Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
Mayın 4-də rayonun Heydər Əliyev Mərkəzində Kürdəmir rayon İcra Hakimiyyəti YAP Kürdəmir rayon təşkilatı Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və milli -mənəvi dəyərlərimiz” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin adını daşıyan parka gələrək Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri düzmüşlər.
Tədbir Heydər Əliyev Mərkəzinin dəyirmi masa zalında öz işinə başlamışdır.
Tədbiri giriş sözü ilə YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Hacıyeva açdı və məruzə ilə çıxış etmişdir. Sevda Hacıyeva məruzəsində qeyd etmişdir ki, Azərbaycan dövləti qədim olmaqla çox keşməkeşli və mübarizələrlə dolu tarixi yol keçərək bu günümüzə gəlib çıxmışdır. Tarixin hansı dönəmi olursa - olsun həmişə bu sınaqlardan xalqımız şərəf və ləyaqətlə çıxmışdır. Azərbaycan xalqının böyük dövlətçilik ənənəsi, zəngin mədəniyyəti, milli-mənəvi, əxlaqi dəyərləri var. Azərbaycan xalqı soykökünə söykənə bilən xalq olmaqla onun tarixi mədəniyyəti, dastanları, nağılları, laylaları, dillərdə dolaşan mahnıları olan bir xalqdır.Bunları nəsildən –nəsilə, əsrdən-əsrə keçirən ləyaqətli,ismətli analarımız və mərd ərənlərimiz olmuşlar. Heydər Əliyev Allahın Azərbaycana böyük töhfəsi və xalqının xilaskarıdır.Sonra Sevda Hacıyeva məruzəsində Ulu Öndərin Azərbaycan qadınlarına hər iki hakimiyyəti dövründə qayğısından danışdı.
Məruzə ətrafında YAP Kürdəmir rayon təşkilatının idarə heyəti üzvü, şəhər 6 saylı tam orta məktəbin direktoru Elmira Şıxəliyeva, Şəhər Kitabxanasının müdiri Xatirə Soltanova, Heydər Əliyev Mərkəzinin ekskursiyaçısı Aynurə Mehdizadə çıxışlarında Ulu Öndər Heydər Əliyev haqqında, onun həyatı və siyasi fəaliyyəti, haqqında danışmış, Azərbaycan qadınlarının qəlbində öz əbədi heykəlini qurmuş bu nəcib və alicənab insanın danılmaz xidmətlərindən söhbət açmışlar.
Sonra rayon İcra Hakimiyyətinin Başçısının müavini Vəsilə Əsgərli vurğulayır ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Bu günlər biz bu əvəzolunmaz insanın – dahi şəxsiyyətin anadan olmasının 92-ci ildönümünü qeyd edirik. Bir daha ötən dövrlərə nəzər salarkən Heydər Əliyev fenomeninin, böyüklüyünün, onun Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərinin dəyərini daha dərindən dərk etməyə başlayırıq. Natiq bildirmişdir ki, hal-hazırda Azərbaycan qadını ölkəmizin ictimai həyatında fəal iştirak etməklə hətta onu müxtəlif xarici qurumlarda belə təmsil edir.Bu şəraitə, bu inkişafa, Azərbaycan qadınının xəyal olan bu firavan həyatına görə Ulu Öndər siyasətinə və ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarıq.
Sonda YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli dəyirmi masa iştirakçılarını və onların simasında bütun rayon sakinlərini əlamətdar gün – dahi şəxsiyyət Azərbaycan xalqının Umummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təbrik edərək bildirir ki, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusudur, Azərbaycan xalqının son min illik tarixi ərzində yetirdiyi ən böyük tarixi şəxsiyyətlərdən biridir. Azərbaycanın bugünkü və gələcək nəsillərinin Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu onun qurub-yaratdığı müasir Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət göstərməkdir. Bu gün xalqımız Ümummilli Lider Heydər Əliyevin siyasi varisi¬¬ – müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, ernerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.