Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “8 Mart - Beynəlxalq Qadınlar Günü” qeyd olunub.

05 mart 2022 | 16:00

Martın 5-də Kürdəmir Regional Asan Xidmət Mərkəzində  “8 Mart - Beynəlxalq Qadınlar  Günü” münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə  Kürdəmir  rayon  İcra  Hakimiyyətinin  Başçısı Elxan İbrahimov, Milli Məclisin deputatı Əminə Ağazadə, YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, şəhid  ailələri , eləcə də rayonun ictimai-siyasi həyatında fəallıq göstərmiş qadınlar iştirak ediblər.
Tədbir torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Bayram mərasimində çıxış edən Elxan İbrahimov  bu əlamətdar  gün  münasibəti  ilə  tədbirə  toplaşan  qadınları  və  onların simasında rayonun bütün qadınlarını, analarını təbrik etdi, onlara xoşbəxtlik və səadət arzuladı.  O, öz çıxışında vurğuladı ki, qadınlarımız ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir.
Tədbirdə Milli Məclisin deputatı Əminə Ağazadə çıxış edərək bildirdi ki, bu gün həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Bu il də Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına 44 gündə son qoydu.  Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.
Çıxış edənlər Azərbaycan qadınının tarix boyu müdrikliyi, işgüzarlığı və saflığı ilə parlaq səhifələr yazdıqlarından bəhs etdilər.
Mərasim iştirakçıları ölkəmizdə qadınlara, analara göstərdikləri yüksək diqqət və qayğılara görə Respublika Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər