Kürdəmirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər davam edir
Mayın 5-də rayonun Heydər Əliyev Mərkəzində Kürdəmir rayon İcra Hakimiyyəti YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Heydər Əliyev məktəbi dövlətçilik, idarəçilik məktəbidir” mövzusunda elmi-praktik konfransı keçirilib.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin adını daşıyan parka gələrək Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri düzmüşlər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində öz işinə başlamışdır.
Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin sədri Daşqın Rüstəmov bütün varlığı ilə Azərbaycana və azərbaycançılığa xidmət edən dahi rəhbərimiz – dövlətçilik tariximizə xilaskar kimi daxil olmuş və respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə bu missiyanı çox böyük uğurla yerinə yetirmiş Ulu Öndərimiz Heydər Əliyevin keçdiyi həyat yolundan danışmışdır. O, vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ərzində, həmişə xalqımızın milli maraqlarını dəqiq müəyyən etmiş, ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrlə yanaşı gənclərlə aparılan işi daim önə çəkmişdir. Natiq qeyd etmişdir ki, Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi qayğı bu gün ölkə rəhbəri, partiyamızın sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxışçılardan YAP rayon təşkilatının baş təlimatçısı, rayon təşkilatının şura üzvü Məhəmməd Heydərli, şəhər 2 saylı tam orta məktəbin müəllimi, Gənclər Birliyinin şura üzvü Leyla Abdurahmanova, rayon təşkilatının gənclərlə iş üzrə təlimatçısı, Gənclər Birliyinin idarə heyəti üzvü Raqif Məmmədov Ulu Öndər Heydər Əliyevin cəmiyyət və dövlət quruculuğu prosesində gənclərlə iş sahəsinə xüsusi diqqət yetirməsindən, Azərbaycan gənclərinin müstəqil dövlətimizin tərəqqisi naminə təşkilatlanmasından, təhsilə olan qayğısından danışmışlar. Natiqlər bu gün ölkə rəhbəri cənab İlham Əliyevin bu siyasəti çox böyük uğurla davam etdirməsinin müstəqil və müasir Azərbaycanın işıqlı gələcəyinin qarantına çevrilməsinə səbəb olduğunu vurğulamışlar. Onlar gənclərimizin bu sabitlikdən, əmin-amanlıqdan bəhrələnərək ölkəmizin uğurlu gələcəyi naminə çalışacaqlarını qeyd etmişlər.
Sonda Ağali Kərimli tədbir iştirakçılarını və onların simasında rayonun bütün gənclərini Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təbrik edərək , qeyd etmişdir ki, müasir tariximizin hər bir sətri Ümummilli Liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır.Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz bütün nailiyyətlər Heydər Əliyev dühasının, ideyalarının nəticəsi və təntənəsidir. Bu il iyun ayında ölkəmizin Bakı - 2015 dünyanın ilk Avropa Oyunları kimi böyük ölçülü və iri həcmli bir tədbirə ev sahibliyi etməsi qürurverici və fəxarət doğuran böyük tarixi hadisə olmaqla əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin parlaq təcəssümüdür. Ömrünü xalqının firavan yaşamasına həsr etmiş , dünya miqyasında tanınan və hörmətlə yad edilən Ümummilli Liderimiz Heydər Əliyev xalqımızın yaddaşında əbədi olaraq yaşayır və yaşayacaqdır.