“ASAN xidmət” Kürdəmirdə “Cənubi Qafqaz boru kəmərlərinin genişləndirilməsi” layihəsinin icrasına başlayır
Sentyabrın 25-dən Kürdəmir rayonunda Azərbaycan Respublikası Prezidentinin “Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar torpaq sahələri və digər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi prosesinin daha səmərəli təşkili ilə bağlı tədbirlər haqqında” 2014-cü il 10 sentyabr tarixli Fərmanından irəli gələn məsələlərin icrasına başlanılıb.
Azərbaycan təbii qazının dünya bazarına nəqli ilə əlaqədar “Cənub” qaz dəhlizinin fəaliyyətinin təmin edilməsi, habelə Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsinin yerinə yetirilməsi zamanı müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair mülkiyyət, istifadə və icarə hüquqlarının əldə edilməsi prosesi ilə bağlı bir sıra xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinin təşkili məqsədilə “ASAN xidmət”in müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobusları vasitəsi ilə sentyabrın 20-dən başlayaraq səyyar formada əhaliyə xidmətlər göstərilir.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Milli Arxiv İdarəsi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsi, həmçinin yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən həyata keçirilir.
“ASAN xidmət”in əməkdaşları vətəndaşların rahatlığını təmin etmək məqsədilə özləri boru kəmərinin keçdiyi və həmin ərazilərə düşən torpaq istifadəçiləri ilə görüşüb müvafiq sənədlərin hazırlanmasına yerindəcə köməklik göstərirlər.