Şuşasız 22 il
Mayın 8-də Kürdəmir rayon Mərkəzi Kitabxanasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasına həsr edilmiş “Şuşasız 22 il” adlı tədbir keçirilmişdir.
Tədbir Qarabağda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükütla yad etməklə başladı.
Kürdəmir rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev tədbiri giriş sözü ilə açaraq Şuşa şəhərinin füsunkar təbiəti, tarixi abidələri, yaradıcı insanları barədə, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1977-ci ildə verilmiş "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərarı bağlı məlumat verdi. Sonra o, Şuşa şəhərinin işğalından danışaraq qeyd etdi ki, Şuşa şəhəri xəyanətin qurbanı olmuşdur, hər birimiz azərbaycanlı olaraq Şuşanı tək bu gün deyil, hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıyıq. Ona görədə biz tariximizi mükəmməl bilməliyik.
Sonra Kürdəmir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini İradə Mahmudova, Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, Uşaq yaradıcılıq mərkəziniin direktoru Nəsibə Hidayətova və başqaları çıxış edərək Şuşa şəhərinin işğal edilməsindən, Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə şəhid olan, yaralanan, əsr və girov götürülmüş soydaşımızdan, erməni vandalları tərəfindən minlərlə eksponatın olduğu muzeylərin, yüzlərlə tarix-mədəniyyət abidəsinin, məbədgah və məscidlərin, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının dağıdılmasından danışdılar və bildirdilər ki, Şuşa əsrlər boyu Azərbaycan mədəniyyətinin beşiyi olub, mədəniyyətimizə əvəzsiz töhfələr verən dahi şəxsiyyətlər orada yetişib. Biz Şuşanı heç vaxt unutmamalıyıq, gənclərdə və yeniyetmələrdə vətənpərvərlik ruhunun yüksəldilməsinə çalışmalıyıq.
Tədbirdə Şuşanın işğalı ilə bağlı video çarx, Şuşaya həsr edilmiş mahnılar və kitab sərgisi nümayiş edildi.