Kürdəmir rayonunda Şilyan və Sığırlı kənd tam orta məktəblərinin yeni binası istifadəyə verildi
Bilik günü və yeni tədris ilinin başlanması ilə əlaqədar Kürdəmir rayonunun Şilyan və Sığırlı kəndlərində müasir standartlara uyğun yeni məktəb binası müəllim və şagirdlərin istifadəsinə verildi.Məktəblərin açılış mərasimində Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev, rayon ziyalıları, kənd ictimaiyyətinin nümayəndələri, müəllimlər və valideynlər iştirak ediblər.
Yeni istifadəyə verilmiş 360 şagird yerlik Şilyan və 640 şagird yerlik Sığırlı kənd tam orta məktəbləri istilik sistemi ilə təchiz edilmiş, sinif otaqları, fənn kabinetləri, kompyuter otaqları, laboratoriyalar, yeməkxana, idman zalı və kitabxanalar müasir səviyyədə qurulmuşdur.
Yeni məktəb binasının açılışına həsr olunmuş tədbiri Zahid Əhmədov adına Şilyan kənd tam orta məktəbin direktoru Talıb Cahangirov açdı. O, çıxışında son illər rayonda təhsilin inkişafında qazanılan uğurlardan geniş söhbət açdı. Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə pedaqoji ictimaiyyət adından dərin təşəkkürünü və minnətdarlığını bildirdi.
Sonra məktəbin müəllimi Sədyar Həşimov, valideyn Əfqan Cavadov çıxış edərək kənddə təhsilin inkişafı üçün yaradılmış yüksək şərait barədə razılıqlarını bildirmiş, onlara göstərilən böyük qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə etmişlər.
Rayon İcra hakimiyyətinin başçısı İrşad Əliyev çıxış edərək kənd sakinlərini salamlamış, yeni məktəbin açılışı münasibətilə onları təbrik etmişdir. İcra başçısı ölkəmizdə son 20 ildə qazanılan uğurların Ulu Öndər Heydər Əliyevin siyasi kursunun məntiqi nəticəsi olduğunu bildirdi.Müstəqil Azərbaycan Respublikasında təhsilə və onun inkişafına ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə böyük diqqət və qayğının olduğunu, ulu öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də ölkəmizdə təhsilin inkişafı üçün bütün imkanların yaradıldığını, təhsilin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində işlərin yüksək sürətlə davam etdirildiyini diqqətə çatdırdı. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar respublikanın hər yerində olduğu kimi, rayonumuzda da geniş tikinti və quruculuq işləri mütəşəkkilliklə davam etdirilir. Xüsusən təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzindədir. Respublikanın bütün bölgələrində olduğu kimi Kürdəmir rayonunda da ötən dərs ilində 6 yeni məktəb binası tikilib istifadəyə verilib, yeni tədris ilində 4 yeni məktəb binası istifadəyə verilir.Rayonun Xınıslı və Mürtülü kəndlərində də 180 şagird yerlik yeni məktəb binalarının tikintisinə başlanması üçün hazırlıq işləri aparılır. Bütün bunlar rayonda təhsilin daha yüksək keyfiyyətlə inkişaf etdirilməsi üçün əlverişli zəmin yaradır. Yeni, müasir tələblərə cavab verən, informasiya və kommunikasiya vasitələri ilə zənginləşdirilən təhsil müəssisələrində pedaqoji kollektivlərimiz var qüvvələrini sərf etməli, parlaq gələcəyimiz üçün vacib olan təhsilin inkişafına nail olmalıdırlar.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Şilyan kənd tam orta məktəbinin yeni inşa olunmuş məktəb binasının qapısının önündəki qırmızı lenti tədbir iştirakçılarının alqışları ilə kəsdi.
Mərasim iştirakçıları yeni məktəb binasının kompüter otağı, sinif otaqları, fənn kabinetləri, idman zalı və kitabxanasında şagird və müəllimlər üçün yaradılmış şəraitlə tanış olmuşlar.
Tədbir yeni inşa edilmiş 640 şagird yerlik Sığırlı kənd məktəbinin açılış mərasimində davam etdirildi.