Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Aşıq Ağalar Mikayılovun 100 illik yubileyi qeyd olundu

26 may 2014 | 15:00

Mayın 24-də Rayon Mədəniyyət Evində  Kürdəmir Rayon İcra Hakimiyyəti və AMEA N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin birgə təşkilatçılığı ilə aşıq Ağalar Mikayılovun 100 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə mədəniyyət evinin foyesində Aşıq Ağaların kitablarından, afişalarından ,eləcə də onun haqqında olan kitablardan ibarət ibarət sərgiyə baxmışlar.
       Tədbiri AMEA N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açmışdır.
Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli giriş sözü ilə çıxış etmiş,rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun adından tədbir iştirakçılarını salamlamış və əlamətdar yubiley münasibətilə onları təbrik etmişdir.
       Aşıq Ağalar Mikayılovun Azərbaycan radiosunun qızıl fondundan götürülmüş səs yazısının müşayiəti ilə ustad sənətkara həsr olunmuş foto-çarx nümayiş etdirilmişdir.
       Mərasimdə Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, folklorşünas alim, professor Seyfəddin Qəniyev, Folklor İnstitunun şöbə müdiri, filologiya  elmləri namizədi, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli, Azərbaycan Aşıqlar Birliyinin sədr müavini, “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlu çıxış edərək ustad aşıq Ağaların yaradıcılıq xüsusiyyətlərindən, onun Azərbaycan aşıq sənətinin inkişafındakı rolundan danışmışlar.
       Sonra söz tanınmış ifaçılara, aşıq və xanəndələrə verilmişdir. Aşıq Əhliman Rəhimov, aşıq Yanvar Bədəlov, aşıq Ağamurad Mərzəngəli, aşıq-xanəndə Əvəzxan Xankişiyev  ustad aşıq Ağalar Mikayılovun sözlərinə qoşulmuş havaları ifa etmişlər.
       Aşıq Ağaların qəzəlini xüsusi məharətlə oxuyan xanəndə Teyyub Aslanovun çıxışı mərasim iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Aşıqın qızı İradə xanım,nəvəsi Ağalar,nəticəsi Fərid,şəhər 3 saylı tam orta məktəbinin şagirdləri Aşıq Ağaların şeirlərindən nümunələr söyləmişlər.Şair Abduləziz Hüseynov Aşıq Ağalara həsr etdiyi şeirini oxumuşdur.
       Yubiley mərasimində çıxış edən aşıq Ağaların oğlu Rauf Mikayılov atasının sənətinə göstərdikləri hörmət və ehtirama görə görkəmli el sənətkarının ailəsi adından Azərbaycan dövlətinin başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir.                                                       

Keçidlər