Şriftin ölçüsü :

Saytın rəngi :

"ASAN xidmət" Kürdəmirdə

29 aprel 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") xüsusi avtobusu aprelin 29-dan may ayının 8-dək Kürdəmir şəhərində əhaliyə xidmət göstərməyə başlayacaqdır. Rayonun  100  mindən çox  sakininin  "ASAN xidmət"dən yararlanmaq imkanı olacaqdır.
Kürdəmir rayonunda səyyar xidmətin həyata keçirilməsində əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, insanların işinin maksimum asanlaşdırılmasıdır.
"ASAN xidmət"ə müraciət etmək istəyən şəxslər Kürdəmir şəhərinin mərkəzində(rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında) quraşdırılmış elektron növbə sistemi vasitəsilə qeydiyyatdan keçib, zəruri sənədləri təqdim edə bilərlər. Xidmət yerindəcə göstərilir. Əgər bu mümkün olmazsa, vətəndaşın sənədləri xidməti həyata keçirən müvafiq dövlət orqanının yerli nümayəndəliyinə göndərilir və müraciət edən şəxs növbəti prosedurlar barədə ətraflı məlumatlandırılır. .
Səyyar xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunmuşdur. Bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi daxildir.

Keçidlər