Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunun 2013-cü ilin doqquz ayında sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Cənab İrşad Nadir oğlu Əliyevin hesabat məruzəsi

22 oktyabr 2013 | 15:00

       Hörmətli yığıncaq iştirakçıları!

2013-cü il 09 oktyabr tarixdə Azərbaycan Respublikasında keçirilən Prezident seçkilərində möhtərəm Prezidentimiz Cənab İlham Əliyev yüksək səs çoxluğu ilə yenidən Prezident seçilmişdir.

İcazə verin Sizin adınızdan bu böyük qələbə münasibəti ilə Hörmətli Prezidentimizi təbrik edim, ona cansağlığı, tarixi missiyasının yerinə yetirməsində  uğurlar arzulayım.

Ulu Öndər Heydər Əliyev strategiyasından qaynaqlanan, elmi əsaslara və bazar iqtisadiyyatı prinsiplərinə söykənən, insan amilini əsas tutan çevik iqtisadi siyasətin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etirirməsi iqtisadi inkişafın Azərbaycan modelinin alternativsiz olduğunu bir daha sübut edir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə   Nazirlər Kabinetinin 2013 cü ilin doqquz ayında sosial-iqtisadi inkişafının yekunlarına həsir olunmuş 6 oktyabr tarixli iclasında bu ilin doqquz ayında görünmüş işlər ətraflı təhlil edilmiş, qazanılan nailiyyətlər yüksək qiymətləndirilmişdir .

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yığıncaqda 9 ayda ölkə qarşısında duran bütün iqtisadi və sosial məsələrin uğurla  həll edildiyini, ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə inkşafına nail olduğunu qeyd etmişdir.

Aparılmış islahatların nəticəsində 2013-cü ilin doqquz ayında ümumi məhsul buraxılışı 5.4 faiz artmışdır. Qeyri-neft sektorunda iqtisadi artım 10,4 faiz artmışdır ki, bu da dünya miqyasında ən yüksək göstəricidir.

Sənaye sahəsində, xüsusi ilə kənd təsərrufatında istehsal təxminən 5 faiz artmışdır və burada da gələcək artım üçün gözəl potensial vardır. İnflyasiya cəmi 2.3 faiz təşkil edir. Əhalinin pul gəlirləri isə 7.6 faiz artmışdır.

Bu ilin doqquz ayında 90 min yeni iş yeri açılmışdır. Bütövlükdə isə son 10 il ərzində 1 milyon 200 mindən çox yeni iş yerləri açılmışdır ki, bu da işsizliyin xeyli azalmasına səbəb olmuşdur. Son məlumata görə Azərbaycanda işsizlik 5 faizdən aşağıdır.

Bütün sahələrdə qazanılmış uğurlar bir daha sübut edir ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə yeni və sürətli inkişaf mərhələsini yaşayır, dünya miqyasında daha da güclənir və zəngin dövlətə çevrilir.

Hörmətli yığıncaq iştirakçıları!

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2013-cü il 07 avqust tarixdə Kürdəmir rayonuna rəsmi səfəri zamanı Ulu Öndər Heydər Əliyevin əvəzedilməz irsinin daha mükəmməl öyrənilməsi, onların gənc nəsilə yetərincə aşılanması, gələcək nəsillərə layiqincə ötürülməsi məqsədi ilə ən müasir layihəyə əsasən 3 mərtəbəli “Heydər Əliyev Mərkəzi”nin, “Heydər Əliyev parkı”nın, Külüllü su xəttinin, Kürdəmir Süd Emalı zavodunun və Kürdəmir rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışını həyata keçirdi.

Ərazisi 8.5 hektar olan “Heydər” parkının giriş hissəsi yeni layihəyə əsasən 42 metr uzunluqda tağvari milli memarlıq üslubunda yenidən işlənilmiş, parkda 2700 p/m bardur düzülmüş, səkilərə 5050 m2 mozaik beton tavalar döşənmiş, 4950 m2 asfalt vurulmuş, 220 m uzunluqda hasar çəkilmiş, ölçüləri 8x16 metr olan şəlalə qurulmuş, mağara-kafe, yay kinoteatrı, avtokartinqin tikilmiş, işıqlanma sistemi  quraşdırılmışdır.

