Kürdəmirdə ” Azərbaycanda istehlakçı hüquqları qorunur “mövzusunda konfrans keçirilmişdir
Yanvarın 24-də rayon Mədəniyyət Evində Kürdəmir rayon İcra Hakimiyyəti Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə birgə "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə aidiyyyəti dövlət qurumlarının ,ictimai təşkilatların nümayəndələri və 300-dən çox istehlakçı iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Vasif Məmmədov tədbir iştirakçılarını və qonaqları salamlamış, Respublikamızda aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq əhalinin etibarlı sosial müdafiəsinin təmin olunduğunu ,maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdığını ,əhalinin gəlirlərinin və alıcılıq qabiliyyətinin ilbəil artdığını qeyd etmişdir.
Sonra İstehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev 2013-cü ildə həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan müxtəlif növ ərzaq mallarının satışdan çıxarılaraq məhv edildiyini bildirmişdir. İstehlakçıların hüquqlarının qorunmasında inzibati tədbirlərlə yanaşı, istehlakçıların və sahibkarların maarifləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.
Tədbirin sonunda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanmışdır.