YAP Kürdəmir rayon təşkilatı Qadınlar Şurasının konfransı keçirildi
Aprelin 29-da Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı Qadınlar Şurasının növbəti konfransı keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin adını daşıyan parka gələrək Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri düzmüşlər.
Sonra tədbir YAP rayon təşkilatının akt zalında öz işinə başlamışdır.
Konfransı YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Elmira Şıxəliyeva açaraq hesabat məruzəsi ilə çıxış etmişdir.
Elmira Şıxəliyeva məruzəsində qeyd etmişdir ki, bu gün Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan Respublikasında ən mütərəqqi, ən monolit partiyadır. Ölkə ictimaiyyəti, eləcə də bütün Azərbaycan qadınları Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini yeni mərhələdə, özünəməxsus cəsarətlə və müdrikliklə davam etdirən ölkə başçısının atdığı hər bir addımı dəstəkləyir, onun bacarıqla idarə etdiyi dövlətçilik sükanının etibarlı əllərdə olduğuna inanırlar.YUNESKO-nun və İSESKO-nun xoş məramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, Millət Vəkili Mehriban xanım Əliyevanın gördüyü genişmiqyaslı işlər ölkə Prezidentinin apardığı dinc quruculuq siyasətinin tərkib hissəsidir.
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı öz sıralarında 7800 nəfər YAP üzvünü birləşdirir ki, bunların da 2775 nəfəri və ya 36 faizi qadınlardır. Rayonumuzun ən fəal, işgüzar qadınlarını təmsil edən YAP Qadınlar Şurasının tərkibində 560 nəfər ali, 933 nəfər orta - ixtisas, 1280 nəfər orta təhsilli qadınlar təşkil edir.
Məruzə ətrafında Qadınlar Şurasının üzvü Yaqut Əşrəfova, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli çıxış etmişlər.
Konransda iştirak edən Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli məruzə ətrafında çıxış edərək bildirmişdir ki, hesabat dövründə tarixi və əlamətdar günlər, yubileylər, milli bayramlarla bağlı tədbirlərin keçirilməsində YAP üzvü olan qadınların fəal iştirakı hiss olunmuş, onlar həmçinin rayonun abadlıq, səliqə -sahman işlərində yaxından iştirak etmişlər. Qadınlar Şurasının üzvləri seçki və referendum kampaniyalarında partiya fəalları, müşahidəçi, seçki komissiyalarının əsas və əvəzedici üzvləri və təbliğatçılar qismində ən fəal şəkildə iştirak etmiş o cümlədən, 2013-cü il oktyabr ayında Ölkə Prezidentinin namizədliyini müdafiə etmişlər və seçkinin şəffaf və düzgün keçirilməsində öz səylərini əsirgəməmişlər.
Ağali Kərimli Cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq bu gün Azərbaycanın dünyanın ən sürətli inkişaf edən ölkələri sırasında olmasının reallıqlarından danışmış, bu siyasətin Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin layiqli davamı olmasını diqqətə çatdırmışdır. Respublikamızda aparılan nəhəng quruculuq-abadlıq işləri artıq bütün regionları əhatə etmişdir.
Rayonumuzda da geniş tikinti, abadlıq və quruculuq işləri aparılır. Şəhərin küçə və prospektlərində işlər yüksək templə davam etdirilməkdədir.
Daha sonra rayon təşkilatının sədri Ağali Kərimli yeni seçiləcək tərkibə uğurlar arzu etdi.
Müzakirələrdən sonra gündəlikdə duran təşkilatı məsələlərə baxılmış, Hacıyeva Sevda Hacıbaba qızı YAP Kürdəmir rayon təşkilatı Qadınlar Şurasının yeni sədri seçildi.
Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının növbəti konfransına 2 nəfər nümayəndə seçilmişdir.