Əraziyə çoxlu sayda dekorativ ağac əkilmiş, 2,0 ha əraziyə qazon səpilmiş, 2000 metrdən çox süni suvarma xətti çəkilmişdir. 

“Gənclər Evi” rekonstuksiya olunaraq 140 m2 genişləndirilmiş, müasir atıcılıq tiri qurulmuş, əlavə sinif otağı tikilmişdir. Binada və ətrafında 600 m2 ağlay vurulmuş, 560 p/m bardur düzülmüş, 880 m2 mozaik beton tavalar döşənmişdir.

Aparılmış abadlıq-tikinti işlərinə 9 ay ərzində daxili imkanlar hesabına 1.836063 manat məbləğində vəsait xərclənmişdir.

Regionların  sosial-iqtisadi  inkişafı Dövlət Proqramına uyğun olaraq  rayon ərazisində magistral, rayonlararası və rayondaxili yolların asfaltlaşdırılması, yenidən qurulması və  təmiri   sahəsində  müəyyən  işlər   görülsə də, bu xidmət sahəsinin fəaliyyətində nöqsan və çatışmamazlıqlar qalmaqdadır.

Belə ki, şəhərin əksər küçələrində asfalt örtüyü sıradan çıxmış, bir çox kənd yolları istismara yararsız vəziyyətdədir. 

Kürdəmir-Mollakənd, Mollakənd-Söyüdlər avtomobil yolunda işlər aparılsa da Ərəbqubalı, Pirili, Şilyan, Karrar, Bağman, Böyük Kəngərli, Təklə, Qurdbayram kəndləri ilə avtomagistralı birləşdirən baş yollar istismara yararsız vəziyyətdədir.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, Memarlıq və tikinti şöbələri rayon Yol İstismar idarəsinin rəhbərliyi ilə birlikdə tədbirlər planı hazırlayıb məsələnin həll olunmasına nail olmalıdırlar.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 07 mart 2012-ci il 2081 saylı Sərəncamı ilə 14 kəndi birləşdirən, əhalisi 14 min nəfərdən çox, uznluğu 28 km olan Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisi tam başa çatdırılmış, hərəkət nizamlayıcı nişanlar qoyulmuş, yol ümumilikdə istismara buraxılmışdır. Rayon İcra Hakimiyyəti Başçısı Aparatının müvafiq şöbələri və ərazi icra nümayəndəlikləri bu yolun normal istismar edilməsinə  nəzarəti gücləndirməlidirlər.

Şəhərin Heydər Əliyev prospektində, S.X.İslamzadə, G.Orucova küçələrində abadlıq işləri davam etdirilmiş, 3338 p/m bardür düzülmüş, 4771 m2 ağlay vurulmuş, 3310 m2 piyada yolları beton tavalarla üzlənmiş, 18600 m2 asfalt döşənmiş, 690 metr uzunluqda yeni işıqlanma xətti çəkilmiş, 26 ədəd müasir işıq dirəkləri quraşdırılmış və bu işlər hazırda davam etdirilir.

S.X.İslamzadə - M.Ə.Rəsulzadə küçələri - Heydər Əliyev prospektini birləşdirən uzunluğu 2,2 km olan dolama yolu, Bakı prospekti-Aşıq Şakir-İsmət Qayıbov küçələrini birləşdirən uzunluğu 2,8 km olan II dolama yolu tikilərək istifadəyə verilmiş, avtonəqliyyatın şəhər ərazisində sıxlığı xeyli azalmışdır.
 
Uzunluğu 1,7 km olan M.P.Vaqif küçəsi dördgedişli yola rekonstruksiya olunmuş, yeni asfalt örtüyü vurulmuş, müasir işıqlanma sistemi ilə təchiz edilmiş, ərazinin görkəmi xeyli yaxşılaşmışdır. Hazırda ikitərəfli piyada yollarının düzəldilməsi işləri aparılır. 

Şəhərin Babək küçəsində də müasir tələblər səviyyəsində abadlıq və yenidənqurma işlərinə başlanılmışdır. Hazırda hasarların ağlay materialı ilə üzlənməsi, yolun dağılmış hissələrinin yenidən bərpası işləri aparılır.    

Hörmətli yığıncaq iştirakçıları!


