Kürdəmirdə əhalinin pulsuz müayinə və müalicəsinə başlanıldı
Fevralın 15-də Kürdəmir rayon İcra Hakimiyyətinin akt zalında keçirilən şura yığıncağı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkə vətəndaşlarının dispanserizasiyası məsələsinə həsr olunmuşdu.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması, ölkəmizdə tibb xidmətinin səviyyəsinin yaxşılaşması istiqamətində ardıcıl, təxirəsalınmaz tədbirlər görür, mühüm sərəncamlar və fərmanlar imzalayır. Respublikamızın hər yerində olduğu kimi, Kürdəmirdə də bu sahə daim dövlət başçımızın diqqət mərkəzindədir. Hal-hazırda rayonumuzda ötən il əsaslı şəkildə yenidən qurulan Mərkəzi Rayon Xəstəxanası və onun poliklinika şöbəsi əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərir. Cənab Prezidentin tapşırığına əsasən bütün ölkə vətəndaşlarının tibbi müayinəyə cəlb edilməsi , onların sağlamlığına göstərdiyi diqqət və qayğının növbəti bariz nümunəsidir. Bu məqsədlə fevralın 17-dən etibarən Kürdəmir rayonunda əhalinin dispanserizasiyasına başlanacaq və 18 yaşdan yuxarı vətəndaşlar pulsuz tibbi müayinəyə cəlb ediləcəklər.
Sonra Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nizami Feyzullayev çıxış edərək möhtərəm Prezidentimizin bütün Respublika əhalisinə göstərdiyi bu yüksək qayğıdan vətəndaşların maksimum yararlanmasının vacibliyini diqqətə çatdırdı və təsdiq olunmuş iş qrafiki barədə məlumat verdi.
Dispanserizasiyaya MRX-nın və poliklinika şöbəsinin həkim briqadaları cəlb edilmişdir. Fevralın 17-dən MRX,MRX Poliklinika şöbəsi,Karrar və Mollakənd həkim məntəqəsində, Qarasaqqal,Topalhəsənli,Yenikənd,Xəlsə,Sığırlı,Şilyan tibb məntəqələrində idarə, müəssisə və təşkilatların bütün əməkdaşları, o cümlədən rayonun qəsəbə və kəndlərinin sakinləri yerlərdəki tibb məntəqələrində həkim briqadaları tərəfindən tibbi müayinədən keçiriləcəklər.
Yekunda Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev dispanserizasiyanı yüksək səviyyədə təşkil etmək üçün aidiyyatı qurumlara konkret tapşırıqlarını verdi.