Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

16 yanvar 2015 | 16:00

Yanvarın 16-da Kürdəmir rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının Qadınlar Şurasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar rayon qadınlarının  tədbiri  keçirilib. 
       YAP Kürdəmir rayon təşkilatında  keçirilən tədbirdə  YAP rayon təşkilatının Qadınlar Şurasının üzvləri, rayon ictimaiyyətinin nümayəndələri,  gənclər iştirak ediblər.
         Tədbiri   giriş sözü ilə YAP Kürdəmir rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Hacıyeva açaraq  bildirib ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda baş verən qanlı 20 Yanvar faciəsi hələ də yaddaşlardan silinməyib.Bu tarixi faciə neçə illərdir ki, kütləvi formada yad edilir.Hər il şəhidlər xiyabanına kütləvi axın bir daha sübut edir ki, 20 Yanvar faciəsinin qurbanları Azərbaycanın müstəqilliyi uğrunda özlərini fəda edən şəxslər olduğu üçün heç vaxt yaddaşlardan silinməyəcək.  Çünki 20 Yanvar faciəsi hər bir azərbaycanlının yaddaşındadır.   20 Yanvar hadisələri xalqımızın 1988-ci ildə başlanan milli azadlıq hərəkatının kuliminasiya nöqtəsi idi. M.Qorbaçov Bakıya qoşun yeritməklə Azərbaycanda genişlənən milli azadlıq hərəkatını boğmaq, insanlara divan tutmaqla digər xalqlara da dərs vermək məqsədini güdürdü.
     1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün  hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.   20 Yanvar hadisəsi xalqımızın iradəsini qıra bilmədi. Əksinə, bu qanlı faciə onun müstəqil milli dövlət qurmaq arzusunu daha da gücləndirdi və bu müqəddəs yolda daha da inamla addımladı.
      20 Yanvar hadisələrinin mühüm nəticələrindən biri də o idi ki, bu hadisə sovet imperiyasının dağılmasında ciddi rol oynadı.Ulu Öndər Heydər Əliyev yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, M.Qorbaçovun cinayətkar olduğunu dünyaya bəyan etdi.Sübut elədi ki, xalq sahibsiz deyil, Heydər Əliyev kimi rəhbəri var. Rəhbər nəyə qadir olduğunu 20 Yanvarda sübut  etdi.
        Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi böyük Öndərimizin yolunu inamla  davam etdirir.
       Tədbirdə  çıxış edən rayon təşkilatının idarə heyəti üzvü, şəhər 5 saylı uşaq bağçası və körpələr evinin müdiri  Elmira Şıxəliyeva, rayon təşkilatının şura üzvü, Uşaq-İncəsənət məktəbinin direktoru  Qəndaf  Zülfüqarova, rayon təşkilatı Qadınlar Şurasının üzvü Mollakənd kənd  tam orta məktəbinin direktoru Təranə Qasımova  vuğulayıblar  ki,  Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş  20 Yanvar  hadisələri  çökməkdə olan olan sovet imperiyasının son gücünü toplayaraq azadlıq və istiqlaliyyət uğrunda mübarizəyə qalxan xalqımızı fiziki və mənəvi təcavüzə məruz qoyduğu gündür.O müdhiş gecədə ağır hərbi texnika cox asanlıqla barrikadaları dağıtdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış gunahsız adamların – qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər.
        Başı çox bəlalar görmüş Azərbaycan zaman-zaman düçar olduğu haqsızlıqlardan məhz fədakar övladlarının, qəhrəman oğul və qızlarının şücaəti sayəsində qalib çıxıb.Bu dəfə də belə oldu.Sinəsinə min bir dağ çəkilsə də üzləşdiyi bütün yaramazlıqların əhatəsindən sıyrılaraq, öz ləyaqətini, qürurunu saxlaya bildi.

         Sonda Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli çıxış edərək bildirib  ki, 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir . Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin, vətən övladlarımızın, cəsur  oğul və qızlarımızın qəhrəmanlıq mübarizələrini  yüksək qiymətləndirir. Qəhrəmanlar ölmürlər , onlar əbədi olaraq qədirbilən xalqımızın yaddaşında daim yaşayacaqdırlar.
 

Keçidlər