Rayonda ilin əvvəlindən 649 yeni iş yeri açılmışdır ki, bundan 429-u daimi iş yerləridir. Onlardan 115 nəfər hüquqi, 314  nəfər fiziki, 220 nəfəri isə müvəqqəti və mövsümü işlə təmin olunanlardır.

2013-cü ilin doqquz ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 27.3 faiz artaraq 296403.9 min manat manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının 83.5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 12.7 faizi sənayedə, 39.2 faizi inşaat kompleksində, 31,6 faizi isə kənd təsərrüfatı sahələrində yaradılmışdır.

Qeyd olunmalıdır ki, 10 ildə ümumi məhsul buraxılışı 6.9 dəfə, 6.3 dəfə xidmət istehsal sahəsi, 1.7 dəfə nəqliyyat sahəsi, 1.4 dəfə rabitə sahəsi, 7,5 dəfə  ticarət və ictimai iaşə sahəsi, 18.5 dəfə sənaye sahəsi, 2.8 dəfə kənd təsərrüfatı sahəsi, 262.8 dəfə tikinti sahəsi artmışdır.

Regionların  sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq aqrar sahənin  inkişafına diqqət daha da artırılmışdır.
 
Taxıl istehsalının artırılması tədbirləri daim diqqət mərkəzində saxlanılır, bu sahədə ardıcıl işlər görülür.

Bu il indiyədək qarğıdalı dəni də daxil olmaqla 83.200 tondan çox taxıl istehsal edilmişdir ki, bu da ötən ildəkindən 9000 ton çoxdur.

Növbəti ilin məhsulu üçün taxıl əkinlərinə hazırlıq işləri aparılmış, sahibkarlar öz istehsalından 51 min  tona qədər toxum fondu ayırmış, indiyədək 25 min hektardan çox sahədə payızlıq şum qaldırılmış, 1200 hektaradək sahəyə taxıl səpilmiş, səpin işləri xeyli sürətləndirilmişdir.  Bu il 35 min hektaradan çox sahəyə taxıl əkiləcəyi nəzərdə tutulmuşdur.

Görülmüş tədbirlər nəticəsində yazlıq əkinlərdən daha çox məhsul götürülmüşdür.

1262 hektar kartof sahəsindən 13530 ton məhsul götürülmüş, hektardan məhsuldarlıq əvvəlki ildəkindən 2 sentner çox olmuşdur. 21496 ton tərəvəz, 48294 ton bostan, 401 ton günəbaxan məhsulları istehsal edilmişdir ki, bunlar da ötən ilki istehsaldan bir qədər çoxdur.

Kürdəmir Fitosanitar xidmətinin yeni bazasının tikintisi başa çatdırılmışdır.

Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Hazırda iri buynuzlu mal qaranın sayı 63.4 min başı, qoyun keçilərin sayı 132,5 min başı ötmüş, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, bu ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6.2%, süd istehsalı 17,1%,  yumurta istehsalı 0,7%, yun istehsalı 1,9% artmışdır.

Bu ilin 9 ayında 950 başadək iri buynuzlu mal süni mayalandırılmış, 680 başdan çox bala alınmışdır. Lizinq yolu ilə alınmış 158 baş cins düyə artırılaraq 300 başa çatdırılmışdır.

Cins düyələrin yüksək texnologiya ilə saxlanılması təmin olunmuşdur..

Rayondakı süd Zavodunda hazırda gündəlik 25 tondan çox süd emal olunur və bu emaldan 8 çeşiddə məhsul istehsal edilir.

Kənd təsərrüfatının inkişafında və yüksək məhsul əldə edilməsində meliorasiya işləri və suvarma sistemləri mühüm rol oynayır.

Bu sistemdə mövcud suvarma kanalları, kollektor-dren şəbəkələri təmizlənmiş, hidrotexniki qurğular, nasos stansiyaları əsasən təmir olunaraq işlək vəziyyətə gətirilmişdir.

Lakin suvarmanın təşkilində növbəliliyin düzgün nizamlanmaması, enerji təminatında fasilələrə yol verilməsi bəzi ərazilərdə əkinlərin suvarılmasının optimal müddətinin pozulması və məhsul itkisi ilə nəticələnmişdir. 

         Ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə növbəti ilin məhsulu üçün şum və digər hazırlıq işləri vaxtında və mütəşəkklik aparılmalı, ət, süd, yumurta və digər kənd təsərrüfatı məhsullarının istehsalının daha da artırılması məqsədi ilə müvafiq tədbirlər görülməlidir.

Odur ki, rayon İcra Hakimiyyəti Başçısı Aparatının Aqrar məsələlər şöbəsi və kənd təsərrüfatına xidmət edən təşkilat rəhbərləri qarşıya qoyulan vəzifələri düzgün qiymətləndirməli, məhsul istehsalının artırılması istiqamətində lazımi tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirməlidirlər.
   
  Hörmətli yığıncaq iştirakçıları!

Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.

Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı rayon əhalisinin elektrik enerjisi təminatını yaxşılaşdırmaq məqsədi ilə “Azərenerji” Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə görüş keçirmiş və SİP kabelləşmə işinin aparılması üçün razılıq əldə olunmuşdur.

Şəhər ərazisinin SİP kabellərlə təmin edilməsi ilə bağlı artıq inventar və avadanlıqlar gətirilmiş və kabelləşmə işlərinə başlanılmışdır.

Rayon İcra Hakimiyyətinin aidiyyatı şöbəsi, şəhər icra nümayəndəliyi bu məsələni ciddi nəzarətdə saxlamaqla işlərin gedişinə yaxından köməklik göstərməlidir.

Rayon elektrik şəbəkəsinin rəhbərliyi kəndlərin elektrik enerjisi ilə fasiləsiz və itkisiz təmin edilməsi məqsədi ilə kənd yerlərində sıradan çıxmış elektrik dirək və naqillərin şəhərdən çıxan yararlı avadanlıqlarla əvəz etməlidir.

İstifadə edilmiş enerji daşıyıcılarının dəyərinin 100 % ödənilməsi nəzərdə tutulduğu halda  son 9 ayda əhali sektoru üzrə cəmi 63.6 % yiğım təmin edilmişdir ki, bu da qətiyyən yol verilməzdir.

Dövlət Proqramına uyğun olaraq 2013-cü ildə təbii qazla təhciz olunmayan şəhərin ayrı-ayrı məhəllələrinin, kəndlərin qazlaşdırılmasına başlanılmışdır.

215 mənzil qazlaşdırılmış, 2150 ədəd köhnə qaz sayğacı yenisi ilə əvəz edilmiş, 255 yeni qaz sayğacı quraşdırılmışdır.

Podratçı təşkilat “Qarabağ 2008” MMC tərəfindən rayonun Xınıslı, Muğanlı kəndlərinə daşıyıcı kəmərlər çəkilmişdir.

Hal-hazırda Bağman kəndində kənddaxili qaz xətti çəkilərək 110 mənzilə sayğacalrın quraşdırılması işləri davam edirlir. Çöhranlı kəndində kənddaxili qaz xətləri çəkilərək 260 mənzilə sayğacların quraşdırılması işinə başlanılmış və ayın sonuna qədər yekunlaşacaqdır.

Atakişili kəndinin genişlənən hissəsinin layihə-smeta sənədləri artıq hazırlanıb və yaxın ayıarda işlərə başlanılacaqdır.

Rayonun Şilyan və Qarasu kəndlərinin qazlaşması üçün layihə-smeta sənədləri hazırlanmış, hazırda həmin kəndlər istiqamətində d-250 mm-lik polietilen boru ilə daşıyıcı xətt çəkilir. Lakin son vaxtlar bu işlərin gedişində ləngimələr vardır.

Rayon Qaz İstismarı sahəsinin rəhbərliyi nəzərdə tutulmuş yaşayış məntəqələrinin qazlaşdırılması işini sürətləndirməli, korroziyaya uğramış kəmərlərin vaxtında dəyişdirilməsini təmin etməli, sayğaclara müdaxilə edən abonentlərə qarşı ciddi mübarizə aparılmasını təşkil etməlidir.

2013-cü ilin doqquz ayı ərzində əhali tərəfindən 59148 manata qarşı 63268 manat, və ya 106 % təbii qazın dəyəri ödənilmişdir. Lakin buna baxmayaraq bəzi ərazilərdə Böyük Kəngərli kəndində 43%, İsmayıllı kəndində 21%, Mürtülü kəndində 37%, Şıxımlı kəndində 50%, Topalhəsənli 67%, Qarasaqqal kəndində 67%, Təklə kəndində 67 % təbii qazın dəyəri aşağı faizlə ödənilmişdir ki, bu da yol verilməzdir.
  
