Kürdəmir rayonunun 2013-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı cənab İrşad Nadir oğlu Əliyevin hesabat məruzəsi
Hörmətli yığıncaq iştirakçıları!
Konseptual əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf strategiyasının yeni mərhələdə inamla davam etdirilməsi sayəsində 2013-cü ildə də ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran bütün məsələlər öz həllini tapmış, böyük layihələr icra edilmiş, ölkəmizin beynəlxalq nüfuzu artmışdır.
Ötən il ölkəmiz üçün çox uğurlu il olmaqla əlamətdar hadisələrlə zəngin olmuşdur.
2013-cü il 09 oktyabr Prezident seçkilərində xalqımız uzun illərin sərt sınaqlarından çıxaraq yüksək etimad qazanmış siyasətin davamlığının təmin olunmasına, hər bir vətəndaşın perspektiv mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahatların ardıcıl şəkildə davam etdirilməsinə səs verdilər.
Azad, ədalətli və şəffaf keçirilən seçkilərdə Azərbaycan xalqının iradəsi tam şəkildə öz əksini tapdı və seçkiləri müşahidə edən xarici qonaqlar seçkilərə çox yüksək qiymət verdilər.
2013-cü il 09 oktyabr tarixdə Azərbaycan Respublikasında keçirilən Prezident seçkilərində möhtərəm Prezidentimiz Cənab İlham Əliyev yüksək səs çoxluğu ilə yenidən Prezident seçildi.
İcazə verin Sizin adınızdan bu böyük qələbə münasibəti ilə Hörmətli Prezidentimizi bir daha təbrik edim, ona cansağlığı, tarixi missiyasının yerinə yetirməsində uğurlar arzulayım.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 09 yanvar 2014-cü il tarixli iclasında görülmüş işlər ətraflı təhlil edilərək, qazanılan nailiyyətlər yüksək qiymətləndirilmişdir.
Aparılmış uğurlu islahatlar nəticəsində 2013-cü ildə ümumdaxili məhsul istehsalı 6 faiz artmışdır. Sevindirici hal ondan ibarətdir ki, qeyri neft sektorunda 10 faiz, kənd təsərrüfatında isə 5 faiz artım olmuşdur.
İnflyasiya cəmi 2,4 faiz səviyyəsindədir, əhalinin pul gəlirləri isə 8 faiz artmışdır. Əhalinin pul gəlirləri inflyasiyanı 3 dəfədən çox üstələyir.
Ölkənin valyuta ehtiyatları daha da artaraq 50 milyard dollarıa çatmışdir ki, bu da istənilən layihələrin öz gücümüzə arxalanaraq icra olunmasına, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resurslarının cəlb edilməsinə geniş imkan yaradır.
2013-ci ildə 110 min yeni iş yeri açılmışdır ki, onlardan 80 mindən çoxu daimi iş yeridir. İşsizliyin səviyyəsi 5 faizə, yoxsulluq səviyyəsi isə 6 faizdən 5,3 faizə düşmüşdür.
2013-cü il Azərbaycanda kosmik sənayenin yaranması ili kimi tarixdə qalacaqdır. Birinci Azərbaycan peyki “ Azərspase-1 “ fəzaya qaldırılmışdır. Respublikamız kosmik klubun üzvü olmuşdur. Bu, xalqımızın, dövlətimizin böyük tarixi nailiyyətidir.
Bütün sahələrdə qazanılmış uğurlar bir daha sübut edir ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan alternativsiz lider, Möhtərəm Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə yeni və sürətli inkişaf mərhələsini yaşayır, dünya miqyasında öz müsbət imicini daha da gücləndirir və zəngin dövlətə çevrilir.
Hörmətli yığıncaq iştirakçıları!
Ötən il rayonumuz üçün də uğurlu il olmaqla çox əlamətdar və yad-daşlarımızda ən xoş təəssuratlarla yaşayacaq hadisələrlə zəngin olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2013-cü il 07 avqust tarixdə rayonumuza uğurlu səfər etdi.
Bu səfər zamanı Ulu Öndər Heydər Əliyevin əvəzedilməz irsinin daha mükəmməl öyrənilməsi, onların gənc nəsilə yetərincə aşılanması, gələcək nəsillərə layiqincə ötürülməsi məqsədi ilə ən müasir layihəyə əsasən “Heydər Əliyev Mərkəzi”nin, “Heydər Əliyev parkı”nın, Külüllü bulağından rayonumuza çəkilmiş içməli suyun, Kürdəmir Süd Emalı zavodunun və Kürdəmir rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışlarını həyata keçirdi.
Cənab Prezidentin bir qrup rayon ictimaiyyəti ilə görüşü zamanı qeyd etdiyi məsələlər, rayonumuz haqqında söylədiyi fikirlər bizi daha da ruhlandırmış və başladığımız işlərin müvəffəqiyyətlə başa çatdırılmasında əzmkarlıqla işləməyimizə sövq etmişdir.
Bunun nəticəsidir ki, 2013-cü ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 14,6 faiz artaraq 386 milyon 218 min manata çatmışdır.
Ümumi məhsul buraxılışının 81,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 11,5 fazi sənayedə, 40,6 faizi inşaat kompleksində, 29,1 faizi isə kənd təsərrüfatı sahəsində olmuşdur.
ÜMB-nin 18,8 faizi isə xidmət sahələrində, o cümlədən 17,8 faizi ticarət və ictimai iaşə, 0,9 faizi nəqliyyat, 0,1 faizi isə rabitə sahəsində olmuşdur.
Rayonda tikinti, quruculuq və abadlıq işləri geniş vüsət almış, şəhərin küçə və meydanlarının abadlaşdırılması, yenidən qurulması ilə bağlı mütəmadi müşavirələr keçirilmiş, görüləcək işlərin layihələri hazırlanaraq həyata keçirilmişdir.
Ötən il uzun illərdən bəri baxımsızlıq ucbatından yığılıb qalmış, rayon əhalisini narahat edən problemlərin həlli istiqamətində 18 tikinti-abadlıq layihələri həyata keçirilmişdir.
Müasir memarlıq üslubunda inşa edilmiş, rayonumuza xüsusi gözəllik verən 3 mərtəbəli “Heydər Əiliyev Mərkəzi” 25 otaqdan ibarət olmaqla 3D kino zalı, rəsm studiyası, sərgi və rəqs salonu, xalçaçılıq dərnəyi, ekspozisiya zalları, internet-kafe, foto studiya, tədris otaqları, 300 yerlik böyük iclas zalı ilə təmin edilmişdir.
Yeni layihəyə əsasən ərazisi 8.5 hektar olan “Heydər” parkı yenidən işlənilmiş, parkda şəlalə, fəvvarələr, mağara-kafe, “Ana və uşaq kafesi”, “Çayxana”, uşaq əyləncə mərkəzi, 500 yerlik yay kinoteatrı, avtokartinq tikilmiş, avtodayanacaq inşa edilmiş, karusel, 61 ədəd skamya, 96 ədəd müasir işıqlanma sistemi quraşdırılmışdır.
Əraziyə 10 mindən çox dekorativ ağac əkilmiş, 2,0 ha əraziyə qazon səpilmiş, 2000 metrdən çox süni suvarma xətti çəkilmişdir.
İndi buraya minlərlə insan ailə üzvləri ilə birgə gəlib istirahət edir, gənclər asudə vaxtlarını yaradılmış şəraitdən istifadə edərək mənalı keçirir, pis vərdişlərdən üzaqlaşır, bir sözlə sakinlərimiz belə istirahətdən xüsusi zövq alırlar.
