Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Elxan İbrahimov şəhid ailələri və müharibə əlilləri ilə görüş keçirib.
Fevralın 24-də Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Elxan İbrahimov şəhid ailələri və müharibə əlilləri ilə karantin rejiminin qaydalarına uyğun şəkildə görüş keçirib.
Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov şəhidlərə Allahdan rəhmət, ailələrinə səbr diləyib. O, Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi ilə qələbə qazandığımız 44 günlük Vətən müharibəsində yüzlərlə Kürdəmirli gəncin qəhrəmanlıqla döyüşdüyünü, şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib. Elxan İbrahimov tarixi qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə şəhid ailələrinə təşəkkürünü bildirib.
Daha sonra şəhid ailələri və müharibə əlilləri tərəfindən qaldırılan problemlər dinlənilib.
Vətən müharibəsində şəhid olan Murad Yunusovun, Zaur Kərimovun, Zahir Mehdiyevin və İlqar Əhmədovun medalları onların ailələrinə təqdim olunub.
Görüşün sonunda şəhid ailələri və müharibə əlilləri Cənab Prezidentin sərəncamına əsasən Kürdəmirdə fəaliyyətə başlaması münasibətilə rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovu təbrik edib, gələcək işlərində ona uğurlar arzulayıb, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçsı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.