Odur ki, rayon Qaz İstismarı sahəsinin rəhbərliyi bu sahədə konkret tədbirlər görməli, öz işçilərinə qarşı tələbkarlığı daha da artırmalı, bildirişlərin istehlakçılara vaxtında paylanmasında intizam yaratmalı, təbii qaz itkisinin qarşısı alınmalıdır.

Dövlət Proqramına uyğun olaraq əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə rayonda əlavə III Külüllü su xəttinin 29 km magistral, 30 km rayondaxili, 1 km kanalizasiya xəttinin çəkilişi aparılmış, 2050 sayğac quraşdırılmış və 5 ədəd ötürücü quyu qazılıb istifadəyə verilmişdir. Hazırda yeni su və kanalizasiya xəttinin çəkilişi davam etdirilir.

Dövlət Proqramına uyğun olaraq əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə 2013-cü ilin III rübündə I və II Külüllü-Kürdəmir mərkəzi su xəttində təmir işləri aparılmış, bir neçə yerdə su itkisinin qarşısı alınmışdır.

H.Əliyev prospektində, İ.Məmmədov və Babək küçəsində olan su xətlərində təmir işləri aparılmışdır.

Cari ildə əhalinin fasiləsiz içməli suya olan tələbatını ödəmək məqsədi ilə su anbarları təmir olunaraq istifadəyə hazır vəziyyətdə saxlanılmış, şəhərin su olmayan küçələrinə avtomaşınlarla su verilməsi təmin edilmişdir. Qaçqın və məcburi köçkünlərə tərtib olunmuş qrafik üzrə suyun verilməsi təşkil olunmuşdur. Hazırda I Külüllü su xəttində su itkisinin qarşısını almaq üçün mütəmadi təmir işləri aparılır. 2013-cü ilin 9 ayında Ağsu rayonu ərazisində olan Külüllü bulağında 300 p/m məsafədə 2 metr dərinlikdə xəndək qazılmış, bulağın açıq hissəsi d-630 mm olan polietilen boru vasitəsi ilə ötürücü qurğuya birləşdirilmişdir. Rayonun Topalhəsənli kəndi ərazisində d-315 mm-lik polietilen boruda baş vermiş su itkisinin qarşısı alınmışdır.

2013-cü ilin III rübündə abonentlərin sayı 3293 nəfərə çatdırılmışdır.  Hazırda yeni smartkart tipli sayğacların quraşdırılmasına başlanılmışdır. Bu işlə əlaqədar ödənişlərin aparılması üçün proqramlar hazırlanmışdır.

2013-cü ilin 9 ayında şəhərin Bakı prospektində d-280 mm olan polietilen boru vasitəsi ilə 1485 p/m su xətti, H.Əliyev prospektində diametri 355 mm olan polietilen boru vasitəsi ilə 768 p/m su xətti, M.F.Axundov küçəsində d-140 mm olan polietilen boru vasitəsi ilə 686 p/m su xətti, M.Ə.Rəsulzadə küçəsində d-225 mm olan polietilen boru vasitəsi ilə 600 p/m su xətti, M.Hüseynzadə, Koroğlu, İ.Məmmədov küçələrinə d-140 m olan polietilen boru vasitəsi ilə 350 p/m su xətti çəkilmişdir. Hal-hazrıda şəhərdaxili su xətlərinin çəkilişi davam edir.

2013-cü ilin III rübündə problemli sahə olan kanalizasiya xətlərində, 1-2 saylı nasosxanalarda təmir işləri aparılmış, elektrik mühərriklərinə texniki qulluq göstərilmiş, payız-qış mövsümünə hazırlıqlar görülmüşdür.

Hazırda kanalizasiya xətlərində təmizləmə işləri aparılır.

Uzunluğu 7.5 km olan mərkəzi kanalizasiya xətti üzərində baxış quyuları təmizlənmiş, H.Əliyev, M.Ə.Sabir, R.Axundov küçələrindəki, Aran qəsəbəsindəki kanalizasiya xətlərindəki tutqular təmizlənmiş, xəttin tutulmasının qarşısının alınması məqsədi ilə metal barmaqcıqlar qoyulmuşdur.

