Kürdəmir rayonunun Şilyan kəndində səyyar qəbul keçirilib.
Aprelin 14-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov növbəti səyyar qəbulunu rayonun Şilyan kəndində keçirib.
Səyyar qəbulda rayonun hüquq mühafizə, idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Rayon rəhbəri Elxan İbrahimov Azərbaycanda sosial-iqtisadi sahələrdə qazanılan uğurlardan, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasından, bölgələrimizin sürətli inkişafından, respublikamızın ən ucqar kəndlərinə asfalt yolların çəkilməsindən, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin tikilməsindən ətraflı danışaraq rayonda həyata keçirilən yeni layihələr barədə məlumat verib.
Səyyar qəbulda kənd sakinlərinin enerji və su təchizatı, sosial müdafiə, təhsil, səhiyyə, su təminatı, torpaq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri dinlənilib. Səsləndirilən hər bir təklif və şikayətlər barədə aidiyyatı təşkilatların rəhbərinə icra başçısı tərəfindən tapşırıq verilib. Qaldırılmış məsələlərin bəziləri elə qəbul zamanı öz həllini tapıb.
Qəbuldan sonra Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Şilyan kəndinin su təsərrüfatının vəziyyəti və torpaq problemləri ilə yerindəcə tanış olub. İcra başçısı sakinlərin istəkləri ilə maraqlanıb və aidiyyatı qurumların rəhbərlərinə öz tapşırıqlarını verib.