“Gənclər Evi” 140 m2 genişləndirilmiş, müasir atıcılıq tiri qurulmuş, əlavə sinif otaqları tikilmiş, isinmə sistemi ilə təhciz olunmuşdur.
Şəhər küçələrinin yenidən qurulması istiqamətində 11 layihə həyata keçirilmiş, Xırdapay kəndi, S.X.İslamzadə, M.Ə.Rəsulzadə küçələrini Heydər Əliyev prospekti ilə birləşdirən uzunluğu 2,2 km olan dolama yolu, Bakı prospekti - Xırdapay kəndi - Aşıq Şakir - İsmət Qayıbov küçələrini birləşdirən uzunluğu 2,8 km olan II dolama yolu tikilərək istifadəyə verilmiş, avtonəqliyyatın şəhər ərazisində sıxlığı xeyli azalmışdır.
Uzunluğu 1700 m olan Vaqif küçəsinin dördzolaqlı yola rekonstruksiyası başa çatdırılmış, dekorativ hasar çəkilmiş, asfalt örtüyü vurulmuş, yeni 2 tərəfli piyada yolları çəkilmiş, 39 ədəd müasir işıqlanma dirəyi quraşdırılmış, uzunluğu 20 metr, hündürlüyü 8 metr olan şəhərə giriş monumentinin quraşdırılması üçün hazırlıq işləri aparılır.
2013-cü ildə şəhərin abadlaşdırılması işlərində 82360 m2 asfalt vurulmuş, 12831 m2 divar ağlayla üzlənmiş, 9908 p/m bardür düzülmüş, 10680 m2 piyada yollarına mozaik beton tavalar döşənmiş, 3100 p/m yeni işıqlanma xətti çəkilmiş, 155 ədəd işıqlanma dirəyi quraşdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan rayonun abadlığı üçün ayrılmış 2 milyon vəsait ilə əlaqədar 6 yeni layihə üzrə xeyli abadlıq və quruculuq işlərinin yerinə yetirilməsinə başlanılmışdır.
Hazıda H.Əliyev prospektinin, Babək küçəsinin müasir tələblər səviyyəsində abadlaşdırılması və yenidən qurulması, hasarların ağlay materialı ilə üzlənməsi, yolun dağılmış hissələrinin yenidən bərpası, səkilərin üzlük tavalarla döşənməsi, vağzalətrafı ərazidə fəvvarələr meydanınin inşası sürətlə davam etdirilir.
Qeyd etmək istəyirəm ki, rayonda aparılmış abadlıq-quruculuq işlərində rayonun idarə-müəssisə rəhbərləri, iş adamları da fəal iştirak etmişlər.
Cari ildə yüksək keyfiyyətlə rekonstruksiya edilərək istifadəyə verilən 157 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının binası ən müasir avadanlıq və texniki vasitələrlə təmin edilmişdir.
Rayon Polis şöbəsinin 2 mərtəbəli yeni binası istifadəyə verilmiş, Ərəbxana, Sor-Sor, Şilyan, Cəyli kəndlərində yeni Poçt binaları tikilərək fəaliyyətə başlamışlar.
Rayonlararası Fitosanitar idarəsinə yeni 2 mərtəbəli inzibati binanın tikintisi başa çatmaq üzrədir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 07 mart 2012-ci il 2081 saylı Sərəncamı ilə 14 kəndi birləşdirən, əhalisi 14 min nəfərdən çox, uznluğu 28 km olan Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisi tam başa çatdırılmış, hərəkət nizamlayıcı nişanlar qoyulmuş, yol ümumilikdə istismara buraxılmışdır.
Uzunluğu 18 km olan Mollakənd-Söyüdlər yolunun tikintisi başa çatdırılmlş, Ağsu-Kürdəmir-İmişli avtomagistralının 28 km hissəsi yeni asfalt örtüklə tikilmiş və hazırda tikinti işləri davam etdirilir.
Sınaq müddəti ərzində baş vermiş deformasiyalar nəzarətdə saxlanılır və berpa edilir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının müvafiq şöbələri və ərazi icra nümayəndəlikləri bu yolların normal istismar edilməsinə nəzarəti gücləndir-məlidirlər.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayon ərazisində magistral, rayonlararası və rayondaxili yolların asfaltlaşdırılması, yenidən qurulması və təmiri sahəsində müəyyən işlər görülsə də, bu xidmət sahəsinin fəaliyyətində nöqsan və çatışmazlıqlar qalmaqdadır.
Belə ki, bir çox kənd yolları istismara yararsız vəziyyətdədir.
Ərəbqubalı, Məhərrəmli, Pirili, Şilyan, Karrar, Bağman, Böyük Kəngərli, Təklə, Qurdbayram kəndləri ilə avtomagistralı birləşdirən baş yollar istismara yararsız vəziyyətdədir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, Memarlıq və tikinti şöbələri rayon Yol İstismar idarəsinin yeni rəhbərliyi ilə birlikdə tədbirlər planı hazırlayıb qeyd edilən yolların asfaltlaşmasına nail olmalıdırlar.
2003-cü ildən hal-hazırki dövrə kimi 12297 yeni iş yeri yaradılmış, bundan 8059-u daimi, 4238-i mövsümüdür. İlin əvvəlindən isə 862 yeni iş yeri yaradılmış, onun da 587-i daimi iş yerləridir.
Rayonun Əmək və Əhalinin Məşğulluq Mərkəzi tərəfindən boş iş yerləri barədə məlumat toplanaraq iş axtaran vətəndaşlardan 378 nəfəri işlə təmin olunmuşdur ki, onların da 110 nəfəri qadınlar, 292 nəfəri ilk dəfə iş axtaranlar, 127 nəfəri isə gənclərdır.
Bu məqsədlə keçirilmiş əmək yarmarkasının da böyük rolu olmuşdur. Ənənəvi “Əmək Yarmarkası”nda rayonun 49 idarə-müssisələri tərəfindən 274 boş iş yeri çıxarılmış və 120 nəfər daimi işlə təmin olunmuş, 20 nəfər peşə hazırlığı kursuna, 18 nəfər isə haqqı ödənilən içtimai işlərə cəlb olunmuşdur.
Regionların, xüsusi ilə sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2013-cü ildə Kürdəmir rayonunun 23 sahibkarına 465,3 min manat məbləğində kredit verilmiş və nəticədə 62 yeni iş yeri yaradılmışdır.
Sərnişin və yük daşımaların həcmi 7-8 faiz artmış, istehlak bazarında əhaliyə 214 milyon manatlıq, əvvəlki illə müqayisədə 10,8 faiz çox istehlak malları satılmışdır.
Pərakəndə ticarət dövriyyəsinin 3,5 faizi hüquqi, 96,5 faizi isə fərdi sahibkar-ların payına düşür.
Amma, pərakəndə satış yerləri bir çox halda sanitariya normalarına cavab vermir.Ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda ərzaq məhsullarının satışına, heyvanların kəsiminə yol verilir ki, bu da müxtəlif növ xəstəliklərin yaranmasına səbəb olur.
Aidiyyatı qurumlar belə hallara qarşı mübarizəni gücləndirməlidir.
İl ərzində əhaliyə 51,6 milyon manat pullu xidmət göstərilmişdir.Pullu xidmətin 9,5 faizi dövlət, 90,5 faizi isə qeyri dövlət mülkiyyətinin payına düşür.
