Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Liderin siyasi fəaliyyəti ilə bağlı dərslər davam etdirilir

04 fevral 2015 | 16:00

Kürdəmir rayonunun Heydər Əliyev Mərkəzində Ümummilli Liderimizin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün açıq dərslər davam edir.

Fevralın 3-də tədris olunan növbəti açıq dərsdə Karrar kənd tam orta məktəbinin 29 nəfər yuxarı sinif şagirdi iştirak edib.

Peşəkarlığı, elmi-nəzəri, metodik hazırlığı ilə fərqlənən tarix müəllimi Əhsən Xankişiyev “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda növbəti açıq dərsi şagirdlərlə canlı ünsiyyət şəraitində tədris edib. Dərs prosesində Azərbaycanda dövlət müstəqilliyinin bərpasının XX əsrdə qazandığımız ən böyük nailiyyət olduğu diqqətə çatdırılıb və bu sahədə Ümummilli Liderimizin gərgin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisələrinin ertəsi günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində keçirdiyi mətbuat konfransında yanvarın 19-dan 20-nə keçən gecə xalqımıza qarşı törədilən qanlı faciəyə siyasi qiymət verməsi və həmin il noyabrın 17-də Naxçıvan parlamentinin sessiyasında Ümummilli Liderimizin qətiyyəti və siyasi iradəsi sayəsində Naxçıvanın adından “Sovet Sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi elan edilməsi və bu barədə Azərbaycan Ali Soveti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırması ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının başlanğıcı və əsasının qoyulması barədə ətraflı məlumatlar şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

Tədris prosesində vurğulanıb ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul edib. Bununla belə, ayrı-ayrı siyasi qruplar arasında hakimiyyət uğrunda mübarizə ictimai-siyasi vəziyyəti gərginləşdirir, ölkəni vətəndaş müharibəsi ilə üz-üzə qoyurdu. Dağlıq Qarabağda erməni təcavüzü güclənir, torpaqlarımız işğal edilirdi.

Bildirilib ki, nəhayət, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya gəlişi, iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkəmizi böyük bəlalardan xilas etdi. Məhz Ulu Öndərin gərgin fəaliyyəti nəticəsində ölkədə vətəndaş müharibəsi və separatçı meyillərin qarşısı alındı, siyasi sabitlik yarandı .

Açıq dərsdə məlumat verilib ki, bu gün Azərbaycan Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən qüdrətli dövlətinə çevrilib, dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına çıxıb.

Bütün bunlar barədə ətraflı məlumat və şərhlər məktəblilər tərəfindən böyük maraqla qarşılanıb.

Dərs prosesində şagirdləri maraqlandıran suallara ətraflı cavab verilib.

Keçidlər