Əhaliyə göstərilən kommunal xidmətin səviyyəsinin yüksəldilməsi, şəhərimizin bütün küçə və meydanlarının daima təmiz və səliqəli saxlanılması bu sahəyə xidmət göstərən müvafiq qurumların ən başlıca vəzifələrindəndir.

        Kommunal xidmətin yaxşılaşdırılması məqsədi ilə Respublika hökuməti tərəfindən əvəzsiz olaraq rayonumuza verilmiş xüsusi texnikalardan səmərəli istifadə olunmalı, bu maşınların imkanlarından küçələrdə təmizlik işlərinin  aparılmasında maksimum istifadə edilməlidir.

         Bütün bunlarla yanaşı rayonda əhaliyə göstərilən kommunal xidmətlərin təşkilində nöqsan və çatışmamazlıqlar qalmaqdadır.

Kommunal Müəssisələr Kombinatı xidmət göstərdiyi ərazidə məişət tullantılarını götürsə də, bir çox mərkəzi küçələr həmişə süpürülmür, küveyt və keçid boruları müntəzəm olaraq təmizlənmir ki, bu da yağıntılar zamanı su ötürücülərinin tutulmasına səbəb olur. Şəhər ərazisində məişət tullantılarını xüsusi ayrılmış yerlərə atmayan sakinlərə qarşı cərimə sanksiyaları tətbiq olunmur, bununla yanaşı əhaliyə göstərilən xidmətə görə sakinlərdən xidmət haqqı çox zəif yığılır.

Belə ki, şəhər əhalisinin 390 nəfəri ilə müqavilə bağlanılaraq 1658 manat, 96 kommersiya obyektindən isə 576 manat vəsait toplanmışdır.

Qeyd olunan ciddi nöqsan və çatışmamazlıqları aradan qaldırmaq məqsədi ilə şəhər icra nümayəndəliyi, bələdiyyə və xidmət təşkilatları ilə birlikdə tədbirlər planı hazırlamalı, əhalini narahat edən məsələlərin tez bir zamanda aradan qaldırılmasını təmin etməlidir.

Dövlət Proqramının icrası ilə əlaqədar 2013-cü ilin III rübündə 30 saylı Yol İstismarı idarəsi “Azəryolservis” ASC-nin xətti ilə Respublka Əhəmiyyətli Bakı-Ələt-Qazax və Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunda və yerli kənd yollarında 572 min manatlıq cari və orta təmir işləri görülmüş, fiziki göstəricisi 7 km olmaqla 42,0 min m2 olmuşdur.

  Dövlət Proqramının icrası ilə əlaqədar 2013-cü ilin III rübündə may və sentyabr aylarında fiziki göstəricisi 9450 m2 olmaqla 88448 manatlıq, M.Ə.Rəsulzadə küçəsində fiziki göstəricisi 92,0 min  m2 olmaqla 110,0 min manatlıq, S.Şıxəliyev küçəsində fiziki göstəricisi 13,8 min m2 olmaqla 127,0 min manatlıq  asfalt işləri görülmüşdür.

Hörmətli yığıncaq iştirakçıları!

Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur.

Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun 6 kəndində, o cümlədən 640 şagird yerlik Sığırlı, 360 şagird yerlik Z.Əhmədov adına Şilyan,  280 şagird yerlik Cəyli, 220 şagird yerlik Köhünlü kənd tam orta məktəb binalarının,  80 şagird yerlik Qaramahmudlu kənd ümumi orta məktəbinin, 80 şagird yerlik Xəlsə kənd ibtidai məktəblərin yeni tədris binaları tikilib istifadəyə verilmişdir.

Rayon İcra Hakimiyyətinin ardıcıl və məqsədyönlü işi nəticəsində 180 şagird yerlik Mürtülü, 180 şagird yerlik Xınıslı kənd tam orta məktəb binalarının tikintisi plana salınmış və tikinti işlərinə başlanılmışdır.

Bu sahədəki nailiyyətlərlə yanaşı nöqsanlar da mövcuddur.

