İcra Başçısının Pirili kəndində növbəti səyyar qəbulu-görüşü keçirildi
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev növbəti səyyar qəbul-görüşünü sentyabrın 12-də Pirili kəndində keçirdi.
Pirili kəndinin sakinləri ilə görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər.
Pirili kənd inzibati ərazi dairəsinin nümayəndəsi Nəriman Nərimanov və kənd bələdiyyəsinin sədri Ziya Kərimov Pirili kəndinin əhalisi, onların məşğuliyyəti və sosial –iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat verdilər, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında ətraflı danışdılar.
Kənd sakinlərinin enerji və su təchizatı, sosial müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri oldu. Hər biri barədə aidiyyatı təşkilatların rəhbərinə tapşırıq verildi. Qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapdı.
Sonra kənd sakinlərindən Abdul Abdulov, Hətəmxan Əhmədov, Şakir Hüseynov, Hörmətəli Kərimov, Usubəli Usubov və başqaları çıxış edərək bir neçə təklif irəli sürdülər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini bildirdilər, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdilər, oktyabr ayının 9-da keçiriləcək növbəti prezident seçkilərində cənab İlham Əliyevə bir nəfər kimi səs verəcəklərini xüsusi vurğuladılar.
Sonra ayrı-ayrı kənd sakinləri şəxsi xahişləri ilə İcra başçısına müracət etdilər.
Görüşü yekunlaşdıran Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev bildirdi ki, Ulu Öndərimiz Heydər Əliyevin ideyalarına sadiqliyini əməli işi ilə sübuta yetirən ölkə başçımız Azərbaycanın dünya dövlətləri sırasında tanınmasında müstəsna rol oynamışdır. Ölkəmizin Beynəlxalq aləmdə nüfuzu artmışdır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük hüququ qazanması, 155 ölkənin Azərbaycanın namizədliyini dəstəkləməsi ölkəmizin Beynəlxalq aləmdə böyük nüfuza malik olmasının göstəricisidir.Oktyabrın 1-dən BMT Təhlükəsizlik Şurasında bir ay müddətinə sədrlik Azərbaycana keçəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin yeni inkişaf mərhələsinin əsas istiqamətlərini müəyyən edən strateji siyasi kursu çərçivəsində “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında hədəflər müəyyən edilmişdir.Bu Konsepsiyaya əsasən Azərbaycanın ən ucqar kəndlərində belə, vətəndaşların rahat gündəlik həyatı üçün lazım olan bütün kommunikasiyalar (rabitə, internet, bank xidmətləri, kommunal xidmətlər, yollar və s.), səhiyyə və təhsil xidmətləri təmin ediləcəkdir. Ölkə iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətli iştirakçı statusuna yüksələcəkdir.
Rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev yekunda rayonun Pirili kəndində qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.