Kürdəmirdə prokurorluq orqanlarının 95 illiyi münasibəti ilə tədbir keçirildi
Oktyabrın 1-də Kürdəmir rayonunun Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prokurorluğu orqanlarının yaranmasının 95 illik yubileyi qeyd olunmuşdur.
Tədbirdən əvvəl rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev açmış, prokurorluğun cəmiyyətdəki yeri və rolundan danışmışdır. İrşad Əliyev bildirmişdir ki, müstəqil Azərbaycan Respublikasının ən müasir inkişaf tarixi Heydər Əliyev kimi dahi bir şəxsiyyətin adı və onun dövlətçilik fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır. Həyatını xalqına xidmətə həsr edən Heydər Əliyevin titanik fəaliyyəti, müdrik dövlətçilik siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan Respublikasında dünyəvi, hüquqi və demokratik bir dövlət qurulmuş, vətəndaş hüquq və azadlıqlarının reallaşmasına hərtərəfli təminatlar verən vətəndaş cəmiyyəti formalaşdırılmışdır.
Rayon rəhbəri prokurorluq orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etmiş, onlara işlərində və xidməti fəaliyyətlərində uğurlar arzulamışdır.
Daha sonra tədbirdə iştirak edən qonaqlar çıxış edərək, prokurorluq orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etmişlər.
Tədbirin sonunda xidmətdə fərqlənmiş bir qrup prokurorluq əməkdaşları rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Fəxri Fərmanla təltif edilmişlər.