Rayon büdcəsinin ilbəil artması və sosial yönümlü olması Ölkə Prezidentinin bu sahəyə yüksək diqqət və qayğısının təzahürüdür.
2013-cü il üçün rayon büdcəsi mədaxil və məxaric üzrə 18,1 milyon manat təsdiq edilmişdir ki, bunun da 12,1 milyon manatı Respublika büdcəsindən ayrılan dotasiya, 6 milyon manatı isə yerli gəlirlər hesabına formalaşdırılmışdır.
Yerli gəlirlər planı ümumilikdə 101,9 faiz yerinə yetirilmişdir.
Hörmətli yığıncaq iştirakçıları!
Kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi kimi böyük inkişaf yolu keçmişdir. 90-cı illərin ortalarında ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilmiş aqrar islahatlar nəticəsində torpaq üzərində xüsusi mülkiyyət münasibətlərinin formalaşması, sahibkarlara, fermerlərə əlverişli mühitin yaradılması, kənd təsərrüfatının inkişafı üçün verilmiş Fərman və Sərəncamlar bu sahədə köklü dəyişikliklərin baş verməsinə, ərzaq bolluğunun etibarlı təminatına zəmin yaratmışdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun aqrar bölməsi 2013-cü ili əsasən uğurla başa vurmuşdur.
Ölkə Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli Sərəncamı əsasında kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinə yardım verilməsi, gübrələrin güzəştli qiymətlərlə satılması, toxum istehsalına görə subsidiyalar ödənilməsi, texnikaların və mal-qaranın lizinq yolu ilə satılması, güzəştli şərtlərlə kreditlərin verilməsi, vergi güzəştləri kəndlinin torpağa bağlılığını artırmış, məhsul istehsalına marağını yüksəltmişdir.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə qabaqcıl nümunələrin yaradılması və yayılması sahəsində sahibkarların, mütəxəssislərin iştirakı ilə Süd emalı zavodunda, iri taxılçılıq sahələrində, istixana təsərrüfatında, mütərəqqi üsulla becərilən qarğıdalı sahəsində və bağlarda keçirilmiş seminarlar öz müsbət nəticələrini verməkdədir.
Görülmüş tədbirlər nəticəsində ötən il rekord miqdarda – 82,5 min ton taxıl, 21,6 min ton tərəvəz, 48,3 min ton bostan, 21,4 min ton meyvə, 401 ton günəbaxan, 82 ton yerfındığı məhsulu istehsal edilmişdir.
Ötən il rayonda indiyədək görünməmiş həcmdə - 2,8 min ton dənlik qarğıdalı istehsal olunmuşdur. Bəzi sahələrdə məhsuldarlıq 130 sentnerdən çox olmuşdur.
Ötən ilin payızında taxıl əkinləri mütəşəkkil keçirilmiş, bu ilin məhsulu üçün 43,5 min hektardan çox sahədə taxıl əkilmişdir.
Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində də müəyyən işlər görülmüşdür.
Süd zavodunda fermerlərin iştirakı ilə keçirilən müşavirədə yüksək məhsuldar cins mal-qaranın və süni mayalanma yolu ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasının əhəmiyyəti, səmərisi barədə verilmiş məlumatlar öz müsbət səmərəsinin verməkdədir.
Lizinq yolu ilə alınmış 165 baş yüksək məhsuldar cins mal-qaranın sayı artırılaraq 320 başa çatdırılmış, 950 başadək iri buynuzlu mal süni mayalan-dırılaraq onlardan 680 başdan çox bala alınmışdır.
Cins düyələrin yüksək texnologiya ilə saxlanılması təmin olunmuşdur.
Rayonun fermerləri tərəfindən cins mal-qara alınmasına təşəbbüs artmış və sifarişlərin verilməsinə başlanılmışdır.
Hazırda iri buynuzlu mal qaranın sayı 63,6 min başı, qoyun keçilərin sayı 133,2 min başı, quşların isə baş sayı 372,9 mini ötmüşdür.
2013-cü ildə əvvəlki illə müqayisədə ət istehsalı 3,8%, süd istehsalı 11,1%, yumurta istehsalı 0,7%, yun istehsalı 1,5% artmışdır.
Lakin, əfsuslar olsun ki, fermerlər tərəfindən yalnız görüntüsü olan, heç bir səmərə verməyən, müasir dövrə uyuşmayan mal-qara saxlanılmaqdadır.
Mal-qaranın saxlanılmasında yem bazası mühüm rol oynayır.
Ən mühüm yem bazası isə yonca otudur. Ryon üzrə 16 min hektar yoncalıqlar mövcuddur. Lakin bu sahələrə lazımi aqrotexniki oulluq göstəril-mədiyindən məhsuldarlığı aşağı olaraq qalır.
Müasir texnologiya ilə qurulmuş istixana təsərrüfatında keçirilən seminar- müşavirə və orada belə təsərrüfatların iqtisadi səmərəsi barədə verilmiş bilgilər və tövsiyələr bu sahəyə sahibkarların marağını artırmış, nəticədə ötən il istixana təsərrüfatı ilə məşğul olan ailələrin sayı 78-ə çatmış, örtülü qruntların sahəsi isə 6 hektarı ötmüşdür. Ötən ilin payız-qış mövsümündə istixana təsərrüfatlarından 320 tondan çox xiyar, 150 tondan çox pomidor məhsulu götürülmüşdür.
Məhsulun vaxtında və itkisiz yığılmasında müasir yığım texnikasının mühüm rolu vardır.
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında” 2013-cü il 25 dekabr tarixli Sərəncamı kənd əməkçiləri tərəfindən rəğbətlə qarşılanmışdır. Bu Sərəncamın icrası olaraq alınmış kombaynlardan 20 ədədi Kürdəmir “Aqrotexserviz” filialına verilmişdir.
Hazırda həmin kombaynların hər birinə 2 nəfər olmaqla kadr seçimi ilə məşğul olunur.
Rayon icra Hakimiyyətinin Aqrar məsələlər şöbəsi kombaynlardan səmərəli istifadə edilməsini təmin edən tədbirlərin görülməsini diqqət mərkəzində saxlamalıdır.
Son illər arıçılığa maraq artmaqdadır. Ötən il arı ailəsi saxlayanların sayı 11 təsərrüfat artaraq 96-ya çatmış və ümumilikdə 845 arı ailəsi uçota alınmışdir.
Kənd təsərrüfatını inkişaf etdirmək və yüksək məhsuldarlığa nail olunmasında meliorasiya və suvarma sistemləri mühüm rol oynayır.
Hesabat dövründə torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması sahəsində xeyli işlər görülmüşdür.
5 min hektaradək ərazini su ilə təmin edəcək, uzunluğu 18 km olan Axtaçı-Ərəbqubalı kanalınin tikintisi başa çatdırılaraq istismara verilmiş, 5-6 min hektar ərazini suvarma suyu ilə təmin edəcək 33 km-lik Çərtəyəz-Muradxan beton üzlüklü kanalın 22 km torpaq, 8,5 km isə beton hissəsi tikilmiş, hazırda tikinti işləri davam etdirilir.
Meliorasiya və suvarma sistemləri sahəsində müəyyən işlər görülsə də, mövcud kanalların 25-30 faizinin təmiri aparılmamişdir, əsasən Şilyan, Muradxan, Pirili kəndlərində əkinləri optimal müddətdə suvarma suyu ilə təmin edən tədbirlər görülməmişdir. Torpaqların 30 faizindən çoxu şoranlaşmaya məruz qalmışdır.
