Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə bayram şənliyi təşkil olundu

30 dekabr 2013 | 16:00

Dekabrın 29-da rayonun “Kürdəmir  sarayı”nda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təntənəli ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin, veteranların, ağsaqqalların, gənclərin, idmançıların, aztəminatlı ailələrin və ictimaiyyətin digər  nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü il açan Kürdəmir rayon İcra Hakimiyyəti  Başçısının   birinci müavini Vasif Məmmədov 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə bütün kürdəmirliləri təbrik etmiş onlara ən xoş arzularını çatdırmışdır. Qeyd etmişdir ki, Dünya  Azərbaycanlılarının həmrəylik günü Ümummilli lider, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olmaqla, 31 dekabr Azərbaycan xalqının, dünyanın ayrı-ayrı ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının həmrəylik tarixdir. 2013-cü il xalqımızın yaddaşında  həm də həyatımızın bütün sahələrində əsaslı dəyişikliklər, dinamik inkişaf, mühüm tarixi günlərlə zəngin bir dövr kimi qalacaqdır. Müstəqilliyimiz son 10 ildə daha da möhkəmləndirilmiş, ictimai-siyasi sabitlik davam etmiş, respublikamızda hüquqi, demokratik, dünyəvi quruculuq prosesi, bazar iqtisadiyyatı prinsipləri uğurla inkişaf etdirilmiş, ordu quruculuğu təkmilləşdirilmiş, sosial-iqtisadi və mədəni həyatımızın bütün sahələrində əsaslı irəliləyişə nail olunmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən səmərəli, ardıcıl və məqsədyönlü tədbirlər görülmüş, yeni iş yerləri yaradılmış, yoxsulluğun aradan qaldırılmasına, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin artırılmasına hərtərəfli qayğı göstərilmişdir. Respublika əhalisinin, xüsusilə aztəminatlı insanların maddi-rifahının yüksəldilməsinə, əmək haqqı, pensiya və müavinətlərin artırılmasına dövlət siyasətində mühüm yer ayrılmışdır.
  Vasif Məmmədov bildirmişdir ki, 2013-cü il Kürdəmir rayonun da tarixində çox böyük əhəmiyyətə malik bir il olmuşdur. Əvvəlki illərin ənənəsi davam etdirilərək bu il də rayonumuzda geniş tikinti quruculuq işlərinin aparılması, sosial, istehsal xarakterli obyektlərin tikintisinin genişləndirilməsi, respublikanın tanınmış elm və incəsənət xadimlərinin ictimaiyyət nümayəndələri ilə görüşləri də rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanmışdır. Son dövrlərdə yenidən qurulan və tikilib istifadəyə verilən obyektlər, Heydər Əliyev parkındakı yenidənqurma işləri, müasir tipli elektrik dirəkləri, küçələrə və yollara vurulan yeni asfalt örtüklər və digər tikinti, abadlıq işləri insanlarımız tərəfindən razılıqla qarşılanır.
Kürdəmir rayon İcra Hakimiyyəti  Başçısının   birinci müavini əldə olunan uğurlara görə ilk növbədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bütün kürdəmirlilərin səmimi təşəkkürünü və minnətdarlığını bildirmişdir.
Daha sonra 2013-cü ildə əmək fəaliyyətlərində fərqlənmiş bir qrup ziyalılara, qabaqcıl əmək adamlarına  və idmançılara qiymətli hədiyyələr təqdim edilmişdir.
Tədbirdə rayonun incəsənət ustalarının çıxışları oldu, bir-birindən rənagarəng nəğmələr səsləndirildi. Yeni ilin simvolu Şaxta baba və Qar qız balacalara yeni il hədiyyəsi payladı. Təşkil olunan bayram konserti iştirakçılarda xoş ovqat yaratdı.

Keçidlər