Kürdəmirdə dövlət qulluqçularının peşə bayramı qeyd olundu
İyunun 23-də rayonun Heydər Əliyev Mərkəzində 23 iyun – Dövlət Qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər gül-çiçək dəstələri düzmüş, ona hörmət və ehtiramlarını ifadə etmişlər.
Sonra tədbir rayonun Heydər Əliyev Mərkəzinin akt zalında davam etmişdir.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının İctimai-siaysi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli tədbir iştirakçılarını salamlamış, dövlət qulluqçularını peşə bayramı münasibəti ilə təbrik etmişdir.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Tacəddin Novruzov bu günün yaranma tarixi, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanda dövlət qulluğunun baza və prinsiplərinin yaranması ilə bağlı göstərdiyi böyük xidmətləri, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dövlət qulluğunun qeyd edilməsi, qüvvəyə minməsi və digər hüququ aktlara dair imzladığı qanun, fərman və sərəncamlar barədə geniş məlumat verdi. O, qeyd etmişdir ki, bu sahədə çalışmaq böyük məsuliyyətdir. Hər bir dövlət qulluqçusu möhtərəm Prezidentimizin etimadına layiq çalışmalı, dövləti təmsil etdiyini, vətəndaşların hüquqlarının qorunması üçün onların üzərinə böyük məsuliyyət düşdüyünü hiss etməlidir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə ölkəmizdə hər il 23 iyun dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunduğunu, Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatlarını davam etdirildiyini və aparılan islahatların əsas məqsədi çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması və bütövlükdə Azərbaycanın Beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətlənməsindən ibarət olduğunu bildirdi. Bu istiqamətdə atılan mühüm addımlardan biri dövlət qulluğu sahəsində aparılan islahatların nəticəsi olaraq 21 iyul 2000-ci il tarixində “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası qanununun qəbul edilməsi olmuşdur. Bu qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuşdur.
Tədbirin sonunda dövlət qulluğunda fərqlənən bir qrup dövlət qulluqçusuna rayon İcra Hakimiyyəti Başçısının adından fəxri fərmanlar təqdim edilmişdir.