Rayon suvarma və meliorasiya idarələrinin rəhbərləri sudan qənaətlə istifadə olunan layihələrin tətbiqi ilə məşğul olmurlar, su istifadəçiləri ilə müqavilələrin bağlanmasını təmin etmirlər, mövcud texnikaların imkanlarından lazımınca istifadə etmirlər.
İcra nümayəndələrinin hesabatlarında əhalinin qaldırdığı başlıca şikayət suvarma sahəsindəki nöqsanlarla bağlı olmüşdur.
Ona görə də, icra Hakimiyyətinin Aqrar məsələlər şöbəsi suvarma və melorasiya sistemindəki vəziyyəti ciddi təhlil etməli, bu sahədəki nöqsanların aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatların rəhbərlərinin iştiraki ilə icra Hakimiyyəti Başçısı yanında Şura iclasının müzakirəsinə çıxarmalıdır.
Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkasına ötən il yerli sahibkarlarımız tərəfindən 22 çeşiddə, 1200 tondan çox kənd təsərrüfatı məhsulları göndərilmişdir. Göndərilmiş məhsullar bazar qiymətindən 30-35% aşağı qiymtlə satılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli ”2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının”, 2014-cü il 16 yanvar tarixli “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəmcanlarından irəli gələn vəzifələr, onların icrası istiqamətində nəzərdə tutulan tədbirlər, ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi rayon İcra Hakimiyyəti Başçısı Aparatının Aqrar məsələlər şöbəsinin və kənd təsərrüfatına xidmət edən təşkilat rəhbərlərinin gündəlik vəzifələrindən olmaqla, bu istiqamətdə lazımi tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsini təmin etməlidirlər.
Rayonda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən 44,6 mln manatlıq və ya ötən ildən 16 faiz çox sənaye məhsulu istehsal edilmişdir.Özəl sektorun sənaye məhsulunun istesalında çəkisi 92,4 faiz təşkil edir.
Sənaye müəssisələrində çalışan işçilərin sayı 13,7 faiz artaraq 654 nəfərə, orta aylıq əmək haqqı isə 16,4 faiz artaraq 316,5 manata çatmışdır.
Süd zavodunda hazırda gündəlik 25 tondan çox süd emal olunur və bu emaldan 9-10 çeşiddə məhsul istehsal edilir.
Lakin, zavoda ərazilərdən süd satışı lazımınca təşkil olunmadığından müəssisənin imkanlarından 25-30 faiz həcmində istifadə olunur.
İstehsalçı-emalçı münasibətlərinin qurulması, yerlərdə süd qəbulu-yem paylama məntəqələrinin yaradilması, süd tədarükü tədbirləri gücləndirilməlidir.
Yeni tikilmiş beton qarışığı istehsal edən və asfalt zavodları sənaye məhsulu istehsalında mühüm rol oynayır.
Ona görə də, Sənaye ilində rayonun sənaye müəssələrinin tam gücü ilə işləməsi, eləcədə fəaliyyəti dayanmış müəssisələrin işə salınması rayon icra Hakimiyyətinin müvafiq şöbələrinin ən başlıca vəzifələrindən biri olmalıdır.
Hörmətli yığıncaq iştirakçıları!
Rayon əhalisinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatı və xidmət müəssisələrinin bu sahədə fəaliyyətləri İcra Hakimiyyətinin diqqət mərkəzində saxladığı ən vacib məsələlərdən olmuşdur.
Rayon İcra Hakimiyyəti əhalinin elektrik enerjisi təminatını dayanaqlı etmək məqsədi ilə “Azərenerji” Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə görüş keçirmiş və SİP kabelləşmə işinin aparılması üçün razılıq əldə etmişdir.
Şəhər və şəhərə yaxin kənd ərazisinin SİP kabellərlə təmin edilməsi ilə bağlı inventar və avadanlıqlar gətirilmiş və kabelləşmə işinə başlanılmışdır. Hazırda 1300-ə qədər abonenti əhatə edən Şəhər-1 hava xəttinin SİP kabellə çəkilişi başa çatmaq üzrədir.
Rayon İcra Hakimiyyətinin aidiyyatı şöbəsi, şəhər icra nümayəndəliyi bu məsələni ciddi nəzarətdə saxlamaqla işlərin gedişinə yaxından köməklik göstərməlidirlər.
Rayon elektrik şəbəkəsinin rəhbərliyi kəndlərin elektrik enerjisi ilə fasiləsiz və itkisiz təmin edilməsi məqsədi ilə sıradan çıxmış elektrik dirək və naqillərin şəhərdən çıxan yararlı avadanlıqlarla əvəz olunmasını təmin etməlidir.
Ötən il rayon mərkəzində və kəndlərdə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin, köhnəlmiş naqillərin, texniki cəhətdən nasaz olan sayğacların dəyişdirilməsi, sıradan çıxmış transformatorların yenisi ilə əvəz olunması diqqət mərkəzində saxlanılmışdır.
Belə ki, 10 kv-lıq elektrik hava xəttinin 12,4 km, 04 kv-lıq elektrik hava xəttinin isə 14,9 km hissəsində əsaslı təmir işləri aparılmlşdır. Transformatorlardan 25 ədədi əsaslı, 45 ədədi isə cari təmir edilmiş, 832 mənzilə elektrik sayğacı quraşdırılmışdır.
Şəhər ərazisinin 0,4 kv-luq hava xəttinin 4,3 km, kənd ərazisinin isə 24,4 km hissəsi SİP kabel xətti ilə çəkilmişdir.
Görülmüş işlərlə yanaşı şəbəkənin fəaliyyətində nöqsanlar qalmaqdadır.
Küləkli və yağmurlu havalarda elektrik enerjisinin verilişində fasilələr yaranır, il ərzində sayğaclara müdaxilə edən 868 abonentə (821 əhali) akt tərtib olunsada, bu tam reallığı əks etdirmir, enerji israfçılığına və digər neqativ hallara qarşı mübarizə gücləndirilmir.
İstifadə edilmiş enerji daşıyıcılarının dəyərinin yığımı 2013-ci ildə əhali sektoru üzrə 62,6%, ümumilikdə isə 79,1% təmin edilmişdir ki, bu da yol- verilməzdir.
Nasos stansiyalarına enerji verilişində çoxlu sayda lüzumsuz açılmalara yol verilir. Bu da nasosların sıradan çıxmasına , işə bərpa olunmasında çox böyük çətinliklər yaradır və suyun verilişində yaranan fasilələr əhalinin haqlı narazılığına səbəb olur.
Rayon əhalisi 100 faiz elektrik enerjisi ilə təmin olunmuş, 100 faiz sayğaclaşma aparılmışdır.
Rayon elektrik şəbəkəsinin rəhbərliyi nöqsanların aradan qaldırılmasına, əhalinin elektrik enerjisi ilə fasiləsiz təminatına, sıradan çıxmış elektrik dirək və naqillərin tez bir zamanda yenisi ilə əvəz olunmasına, SİP kabelləşmə və kart-sayğac sisteminə keçirilməsi yönümündə aparılan işlərə diqqəti daha da artırmalı, enerjinin dəyərinin yüz faiz həcmində ödənilməsi üçün bildirişlərin vaxtında paylanılmasına, sayğaclara müdaxilə və qanunsuz qoşulma hallarına qarşı qəti mövqe göstərməlidir.
Dövlət Proqramına uyğun olaraq 2013-ci ildə təbii qazla təhciz olunmayan şəhərin ayrı-ayrı məhəllələrinin, kəndlərin qazlaşması işi davam etdirilmişdir.
