Daha iki yeni orta məktəb binası istifadəyə verildi
Kürdəmir rayonunda "Bilik Günü" münasibətilə yeni istifadəyə verilən Köhünlü və Cəyli kənd tam orta məktəblərində geniş tədbir keçirildi.Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev,Milli Məclisin Deputatı Fərhad Qəribov, rayon ziyalıları, kənd ictimaiyyətinin nümayəndələri, valideynlər, müəllimlər və şagirdlər iştirak ediblər.
Yeni istifadəyə verilmiş 220 şagird yerlik Köhünlü və 280 şagird yerlik Cəyli kənd tam orta məktəbləri istilik sistemi ilə təchiz edilmiş, sinif otaqları, fənn kabinetləri, kompyuter otaqları, laboratoriyalar, yeməkxana, idman zalı və kitabxanalar müasir səviyyədə qurulmuşdur.
Yeni məktəb binasının açılışına həsr olunmuş tədbiri Müşfiq Cəfərov adına Köhünlü kənd tam orta məktəbin direktoru Hüseyn Məmmədov açdı. O, çıxışında son illər rayonda təhsilin inkişafında qazanılan uğurlardan geniş söhbət açdı. Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə pedaqoji ictimaiyyət adından dərin təşəkkürünü və minnətdarlığını bildirdi.
Sonra məktəbin müəllimi Qəbul Kərimov, valideyn Yaqub Cəfərov çıxış edərək kənddə təhsilin inkişafı üçün yaradılmış yüksək şərait barədə razılıqlarını bildirmiş, onlara göstərilən böyük qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə etmişlər.
Yekunda Rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev çıxış edərək kənd sakinlərini salamlamış, yeni məktəbin açılışı münasibətilə onları təbrik etmişdir.
Sonra rayon İcra Hakimiyyətinin Başçısı Köhünlü kənd tam orta məktəbinin yeni inşa olunmuş məktəb binasının qapısının önündəki qırmızı lenti tədbir iştirakçılarının alqışları ilə kəsdi.
Mərasim iştirakçıları yeni məktəb binasının kompüter otağı, sinif otaqları, fənn kabinetləri, idman zalı və kitabxanasında şagird və müəllimlər üçün yaradılmış şəraitlə tanış olmuşlar.
Tədbir yeni inşa edilmiş 280 şagird yerlik Cəyli kənd tam orta məktəbinin açılış mərasimində davam etdirildi.