Kürdəmirdə Müstəqillik Günü qeyd olundu
Oktyabrın 17-də rayonun Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 23-cü ildönümü münasibətilə “18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür”mövzusunda ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdən əvvəl rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.
Tədbirdə “Müstəqil Azərbaycan Respublikasının yaradılmasının tarixi ilkin şərtləri” mövzusunda Xırdapay kənd tam orta məktəbinin direktoru İnqilab Rəsulov, “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuryyətinin varisidir” mövzusunda E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbinin direktoru Xidmət Əhmədov, “Müstəqil Azərbaycan Respublikası 1991-1993-cü illərdə” mövzusunda Topalhəsənli kənd tam orta məktəbinin tarix müəllimi Ceyhun Fətəliyev, “Müstəqil Azərbaycanın 23 il ərzində keçdiyi tarixi yol” mövzusunda rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev, “Ulu Öndərimizin – Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı və dövlətçiliyimizin möhkəmləndirilməsi” mövzusunda şəhər 3 saylı tam orta məktəbin tarix müəllimi Zəkiyyə Əzizova məruzələrlə çıxış edərək Ümummilli Liderin dövlətimiz və dövlətçiliyimiz, həmçinin xalqımız üçün qurub yaratdığı müasir Azərbaycanın parlaq uğurlarından danışmışlar.
Yekunda rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bu əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, xoş arzularını çatdırmışdır. O,öz çıxışında bildirmişdir ki, əsası Ulu Öndər tərəfindən qoyulan Azərbaycanın müasir dövlətçilik təməli hal-hazırda uğurla inkişaf etdirilir, möhkəmləndirilir. Artıq Azərbaycan dövləti regionun istər iqtisadi, istər siyasi və hərbi cəhətdən qüdrətli bir dövlətinə çevrilmişdir. Azərbaycanda siyasi sabitliyə nail olmaq, daxili çəkişmələrin aradan qaldırılmasında Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmətləri olduğu danılmazdır. Ulu öndər müstəqil dövlətimizin dünya ölkələri ilə diplomatik əlaqələr saxlamasına, regionda sülhün və təhlükəsizliyin yaradılmasına, qonşu Ermənistanın artmaqda olan təcavüzkar siyasətinin iç üzünü açaraq dünya ölkələrinə tanıdılmasına səy etməsi və buna nail olması artıq tarixi bir reallıqdır. Qonşu ölkələrlə, o cümlədən dünya ölkələri ilə balanslaşdırılmış siyasət aparılması, daxili potensial gücdən istifadə edərək hər cür təcavüzkar niyyətlərin həyata keçməməsi üçün kollektiv təhlükəsizlik və əməkdaşlıq haqqında müqavilələr imzalanmışdır.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin prinsipial və ardıcıl xarici siyasəti Azərbaycan dövlətçiliyinin qorunmasında müstəsna əhəmiyyət kəsb edir. Dövlət idarəçiliyi sisteminə müasirlik çalarları gətirmiş Cənab İlham Əliyev hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini sosial-iqtisadi sahədə qazanılan nəaliyyətlərin mühüm şərti hesab etməklə yanaşı son illərdə Azərbaycanın davamlı, dönməz inkişaf yoluna çevrilmiş demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesinin keyfiyyətcə yeni mərhələsi kimi dəyərləndirilir. Müstəqil Azərbaycan siyasi-iqtisadi həyatın bütün sahələrində müvəffəqiyyətlə irəliləyir, gələcəkdə də daha möhkəm addımlarla irəliləyəcəkdir.