Kənddaxili qaz xətləri çəkilərək Çöhranlı kəndində 248, Bağman kəndində isə 115 mənzilə sayğacların quraşdırılması işi başa çatdırılmış və təbii qaz verilişi bərpa edilmişdir.
Şəhərin ayrı-ayrı məhəllələrində, kəndlərdə 544 mənzil qazlaşdırılmış, 2470 ədəd köhnə qaz sayğacı yenisi ilə əvəz edilmiş, 238 sayğaca müdaxilə, 36 ədəd qeyri-qanuni qoşulma aşkar edilərək cərimə sanksiyaları tətbiq olunaraq təbii qaz verilişi dayandırılmışdır.
Rayonun Xınıslı, Muğanlı, Sor-sor, Şilyan və Qarasu kəndlərinə ümumilikdə 25,6 km uzunluğunda daşıyıcı kəmərlər çəkilmiş və bu işlər davam etdirilir.
Atakişili kəndinin genişlənən hissəsinin layihə-smeta sənədləri hazırlanıb və yaxın aylarda işlərə başlanılacaqdır.
2014-cü ilin I rübündə rayonun Sor-sor, Muradxan, Çərtəyəz, Çöl-ərəb, Ərəbxana, Karrar, Karrar qəsəbə, Xınıslı və Muğanlı kəndlərində daxili qaz xətlərinin çəkilişinə başlanılacaqdır.
Rayonun 62 yaşayış məntəqəsindən 22, mövcud 20457 abonentdən isə 10879-u ( 53,2%) qazlaşdırılmışdır.
Rayon Qaz İstismarı sahəsinin rəhbərliyi nəzərdə tutulmuş yaşayış məntəqələrinin qazlaşdırılması işinin sürətləndirilməsini, korroziyaya uğramış kəmərlərin vaxtında dəyişdirilməsini təmin etməli, sayğaclara müdaxilə edən abonentlərə qarşı ciddi mübarizə aparılmasını təşkil etməlidir.
Bütün görülən işlərlə yanaşı idarənin fəaliyyətində nöqsanlar qalmaqdadır.
Korroziyaya uğramış kəmərlərin dəyişdirilməsində ləngimələrə yol verilir ki, bu da qaz itkisinə səbəb olur. Debitor borcu olan abonentlərlə maarifləndirmə işi zəif aparılır. Qış aylarında şəhərin bəzi küçələrində təbii qazın düzgün tənzimlənmədiyindən şikayətlər olur.
2013-cü il ərzində əhali tərəfindən 83,3 %, ümumilikdə isə 87 % təbii qazın dəyəri ödənilmişdir. Bəzi ərazilərdə, Böyük Kəngərli kəndində 68%, Mürtülü kəndində 70%, Şıxımlı kəndində 70%, Qarasaqqal kəndində 71% həcmində təbii qazın dəyəri ödənilmişdir ki, bu da yolverilməzdir.
Odur ki, rayon Qaz İstismarı sahəsinin rəhbərliyi bu sahədə konkret tədbirlər görməli, öz işçilərinə qarşı tələbkarlığı daha da artırmalı, bildirişlərin istehlakçılara vaxtında paylanmasında intizam yaratmalı, təbii qaz itkisinin qarşısı alınmalıdır.
Dövlət Proqramına uyğun olaraq əhalinin içməli suya olan tələbatını yaxşılaşdırılmasına, eyni zamanda kanalizasiya şəbəkəsinin yenidən qurulmasına başlanılmışdır.
Ağsu rayonunun Külüllü bulağından Kürdəmir şəhərinə 29 min p/m uzunluqda, diametri 500-600 mm polietilen borudan ibarət olmaqla mağistral su xətti çəkilmişdir. Ərəbmehdibəy kəndində tutumu 7500 m3 olan su anbarının tikintisi başa çatdırılmışdır.
Layihə üzrə ümumi uzunluğu 132,4 min p/m olan daxili içməli su xəttinin 131 min p/m-nin, ümumi uzunluğu 115 min p/m olan kanalizasiya şəbəkəsinin 21,7 min p/m –nin, 6,2 min p/m olan tunelin isə 1,3 min p/m-nin və ya 6 ədəd yeraltı baxış quyusu ilə birlikdə çəkilişi başa çatmışdır.
6500 abonenti və ya 22 min nəfəri əhatə edən bu layihə çərçivəsində artıq 4 min abonentin mənzilinə öncədən ödəmə sistemli smart elektron su sayğacları quraşdırılaraq aktivləşdirilmiş və bu işlər davam etdirilir.
Lakin, su xətlərinin çəkilişi zamanı boruların birləşməsində istifadə olunan elektrik muftalarının keyfiyyətsizliyi tez-tez qəzalar, izolyasiya zamanı isə yol verilmiş nöqsanlar ucbatından şaxtalı havalarda suyun donması halları baş verir ki, bu da haqlı narazılığa səbəb olur.
Bu işlərin vaxtında və keyfiyyətlə görülməsi rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, Memarlıq və Tikinti şöbələri tərəfindən gündəlik nəzarətə götürülməli, yeni şəbəkənin çəkilişi başa çatana qədər köhnə xətlərin işlək vəziyyətdə olması üçün lazımi tədbirlər hazırlayıb həyata keçirilməlidir.
Kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən daha 15 kənddə bulaqların inşa edilməsinə başlanılmışdır.
Əhaliyə göstərilən kommunal xidmətin səviyyəsinin yüksəldilməsi, şəhərimizin bütün küçə və meydanlarının daima təmiz və səliqəli saxlanılması bu sahəyə xidmət göstərən müvafiq qurumların ən başlıca vəzifələrindəndir.
Kommunal xidmətin yaxşılaşdırılması məqsədi ilə əvəzsiz olaraq rayonumuza verilmiş xüsusi texnikalardan səmərəli istifadə olunmalı, bu maşınların imkanlarından küçələrdə təmizlik işlərinin aparılmasında maksimum istifadə edilməlidir.
Əhaliyə göstərilən bu xidmət sahələrinin fəaliyyətində nöqsan və çatışmazlıqlar qalmaqdadır.
Kommunal Müəssisələr Kombinatı xidmət göstərdiyi ərazidə məişət tullantılarını götürsə də, bir çox mərkəzi küçələr həmişə süpürülmür, küveyt və keçid boruları müntəzəm təmizlənmir ki, bu da yağıntılar zamanı tutulmalara səbəb olur, məişət tullantılarını xüsusi ayrılmış yerlərə atmayan sakinlərə qarşı cərimə sanksiyaları tətbiq olunmur, bununla yanaşı istər Kommunal Müəssisələr Kombinatı, istərsə də Mənzil İstismarı Sahəsi əhaliyə və eləcədə ticarət obyektlərinə göstərilən xidmətə görə çox cüzi miqdarda xidmət haqqı yığırlar.
Mənzil istismar sahəsi tərəfindən evlərin fasadlarını eybəcər vəziyyətə gətirmiş, qanunsuz artırma və tikililər aparmış sakinlər barəsində ciddi ölçü götürülmür, onların sökülməsi üçün aidiyyatı orqanlar qarşısında məsələ qaldırılmır.
Qeyd olunan ciddi nöqsan və çatışmamazlıqları aradan qaldırmaq məqsədi ilə adı çəkilən təşkilat rəhbərlərinə, şəhər icra nümayəndəsinə və bələdiyyə sədrinə dəfələrlə ciddi irad tutulmasına baxmayaraq əməli addımlar atılmır.