Kənd məktəblərinin bir çoxunda sadə idman qurğuları, ibtidai hərbi hazırlıq fənləri üzrə çöl məşğələlərin aparılması məqsədi ilə təlim sahəsi yoxdur və bu səbəbdən də bir çox məktəblər hərbi idman oyunlarında, idmanın ayrı-ayrı növləri üzrə yarışlarda təmsil olunmur və ya çox zəif nəticələr göstərirlər.

Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılan əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının əsas binasında inventar və avadanlıq quraşdırılması davam etdirilmişdir.

Kürdəmir Mərkəzi Rayon Xəstəxanası üzə 157 çarpayılıq Mərkəzi Xəstəxanasının əsas binasında, Poliklinika şöbəsində, Ruhi xəstəliklər xəstəxanasında, Karrar, Mollakənd sahə xəstəxanalarında və digər tibb müəssisələrində payız-qış mövsümünün gəlişi ilə əlaqədar abadlıq işləri aparılmış, həyətyanı sahələrdə 550-dən çox ağac və gül kolları əkilmişdir.

Lakin, əksər kənd həkim və tibb məntəqələrinin inzibati binaları olmadığından fəaliyyətlərini evlərdə göstərir və texniki təhcizatı günün tələbləri səviyyəsində deyildir. Səhiyyə müəssisələri ixtisaslı həkim və orta tibb işçiləri ilə tam təmin olunmadığından əhaliyə göstərilən tibbi xidmət aşağı səviyyədədir. Ayrılan tibbi dərman preparatları təlabatı ödəmir. Bunlar da nəticədə rayon mərkəzindən uzaqda yaşayan sakinlərin narazılığına səbəb olur.

Rayon üzrə əsasən pediatr, akuşer-ginikoloq, travmatoloq, anestezioloq-reanimatoloq, terapevt həkim kadrlarına kəskin ehtiyac vardır.

Odur ki, Rayon Mərkəzi Xəstəxanasının  rəhbərliyi buraxılmış nöqsanlara ciddi diqqət yetirməli və müvafiq orqanlar qarşısında məsələ qaldırmalıdır.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən infeksion-yolxucu xəstəliklərin qarşısının alınması, xəstəliklərin yaranma mənbələrinin aşkar edilməsi və ərazilərdə sanitar-profilaktik tədbirlər keşirilməsi işi gücləndirilsə də, fəaliyyətində ciddi nöqsan və çatışmamazlıqlar qalmaqdadır.

Küçələrin səkilərində və sanitariya qaydalarına uyğun olmayan yerlərdə ticarət aparılır, rayonun müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə və ticarət obyektlərində Mərkəz tərəfindən sanitar yoxlamalar səthi keçirilir, antisanitar vəziyyətdə fəaliyyət göstərən obyeklər barəsində ciddi qərarlar qəbul edilmir.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon Baytarlıq idarəsinin rəhbərliyi rayon əhalisinin yolxucu xəstəliklərdən müdafiə olunması istiqamətində sanitar nəzarəti gücləndirməklə, əhalinin maarifləndirilməsi məqsədi ilə müntəzəm olaraq seminarlar və profilaktik tədbirlər keçirilməsini diqqət mərkəzində saxlamalı, göstərilən nöqsanlardan  nəticə çıxarmalıdırlar.

Rayonda maddi və mədəni irsin qorunması və inkişaf etdirilməsi istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilmişdir .

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği rayon İcra Hakimiyyəti Başçısı Aparatının apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir.

        İctimaiyyət arasında nüfuza, təbliğat sahəsində səriştə və təcrübəyə mailk olan təbliğat qrupları daimi fəaliyyət göstərir. Fəalların və təbliğat qruplarının yaxından iştirakı ilə möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin təbliği ilə bağlı məqsədyönlü ictimai-siyasi tədbirlər həyata keçirilir.

        İdarə və müəssisələrdə fəaliyyət göstərən Heydər Əliyev otaqları və guşələri cənab İlham Əliyevin  fəaliyyəti ilə əlaqədar mətbuat materialları ilə zənginləşdirilməli və burada vaxtaşırı tədbirlər təşkil olunmalıdır.

       Rayonda fəaliyyət   göstərən  ictimai təşkilatlar və  dini  qurumlarla  daim  əlaqə saxlanılır, onlar tarixi  və əlamətdar günlərdə, bayramlarda keçirilən  mədəni-kütləvi  tədbirlərə dəvət olunurlar.

