KÜRDƏMİRƏ XOŞ GƏLMİSİNİZ!
Belə bir el deyimi var: «Xoş gəlmisən xoş gündə olar…». Əvvəlki vaxtlara nisbətən indi kürdəmirlilər «Kürdəmirə xoş gəlmisiniz!» sözlərini fəxrlə, qürurla, ürək dolusu deyə bilirlər. Abadlıq və yenidənqurma baxımından indi Kürdəmirdə əsaslı dəyişikliklər diqqəti cəlb etməkdədir. Respublika Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirildiyi Kürdəmirin də timsalında aydın görünməkdədir. Ötən ilin aprel ayında Kürdəmirə yeni icra başçısının təyin olunması rayonda sosial-iqtisadi həyatın kompleks şəkildə inkişaf etdirilməsinin bir növ başlanğıcı oldu və sabahkı uğurlara böyük inam yaratdı. İlk gündən həyata keçirilən kompleks tədbirlər sayəsində tikinti və abadlıq işləri böyük sürətlə start götürdü.
İlk gündən göstərilən tələbkarlıq kadrlarda, mütəxəssislərdə işgüzarlığın və məsuliyyət hissinin artmasına, bütün fəaliyyətin mövcud vəziyyətə uyğunlaş¬dı¬rılmasına səbəb oldu. İnsanlarda belə bir inam yaradıldı ki, fədakarlıq göstərməklə uğurlara, irəliləyişlərə, qurub-yaratmağa nail olmaq mümkündür. Bütün bunlar rayon icra hakimiyyəti başçısının qısa müddətdə rayonda yaratdığı işgüzarlıq ab-havası üzərində kökləndi.
Bütün bunların fonunda biz bu gün rayondakı inkişafdan, qısa müddətdə əldə edilmiş nəticələrdən, gələcək üçün nəzərdə tutulmuş layihələrdən inamla, fəxrlə söhbət aça bilərik.
Elə buradaca bəzi faktlara diqqət yetirmək istərdik. Ceyhun Cəfərovun rayon icra hakimiyyətinin başçısı təyin edildiyi ilk günlərdən onun götürdüyü prinsipial xətt Kürdəmirdə tikinti-quruculuq işlərini gündəlik tələbata çevirdi. Son vaxtlar həm də qısa müddət ərzində Kürdəmirin simasında baş vermiş çox mühüm dəyişikliklər dediklərimizə əyani sübutdur. Belə ki, şəhərin küçə və meydanlarının, prospektlərinin yenidən tikilib qurulması, abadlıq işlərinin geniş miqyasda aparılması üçün müasir tipli layihələr hazırlandı. Fəvvarələrin, irihəcmli dekorativ elementlərin və digər memarlıq üslublarının həyata keçirilməsi üçün sifarişlər verildi. Kürdəmir şəhərinin Heydər Əliyev və «Bakı» prospektlərində yeni istinad divarları çəkilərək mozaik naxışlarla və ornamentlərlə üzlənmiş, hər iki prospektdə işıq dirəkləri yenisi ilə əvəz olunmuşdur. Şəhərin digər ərazilərində yaşıllıq zolaqlarının salınması, şəhərə giriş yollarının genişləndirilməsi üçün müvafiq işlər görülmüşdür.
Heydər Əliyev prospektindəki «Heydər bulağı» və onun ətrafındakı ərazidə kompleks abadlıq işlərinə başlanmışdır. Bütün həyət darvazaları eyni standarta cavab verən mozaik naxışlarla, müvafiq ornamentlərlə bəzədilib. Eyni zamanda zəruri yerlərdə belə darvazalar qoyulub. Şəhərə giriş alaqapılarının orijinal şəkildə yenidən qurulması işləri başa çatmaq üzrədir.
Bakı-Qazax avtomagistralının Kürdəmir rayonu ərazisindən keçən hissəsində də görüləcək tikinti-abadlıq işlərinin həcmi və memarlıq imkanları müəyyənləşdirilməklə, həmin ərazidə quruculuq işlərinə başlanmışdır.
Şəhər qəbiristanlığının ətrafına 540 metrlik hasar çəkilmiş, Şəhidlər xiyabanında «Qəhrəmanlıq abidəsi» ucaldılmışdır.
Kürdəmirdə diqqəti daha çox cəlb edən tikintilərdən biri də Bayraq meydanıdır. Bu meydan rayon mərkəzinin şərq hissəsində, Bakı-Ələt-Gürcüstan sərhədi magistralının üstündə tikilir. Ərazisi 5 hektara yaxın olacaq Bayraq meydanında iki fəvvarə, açıq havada konsertlərin təşkili üçün yay səhnəsi, digər istirahət guşələri yaradılacaqdır. Ərazinin 2 hekarı tikililər üçün nəzərdə tutulmuşdur. Tikintisinə 2014-cü ilin may ayında başlanan meydanda 62 metr hündürlükdə bayraq dirəyi ucaldılacaqdır.
Bayraq meydanı həm də böyük park funksiyasını yerinə yetirəcək. Diqqəti ən çox çəkən məqamlardan biri də budur ki, Bayraq meydanı üzərində baxış meydançası və 400 nəfərlik yay amfiteatrı quraşdırılacaqdır. Hazırda Bayrağın ucaldılacağı ərazidə təməlqoyma, beton örtüyünün hazırlanması işləri aparılır.