Ona görə də, rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi şəhər icra nümayəndəliyi, bələdiyyə və xidmət təşkilatları ilə birlikdə tədbirlər planı hazırlamalı, əhalini narahat edən məsələlərin tez bir zamanda aradan qaldırılmasını təmin etməlidir.
Hörmətli yığıncaq iştirakçıları!
Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur.
Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq ötən il rayonun 7 kəndində, Sığırlı, Şilyan, Cəyli, Köhünlü, Qaramahmudlu, Xəlsə, Qarabucaq kəndlərində, ümumilikdə 1740 şagird yerlik yeni tədris binaları tikilib istifadəyə verilmişdir.
Rayon İcra Hakimiyyətinin ardıcıl və məqsədyönlü işi nəticəsində hər biri 180 şagird yerlik olan Mürtülü və Xınıslı kənd tam orta məktəb binalarının tikintisi plana salınmış və tikinti işlərinə başlanılmışdır. Bu il daha 5 məktəb binasının tikintisi planlaşdırılır.
2013-cü tədris ilində 216 şagird ali, 91 nəfər isə orta ixtisas məktəblərinə qəbul olunmuşlar ki, bu da ötən ilki göstəricidən çoxdur.
Qəbul olunanlardan 6 nəfəri 600, 24 nəfəri isə 500 baldan çox nəticə göstərmişlər.
Ölkə Prezidentinin müvafiq Sərəncamları ilə ötən il Şəhər 1 saylı tam orta məktəbi “Ən yaxşı ümumtəhsil məktəbi”, Şəhər 3 saylı tam orta məktəbin azərbaycan dili və ədəbiyyatı müəllimi Musayeva Əsbət İsaxan qızı “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri olmuş, Şəhər 1 saylı tam orta məktəbin fizika müəllimi Baloğlanova Lamiyə Tofiq qızı isə ”Əməkdar müəllim” adına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərancamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strateğiyası”ndan irəli gələn vəzifələrin- təhsil alanların şəxsiyyət yönümlü təhsil məzmunun yaradılmasını, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini, təhsildə nəticələrə görə cavabdehlik, şəffaf və səmərəli idarəetmə mexanizminin yaradılmasını, müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasını, ölkədə iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin yaradılmasını, məktəblərdə müəllim əməyinin stimullaşdırılmasını həyata keçirilməsini təmin edilməsi üçün müvafiq tədbirlər planı hazirlanmalı və icrası nəzarətdə saxlanılmalıdır.
Əldə edilmiş nailiyyətlərlə yanaşı hələ də bu sahədə nöqsanlar qalmaqdadır.
Bir sıra məktəblər uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir. Bəzi məktəblərdə şagirdlərin bilikləri aşağı səviyyədədir.
Hər bir şəraitin yaradılmasına baxmayaraq Sor-sor, Söyüdlər, Beyi, Şilyan,Qarasu,Garıs Əyribənd kənd tam orta məktəblərinin Xl sinfini bitirən şagirdlərdən bir nəfər belə ali məktəblərə qəbul olunmamışdır.
Yeni inşa edilmiş məktəblərin hamısında əsas fənlər üçün nəzərdə tutulmuş laboratoriyaların təchizatı və fəaliyyəti günün tələbləri səviyyəsində deyildir.
Ona görə də, rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi rayon Təhsil şöbəsinin rəhbərliyi ilə qeyd olunan nöqsanların aradan qaldırılmasına, təhsil müəssisələri rəhbərlərinin məsuliyyətini artırmaqla tədrisin keyfiyyətinin yüksəldilməsinə, gənc nəslin sağlam, savadlı və vətənpərvər vətəndaş kimi tərbiyə olunmasına nail olmalıdır.
Gənclərimizin peşə yönümlü ixtisaslara yiyələnməsinə ciddi əhəmiyyət verilməlidir.
Son vaxtlar istifadəyə verilmiş iri müəssisələrə, yuxarıda qeyd olunduğu kimi rayona verilmiş müasir kombaynları idarə etmək üçün mütəxəssislərə ehtiyac vardır.
Müxtəlif sahələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Peşə Liseyi belə müəssisələrlə əlaqəli iş birliyi qurmalı və zəruri ehtiyac olan sahələr üzrə peşə hazırlığını həyata keçirməlidir.
MRX-nin əsas binasında Regionların Sosial iqtisadi inkişafı Dövlət Proqramına əsasən rekonstruksiya və əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilmişdir.
Müasir tibbi avadanlıqlarla təhciz olunmuş 157 çarpayılıq xəstəxanada əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi və keyfiyyəti yüksəlmiş, yeni hemodialez şöbəsi fəaliyyətə başlamış, 1 ədəd “Mersedes” markalı Ambulans təcili tibbi xidmət maşını alınmişdir.
Lakin, tibb məntəqələrinin evlərdə yerləşməsi, kadr çatışmamazlığı, təcili tibbi yardım maşınlarının azlığı və köhnə olması, dərman və yanacaq üçün büdcə vəsaitinin azlığı rayon səhiyyə sistemində əldə olunmuş nailiyyətlərlə yanaşı mövcud olan nöqsanlardandır.
Rayonun 23 kəndində tibb məntəqələrinin inzibati binaları olmadığından fəaliyyətlərini evlərdə göstərirlər, səhiyyə müəssisələri ixtisaslı həkim və orta tibb işçiləri ilə tam təmin olunmadığından əhaliyə tibbi xidmət aşağı səviyyədə göstərilir, ayrılan tibbi dərman peraparatları təlabatı ödəmir, yanacaq çatışmazlığı və təcili tibbi yardım maşınlarının azlığı və köhnə olması səbəbindən rayon mərkəzindən uzaqda yaşayan sakinlərə xidmətin göstərilməsin-də çətinliklər yaranır ki, bu da əhalinin narazılığına səbəb olur.
Əsasən cərrah, travmatoloq, anestezioloq-reanimatoloq, onkoloq, otolorin-qoloq kadrlarına kəskin ehtiyac vardır.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən infeksion-yolxucu xəstəliklərin qarşısının alınması, xəstəliklərin yaranma mənbələrinin aşkar edilməsi və ərazilərdə sanitar-profilaktik tədbirlər keşirilməsi işi gücləndirilsədə, fəaliyyətində nöqsan və çatışmazlıqlar qalmaqdadır.
Belə ki, hələ də səkilərdə və sanitariya qaydalarına uyğun olmayan yerlərdə ticarət aparılır, rayonun müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə və ticarət obyektlərində GEM tərəfindən sanitar yoxlamalar səthi keçirilir, antisanitar vəziyyətdə fəaliyyət göstərən obyektlər barəsində ciddi qərar az qəbul edilir.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, Baytarlıq idarəsinin rəhbərliyi rayon əhalisinin yolxucu xəstəliklərdən müdafiə olunması istiqamətində sanitar nəzarəti gücləndirməklə, əhalinin maarifləndirilməsi məqsədi ilə seminarlar və profilaktik tədbirlər keçirilməsini diqqət mərkəzində saxlamalı, göstərilən nöqsanlardan nəticə çıxarmalıdırlar.
Rayonda maddi və mədəni irsin qorunması və inkişaf etdirilməsi, əhalinin asudə vaxtının daha səmərəli təşkili, mədəni-kütləvi tədbirlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilmişdir.
“Gənc Heydərçilər” parkında hər həftə bölgələr üzrə özfəaliyyət kollektivlərinin maraqlı konsert proqramları ilə rayon ictimaiyyəti qarşısında çıxış etmələri ənənə halını almışdır.