      Rayon İcra Hakimiyyətinin müvafiq şöbələri Böyük Vətən  Müharibəsi, Qarabağ  Müharibəsi əlillərinin,  Şəhid  ailələrinin cəmiyyətdəki xüsusi  yerini nəzərə alaraq, öz  fəaliyyətində onların  üzv  olduqları ictimai birliklərlə daha  sıx  əlaqə saxlamalı, onların  qüvvəsindən  maksimum istifadə  etməlidir.

      Rayon  əhalisi, xüsusilə gənclər  arasında  hərbi  vətənpərvərlik,  Azərbaycan  dövlətçiliyinə  sədaqət, milli-mənəvi  dəyərlərimizə hörmət   hissinin  tərbiyə olunması,  Azərbaycan  Respublikasının  dövlət  rəmzlərinin  təbliğ edilməsi daim diqqət mərkəzində  saxlanılmalıdır.

Ümummilli Lider Heydər Əliyevin yaratdığı, Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən-dövlətçilik siyasətinin əsasını təşkil edən möhkəm dövlət intizamı və qanunçuluğa söykənən iş prinsipi, səmərəli idarəetmə mexanizmi, bütün strukturların sıx, qarşılıqlı əlaqəsi rayonumuzda tam təmin olunmuşdur.

Dövlətçilik və müstəqillik mövqeyində dayanan rayonun hüquq-mühafizə orqanları vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlığa qarşı mübarizə və ictimai-siyasi asayişin qorunması sahəsində ardıcıl olaraq iş aparmışlar.

2013-ci ilin doqquz ayında 138 cinayət hadisəsi qeydə alınmışdır.

Baş vermiş cinayət hadisələrinin 83.8 faizinin açılması təmin edilmiş, 16.2  faizi isə açılmamış qalmışdır.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində bir sıra əməliyyat-profilaktiki tədbirlər həyata keçirilərək, 20 cinayət hadisəsi aşkarlanmışdır.

Rayonun hüquq mühafizə orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı bundan sonra da ardıcıl və ciddi tədbirlər görməlidir.

2013-cü ilin doqquz ayında rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 1132 nəfər vətəndaş qəbul edilmişdir ki, onlardan 884 nəfəri rayon İcra Hakimiyyəti Başçısının Aparatında, 248 nəfəri isə yerlərdə keçirilən səyyar qəbullar zamanı fərdi qaydada qəbul edilmişdir. Müraciət etmiş hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşılmış, mümkün lazımi köməkliklər göstərilmişdir.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatına 2013-cü ilin 9 ayında vətəndaşlardan  1584 ədəd müraciəti daxil olmuşdur.Daxil olmuş müraciətlərin 702 ədədi  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 39 ədədi Milli Məclisdən, 31 ədədi Nazirlər Kabinetindən, 109 ədədi digər yuxarı Respublika təşkilatlarından, 703 ədədi isə vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə göndərilmiş ərizə və şikayətlərdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə daxil olmuş müraciətlərin sayı çoxalmışdır.

Hörmətli yığıncaq iştirakçıları!

Qarşımızda mühüm vəzifələr durur. 2009-2013-cü illər üçün qəbul edilmiş Dövlət Proqramının layiqincə yerinə yetirilməsində hər birimiz daha məsuliyyətlə işləməli, əhalinin sosial rifahını yüksəltməklə mövcud problemləri aradan qaldırmalı, yeni emal və sənaye müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması üçün ardıcıl və məqsədyönlü iş aparmalıyıq.

Başladığımız geniş miqyaslı quruculuq işlərində hər bir kürdəmirlinin iştirakını təmin etməklə rayonumuzu ölkəmizin çiçəklənən bölgəsinə çevirməliyik. Bu yolda hər birinizə uğurlar diləyirəm.

         İcazə verin Möhtərəm Prezidentimizi əmin edim ki, Kürdəmir rayon İcra Hakimiyyəti bütün kürdəmirliləri öz ətrafında daha sıx birləşdirəcək, qarşıya qoyulan vəzifələrin vaxtında və uğurla yerinə yetirilməsi üçün yüksək məsuliyyət və səylə çalışacaqdır.

 

Keçidlər