Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirilib
Dekabrın 9-da rayonun Heydər Əliyev Mərkəzində Kürdəmir rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının təşkilatçilığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyev və Azərbaycan Qadını” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli, YAP rayon təşkilatının Qadınlar Şurasının üzvləri və rayonun fəal ictimaiyyətçi qadınları iştirak etmişlər.
Tədbirdən əvvəl tədbir iştirakçıları Heydər Əliyev parkında ucaldılmış Ulu Öndərin abidəsini ziyarət etmiş, abidənin önünə əklil və gül dəstələri qoymuşlar.
Sonra dəyirmi masa Heydər Əliyev mərkəzində öz işinə başladı. Tədbir iştirakçıları əvvəlcə dahi şəxsiyyət, Ulu Öndərimiz Heydər Əliyevin nurlu və əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli açıb. O, bildirib ki, dekabrın 12-də müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından 11 il ötür.Tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə ərmağan etdi. Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır. Bütün varlığı ilə Azərbaycana və azərbaycançılığın inkişafına xidmət edən dahi rəhbərimiz əbədiyyətə qovuşmağı ilə də xalqımızı birləşdirdi.
Vəsilə Əsgərli qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan qadınlarının həyatında inqilabi bir dövr idi. 1969-cu ildən sonra Azərbaycan qadınları yeni bir tarixi dövrə qədəm qoydular.İctimai həyatın bütün sahələrində Ulu Öndərin göstərişi ilə qadınların savadlanması, icimai həyatda fəallığı, xüsusilə işləyən qadınların iş şəraitinin yaxşılaşdırılması, onların əməyinə yüksək qiymət verilməsi, İttifaqın bütün respublikalarında qızların oğlanlarla bərabər təhsil alması Azərbaycan qadınının bugünkü inkişafının təməlini qoydu.
Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi və tarixi zərurətdən doğan qayıdışı ilə yenə də Azərbaycan qadınlarını müharibənin törətdiyi dəhşətlərdən, aclıq və səfalətdən xilas etdi.Ulu Öndər xilaskar missiyası ilə Azərbaycan qadınlarının milli-mənəvi və əxlaqi dəyərlərini, analıq şərəfini özünə qaytardı və Azərbaycan qadınına bu qloballaşan dünyamızda özünü təsdiq etmək və imkanlarını inkişaf etdirmək reallığı verdi.
Bu gün Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda geniş quruculuq işləri gedir, regionlar o cümlədən rayonumuz sürətlə inkişaf edir, abadlaşır.
Dəyirmi masada Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının Qadınlar Şurasının sədri Sevda Hacıyeva, Şəhər 5 saylı uşaq bağçası və körpələr evinin müdiri Elmira Şıxəliyeva , Uşaq-İncəsənət məktəbinin direktoru Qəndaf Zülfüqarova çıxış ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, müstəqil Azərbaycan quruculuğu yolundakı şərəfli mübarizəsi, bütün dünya tərəfindən qəbul edilən böyük siyasətçi və liderlik titulları barədə geniş fikirlər söyləyiblər. Natiqlər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə Azərbaycan qadınlarının ictimai fəallığının artdığını, elmdə, təhsildə, səhiyyədə, mədəniyyətdə , iqtisadiyyatda, kənd təsərrüfatında qadınların böyük uğurlara imza atdıqlarını qeyd ediblər.Onu da vurğulayıblar ki, bütün bu uğurların, icimai fəallığın arxasında Heydər Əliyev qayğısı, Azərbaycan dövlətinə məhəbbət və Azərbaycan qadınına hörmət və qayğıkeşlik dayanırdı.
Sonra dəyirmi masa iştirakçıları Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı çəkilmiş sənədli filmə tamaşa ediblər.