Lakin, mədəniyyət müəssisələrinin əksəriyyət hissəsi keçmiş kolxoz və sovxozlardan qalma klub və diğər uyğunlaşdırılmış binalarda yerləşdiyindən yerlərdə mədəni-kütləvi tədbirlərin keçirilməsində, kütləviliyin təmin olunmasında çətinliklər yaranır.
Rayon Uşaq İncəsənət məktəbi üçün binanin tikintisinə, rayon Mədəniyyət evinin və “Nizami” adına kinoteatrın əsaslı şəkildə yenidən qurulmasına ehtiyac vardır.
Hörmətli yığıncaq iştirakçıları!
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği rayon İcra Hakimiyyəti Başçısı Aparatının apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir.
Heydər Əliyev Mərkəzinin, burada yaradılmış tədqiqat qrupunun, dərnəklərin fəaliyyəti təkmilləşdirilmiş,əhalinin bütün təbəqələrini cəlb etməklə tədbirlərin keçirilməsinə diqqət artırılmışdır.
İctimaiyyət arasında nüfuza, təbliğat sahəsində səriştə və təcrübəyə mailk olan təbliğat qruplarının hər həftə əhalinin müxtəlif zümrələri ilə görüşləri təşkil olunmuş, möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin təbliği ilə bağlı məqsədyönlü ictimai-siyasi tədbirlər həyata keçirilmişdir.
Rayonda yeniyetmələrin və gənclərin fiziki hazırlığının artırılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində rayon Gənclər İdman idarəsi və Kürdəmir Olimpiya İdman Kompleksi tərəfindən il ərzində bir sıra silsilə tədbirlər həyata keçirilmişdir.
“Gənclər Evi”ndə gənclərin asudə vaxtının səmərəli təşkili, elmi dünya- görüşünün artırılması, xarici dillərin öyrənilməsi, işguzar fikir və təcrübə mübadiləsi aparılması istiqamətində təşkil olunmuş kursar fəaliyyətini davam etdirmiş, kursları başa vurmuş müdavimlərə sertifikatlar təqdim edilmişdir.
Yeniyetmələr və gənclər arasında “Şəhidlər unudulmur”, “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Heydər Əliyev – daim zirvədə olan şəxsiyyət”, “Xocalı faciəsi qan yaddaşımızdır” mövzularında inşa yazı, “Heydər Əliyev və Azərbaycan”mövzusunda rəsm müsabiqələri, idmanın mini futbol, futbol, voleybol növü üzrə rayon birinciliyi, stolüstü tenis,Yunan-Roma güləşi, “Cəsurlar”, “Şahin” hərbi idman oyunları təşkil olunaraq keçirilmiş, qaliblər müəyyən edilərək rayon İcra Hakimiyyəti Başçısının qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.
Müxtəlif idman növləri üzrə rayon idmançıları fərdi və ya komanda halında zona və Respublika yarışlarnda da fəal iştirak etmişlər.
Nəzərinizə çatdırmaq istəyirəm ki, bədən tərbiyəsi və idmana qarşı meyilli olan insanların, xüsusi ilə uşaqlar və gənclər arasında təşviqi, həmçinin Olimpiya hərəkatının genişlənməsində yarışların yüksək səviyyədə keçirilməsi üçün göstərdiyi dəstəyə görə Kürdəmir Olimpiya İdman Kompleksi Respublikada ilin ən yaxşısı kompleks adına layiq görülmüşdür.
Gənclərimizin Milli Ordu sıralarına hərbi xidmətə göndərilməsi bayram əhval ruhiyyəsində təşkil olunur, bayram və tarixi günlərdə hərbi hissələrdə konsert proqramları təşkil edilmiş, əsgərlərə ərzaq sövqatları paylanmış, hərbi hissələrə müxtəlif çeşiddə tikinti materialları ilə köməklik göstərilmişdir.
Rayonda fəaliyyət göstərən ictimai təşkilatlar və dini qurumlarla daim əlaqə saxlanılır, onlar tarixi və əlamətdar günlərdə, bayramlarda keçirilən mədəni-kütləvi tədbirlərə dəvət olunurlar.
“Dini etiqad azadlığı haqqında” qanunun tələbləri pozulmamış, dini durum nəzarətdə saxlanılmış, xaricdən istiqamətləndirilən missionerlərin fəaliyyəti müşahidə olunmamışdir.
Lakin, bəzi gənclərlə ideloji sahədə işin zəif təşkili, dini mövzuda görüşlərin az keçirilməsi onların digər ənənəvi olmayan təriqətlərə meyl göstərməsi müsahidə olunur.
Ona görə də, rayon icra Hakimiyyətinin müvafiq şöbəsi, təhsil şöbəsi, gənclər və idman idarəsi, dini icmalar rayon əhalisi, xüsusilə gənclər arasında bu yönumdə tədbirlərin keçirilməsinə diqqəti daha da artırmalı, milli-mənəvi dəyərlərimizə hörmət hissinin tərbiyə olunması, hərbi vətənpərvərlik, Azərbaycan dövlətçiliyinə sədaqət, Azərbaycan Respublikasının dövlət rəmzlərinin təbliğ edilməsi daim diqqət mərkəzində saxlanılmalıdirlar.
Rayonumuzda məskunlaşmış məcburi köçkünlərin problemləri diqqət mərkəzində saxlanılmışdır. Ötən ilin may ayında əsən güclü külək məcburi köçkünlərin məskunlaşdığı Peşə Litseyinin üst damını atmışdı.Rayon İcra Hakimiyyətinin dərhal müdaxiləsindən sonra həm Liseyin, həm də Babək küçəsindəki usaq bağçasının üst damları təmir edildi.
Məcburi köçkünləri himayəyə götürən Respublika Ədliyyə Nazirliyinin kollektivi hər il olduğu kimi 2013-cü ildə də bayram ərəfələrində məcburi köçkünlərlə görüşlər keçirmiş, onlara bayram sovqatları paylamışlar.
“Dövlətqaçqınkom”un xətti ilə rayonumuzda məskunlaşmış məcburi köçkün ailələrinə payız-qış mövsümündə yanacaq yardımı paylanılmışdır.
Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur.
2013-cü ildə rəsmi müraciət etmiş1552 nəfərdən 1244 ailəyə (2012-ci ildə 1078 ailə) ünvanlı sosial yardım təyin edilmiş və bütün sosial müavinətlərin, təqaüdlərin plastik kartla bankomatlar vasitəsi ilə ödənişi təmin edilmişdir.
Ünvanlı sosial yardım ala bilməyən vətandaşlar icra Hakimiyyətinə və digər orqanlara müraciətlər edirlər. Ona görə də, rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yeni rəhbərliyi əhali arasında, İnzibati ərazi vahidliklərində sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması və imtina səbəblərinin vətəndaşlara tam izah edilməsini təşkil etməlidir.
Rayon üzrə orta aylıq pensiyanın məbləği 154,13 manata çatmışdır.
İl ərzində 399 nəfərə pensiya təyin edilmiş, ümumilikdə 13191 nəfər pensiyaçı pensiyalarını plastik kartlarla bankomatlardan alırlar.
Bütün bayramlarda, əlamətdar günlərdə Böyük Vətən müharibəsi veteranlarına, Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, Çernobıl əlillərinə, yetim uşaqlara, 500 ailədən çox imkansız ailələrə icra Hakimiyyətinin təşkil etdiyi ərzaq bağlamaları və nəğd pul verilmişdir.