Bayraq meydanının yol qovşaqlarının kəsişməsində tikilməsi insanların diqqətini daha çox cəlb edə biləcək, insanların səmərəli istirahətinin, eləcə də buraya turist səfərlərinin təşkilinə geniş imkan verəcəkdir. İşlərin bu ilin may ayınadək başa çatacağı gözlənilir.
Kürdəmir şəhərindəki yeniliklərdən biri də budur ki, şəhərin Heydər Əliyev prospektində Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı üçün müasir standartlara cavab verən və ümumi sahəsi 700 kvadratmetr olan ikimərtəbəli bina inşa edilir.
Kürdəmir şəhərinin mərkəzindəki Qələbə parkında və burada yerləşən rayon Tarix və Diyarşünaslıq Muzeyində əsaslı yenidənqurma işləri aparılır. Parkda işıqlandırma sistemi ilə tam təchiz olunmuş müasir fəvvarə inşa edilmişdir.
Heydər Əliyev prospektində istinad hasarları keramik plitələrlə üzlənmiş, «Bakı» prospektində piyada səkiləri düzəldilmiş, M.F.Axundov, Şəhriyar, Cəfər Cabbarlı, Alı Mustafayev, Gülbuta Orucova, Üzeyir Hacıbəyov, Səməd Vurğun və Vaqif küçələrinə asfalt döşənmişdir.
Şəhərin Heydər Əliyev və «Bakı» prospektlərində, Babək, M.P.Vaqif, X.İslamzadə, Aşıq Əhməd, Gülbuta Orucova, M.Füzuli, Ə.Vahid, Xətai və M.F.Axundov küçələrində, «Heydər parkı»nda, «Bayraq meydanı»nda və «Şəhidlər xiyabanı»nda xeyli abadlıq və yenidənqurma işləri görülmüşdür. «Bakı» prospektində yeni layihəyə əsasən 2.472 metr məsafədə dekorativ hasar tikilmiş, hasarın üzərində aqlay və keramik plitələrlə üzləmə işi aparılmışdır.
Şəhərdə 129 ədəd 2 plafonlu, 10 ədəd 5 plafonlu işıq dirəkləri, 16 ədəd projektor quraşdırılmış, 2 mərtəbəli, 16 mənzilli yaşayış binasının dam örtüyü və binanın fasad hissəsi yenidən quraşdırılmışdır. Şəhər ərazisində 310 sahibkar obyekti klassik üslubda aqlay materialı ilə üzlənmiş və beləliklə həmin obyektlər memarlıq tələblərinə uyğunlaşdırılmışdır. Hündürlüyü 7 metr olan rayona giriş monumentinin tikintisi başa çatdırılmışdır.
Heydər Əliyev və «Bakı» prospektlərinin kəsişməsində olan «dörd yol» dairəsi yenidən bərpa edilmiş, xüsusi işıqlanma effektinə malik müasir və süjetli monument ucaldılmışdır. Dairənin kənarında inşa edilmiş və Azərbaycan tarixinin detallarından birini əks etdirən saatlı divar-lövhə tikilmişdir.
Kürdəmir rayonunda Heydər Əliyev fondunun təşəbbüsü ilə 100 yerlik uşaq bağçası tikilir. Ötən ilin mayında inşasına başlanan binanın tikintisi artıq başa çatmaq üzrədir. Dörd qrupdan idarət olacaq bağçada müasir standartlara uyğun bütün infrastruktur şəraiti yaradılacaqdır. O cümlədən bina su və istilik sistemləri ilə təmin ediləcəkdir. Bağça ikimərtəbəli olmaqla 250 kvadratmetr ərazidə inşa edilir. Bağçanın həyətində uşaqların istirahəti və əyləncəsi üsün mini-park yaradılacaq. Qeyd edək ki, hazırda rayonda 11 uşaq bağçası var. Onlardan 9-u rayon mərkəzində, qalan 2-si isə kənddə fəaliyyət göstərir.
Bütün bu yuxarıda deyilənlər görülən böyük işlərin yalnız bir hissəsidir. Uğurlu işlər davam etdirilir.
Şəhərdə tikinti və abadlıq işlərini genişləndirmək məqsədilə yeni layihələr hazırlanmışdır. Yeni layihələrə uyğun olaraq İpək yolundan Kürdəmir şəhərinə qədər olan 6 kilometrlik yolun kənarlarının bəzədilməsi təmin ediləcək və müasir suvarma sistemlərinin köməyi ilə həmin məsafə boyunca yaşıllıqlar salınacaqdır.
Yeni layihəyə uyğun olaraq şəhərdə yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün Gənclər Mərkəzinin tikintisi nəzərdə tutulmuşdur. Mərkəz Heydər Əliyev guşəsi, konfrans zalı, Boulinq oyunu zalı, karaoke-diskoteka zalı, fotostudiya, intellektual oyunların keçirilməsi üçün zal, 3D kinozalı, gənclər kafesi, internet-kafe, tir atıcılığı salonu, sərgi salonu, inzibati otaqlar və iş otaqları ilə təchitz olunacaşdır.
Layihəyə əsasən Kürdəmir şəhərindəki avtovağzalın əsaslı surətdə yenidən qurulması nəzərdə tutulmuşdur.
Bəli, bu gün Kürdəmir şəhəri əsl tikinti və quruculuq meydançasını xatırladır. Hazırda şəhərdə əsaslı kanalizasiya xəttinin çəkilişi davam etdirilir.