin-amanlıq arzularının həyata keçirilməsinə həsr olunmuş uşaq rəsmləri xüsusilə diqqəti cəlb etmişdir.
Ulu Öndərin və onun layiqli davamçısı Prezident İlham Əliyevin, eləcə də Azərbaycan Respublikası xəritəsinin, dövlət bayrağımızın, digər dövlətçilik rəmzlərinin, ölkəmizdə mövcud olan gözəl mənzərələrin əlvan gül-çiçəklə bəzədilmiş görüntüləri böyük maraqla qarşılanmışdır.
Milli geyimdə olan oğlanların və qızların mahnı oxuyub rəqs etmələri ,xalqımızın qədimliyini, gözəl adət-ənənələrini, maddi və mənəvi dəyərlərini əks etdirən qədim əşyaların və əl işlərinin təqdimatı da bayram iştirakçılarında xoş əhval-ruhiyyə oyatmışdır.
Gül bayramında bağça uşaqları və məktəblilər Ulu Öndərə və Prezident İlham Əliyevə həsr olunmuş şeirləri və mahnıları səsləndirməklə onlara öz hörmət və ehtiramlarını bir daha nümayiş etdirmişlər.
Bayram gəzintiləri əvvəldən axıradək şən və oynaq musiqi sədaları, vətənpərvərlik mahnıları ilə müşayiət olunmuşdur.