Ötən il bu yönümdən olan məqsədlər üçün 31,2 min manat həcmində vəsait xərclənmişdir.
Ümummilli Lider Heydər Əliyevin yaratdığı, Möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən dövlətçilik siyasətinin əsasını təşkil edən möhkəm dövlət intizamı və qanunçuluğa söykənən iş prinsipi, səmərəli idarəetmə mexanizmi, bütün strukturların sıx, qarşılıqlı əlaqəsi rayonumuzda tam təmin olunmuşdur.
Dövlətçilik və müstəqillik mövqeyində dayanan rayonun hüquq-mühafizə orqanları vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlığa qarşı mübarizə və ictimai-siyasi asayişin qorunması sahəsində ardıcıl olaraq iş aparmışlar.
2013-cü ildə 185, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 cinayət hadisəsi az qeydə alınmışdır. Baş vermiş cinayət hadisələrinin 84,9 faizinin açılması təmin edilmişdir.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində bir sıra əməliyyat-profilaktiki tədbirlər həyata keçirilmişdir.
Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 13, DİN-nin Baş Narkotiqlərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində daha 11 fakt aşkar edilmişdir.
Rayonun hüquq mühafizə orqanları cinayətkarlıq və hüquq pozuntularına qarşı bundan sonra da ardıcıl və ciddi tədbirləri davam etdirməlidirlər.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tam ciddiliyi ilə davam etdirilməli, bu məqsədlə rayonda sahibkarlığın inkişafı üçün daha əlverişli şəraitin yaradılması, əsassız yoxlamalara son qoyulması, vətəndaşların qəbulu, müraciətlərinə baxılması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün müvafiq komissiya fəaliyyətini gücləndirməli, neqativ halları ifşa etməlidir.
Şəhərin, qəsəbə və kəndlərimizin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələr müəyyən rol oynayır.
Keçirilmiş tədbirlər, göstərilmiş metodiki köməkliklər nəticəsində rayon üzrə 1 şəhər, 2 qəsəbə və 27 kənd bələdiyyəsinin bəzilərinin fəaliyyətlərində müəyyən canlanma müşahidə edilməkdədir.
2013-cü ildə “Bir bələdiyyə-azı bir layihə“ təşəbbüsü çərçivəsində bir çox layihələr həyata keçirilmişdir.
Bu layihələr çərçivəsində şəhər ərazisində bir küçənin abadlaşdırılması, kəndlərdə qrunt sularını aparan, əkin sahələrini suvaran kanalların lildən təmizlənməsi, kəndarası və məhəllə yollarının təmiri, yol kənarına ağac əkini və sair sosal layihələr icra olunmuşdur.
“Yerli demokratiya həftəsi” çərçivəsində rayon bələdiyyələri tərəfindən 117 görüş keçirilmiş və bu görüşlərdə 7274 vətəndaş iştirak etmişdir.
Bütün bələdiyyə sədrləri, bələdiyyə üzvləri nəzərə almalıdırlar ki, bu ilin sonunda bələdiyyələrə seçkilər keçiriləcəkdir.
Ona görə də, onlar üzərlərinə götürdükləri vəzifələrin öhdəsindən layiqincə gəlməli, onlara səs vermiş vətəndaşların etimadını doğrultmalıdırlar.
Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən rayonun bütün kəndlərində hüquq-mühafizə orqanları rəhbərlərinin, aidiyyatı xidmət təşkilatları rəhbərlərinin iştirakları ilə səyyar görüşlər keçirilmiş, yerli əhalinin problemləri hərtərəfli araşdırılaraq aidiyyatı rəhbər şəxslərə müvafiq göstərişlər verilərək operativ həll olunması nəzarətdə saxlanılmışdır.
Ötən il rayon İcra Hakimiyyəti Başçısı tərəfindən əhali ilə yerlərdə 48 səyyar görüş keçirilmiş, görüşlərdə 309 məsələ qaldırılmışdır. Qaldırılan məsələlərin 34-ü rayon Fövqəladə Hallar Komissiyasında qeydiyyata alınmış, 23 məsələ rayon İcra Hakimiyyəti Başçısı Aparatının Aqrar məsələlər şöbəsinə tapşırılmış, 15 məsələ ilə bağlı rayon Məşğulluq Mərkəzinə müraciət etməsi tövsiyə olunmuş, 45 məsələ rayonun sosial-iqtisadi inkişafı proqramına salınmış, 192 məsələ isə öz müsbət həllini tapmışdır.
2013-cü ildə rayon İcra Hakimiyyəti Başçısı Aparatında 2426 nəfər vətəndaş qəbul edilmişdir ki, onlardan 1397 nəfəri rayon İcra Hakimiyyəti Başçısı, 1029 nəfəri isə İcra Hakimiyyəti Başçısısının müavinləri tərəfindən fərdi qaydada qəbul edilmişdir
Rayon İcra Hakimiyyəti Başçısı Aparatına 2013-cü ildə vətəndaşlardan 1823 ədəd, ötən il ilə müqayisədə 321 ədəd (15%) az müraciəti daxil olmuşdur.
Daxil olmuş müraciətlərin 809 ədədi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 56 ədədi Milli Məclisdən, 27 ədədi Nazirlər Kabinetindən,136 ədədi digər yuxarı Respublika təşkilatlarından, 795 ədədi isə bilavasitə vətəndaşlar tərəfindən göndərilmiş ərizə və şikayətlərdir.
Ümumilikdə daxil olmuş ərizə və şikayətin 780 ədədi və ya 42,8 faizini Kür çayının daşması və güclü leysan yağışları nəticəsində vətəndaşların evlərinə dəymiş ziyanlıqla əlaqədar köməklik göstərilməsi barədədir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından nəzarətlə daxil olmuş 28 ədəd ərizə və şikayətə, eyni zamanda digər daxil olmuş müraciətlərə diqqətlə yanaşılmış, qeyd olunan məsələlər araşdırılaraq müvafiq tədbirlər görülmüş, lazımi əməli köməkliklər göstərilmiş, ərizələrə baxılmasının nəticələri barədə vətandaşlara və aidiyyatı yuxarı respublika orqanlarına rəsmi olaraq cavablar göndərilmişdir.
“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə müəyyən edilmiş vəzifə və səlahiyyətlərin həyata keçirilməsində İHB aparatında və 10 ərazi nümayəndəliyində idarəetmənin müasir stil və metodları, informasiya texnologiyalarınin tətbiq olunması, Operativ idarəetmə Mərkəzinin işiinin təşkili nəticəsində yerlərlə canlı əlaqənin yaranması, eyni vaxtda bütün ərazilər haqqında məlumatın toplanması, həmçinin müvafiq tapşırıqların verilməsi xeyli sürətlənmiş və müqayisə olunmayacaq dərəcədə iş rejimini yüngülləşdirmişdir.
Hörmətli yığıncaq iştirakçıları!
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş 09 yanvar 2014-cü il tarixli iclasındakı çıxışlarında qarşımızda mühüm vəzifələr qoymuşdur.
Cənab Prezident 2014-cü ili “Sənaye İli” elan etmişdir.
Ölkə rəhbərinin tələblərinə uyğun olaraq və yeni qəbul olunacaq 2014-2018-ci illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının layiqincə yerinə yetirilməsində hər birimiz daha məsuliyyətlə işləməli, abadliq-quruculuq işlərinin tempini daha da surətləndirməli, yeni emal və sənaye müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması üçün ardıcıl və məqsədyönlü iş aparmalıyıq.
Bu yolda hər birinizə uğurlar diləyirəm.