“Yaşlı nəslin təcrübəsindən faydalanaq”
Dekabrın 1-də rayonun Gənclər evində Kürdəmir Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə əhalinin , xüsusilə gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi məqsədilə “Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı dəyirmi masa keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının İctimai-siaysi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva,YAP Kürdəmir rayon təşkilatının qadınlar şurasının üzvləri, ziyalılar , fəal gənclər və digər qonaqlar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli açaraq bildirmişdir ki, Azərbaycanda tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafında mühüm rol oynamışdır. Müstəqil Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Bu gerçəkliyi daim nəzərə alan Ulu Öndər Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmiş, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir
Tədbirdə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva çıxış edərək qeyd etmişdir ki, qloballaşan dünyada ən aktiv və bariz məqamlardan biri sosial mənəvi mühitin saflığının təmin olunması məsələsidir: “Qarşımızda duran əsas məsələ gənclərdə özünü müdafiə, sosial instinktin formalaşmasıdır ki, bu istiqamətdə də alimlərimizin, ziyalılarımızın, ağsaqallarımızın, ağbirçəklərimizin üzərinə böyük məsuliyyət düşür”. Layihənin də yaşlı nəsil ilə gənc nəsil arasında dialoq funksiyası daşıdığını bildirərək yaşlı nəsil xalqın ən yaxşı adət ənənələrinin saxlayıcısı, daşıyıcısı və gələcək nəslə ötürücüsü olduğunu vurğulamışdır.
Daha sonra tədbir iştirakçıları mövzu ətrafında müzakirələr apararaq öz fikir və təkliflərini səsləndirmişlər.