Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının yeni sədri rayon ictimaiyyətinə təqdim olunub
Fevralın 11-də rayonun Heydər Əliyev Mərkəzində karantin rejiminin tələbləri nəzərə alınaraq ictimaiyyətin nümayəndələri və partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatına 28 yanvar 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası İdarə heyətinin qərarı ilə yüksək etimad göstərilərək sədr təyin olunmuş Ayaz Cəbrayılov rayon ictimaiyyətinə təqdim olunub.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri düzülüb.
Tədbiri giriş sözü ilə Kürdəmir rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Ağali Kərimli açmışdır. Ağali Kərimli çıxışı zamanı Azərbaycan dövlətinin banisi, Ümummilli Liderimiz Heydər Əliyevin 1992-ci il noyabrın 21-də təsis etdiyi və məhz bundan sonra ölkəmizin parlaq gələcəyini müəyyənləşdirən Yeni Azərbaycan Partiyasının fəaliyyətindən geniş bəhs edib. Ulu Öndərin yüksək nüfuzu, xalqın Ona böyük inam və etimadı Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində yüksəlişini təmin edən mühüm faktorlardan birinə çevrildi. Ölkəmizin və regionumuzun ən böyük partiyası olan Yeni Azərbaycan Partiyası avanqard siyasi qüvvə olaraq ölkədə aparılan bütün mütərəqqi və məqsədyönlü işlərin önündə getmiş, Azərbaycan siyasi sisteminə hər zaman yeniliklər gətirmiş və bu sahədə bir çox uğurlara imza atmışdır. Ulu Öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrilib. Ötən il mart ayının 5-də YAP-nın VII Qurultayı keçirilib. Yeni Azərbaycan Partiyasının VII Qurultayında ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin bilavasitə tapşırıq və tövsiyələri əsasında hazırlanaraq qəbul olunmuş Nizamnamə müasir dövrün reallıqlarına uyğun olan yeni çağırışların, vəzifələrin daha da effektiv şəkildə həyata keçirilməsinə şərait yaradır. Qurultayda qəbul olunmuş Nizamnamə Yeni Azərbaycan Partiyası və onun yerli təşkilatlarının işinin daha da gücləndirilməsi, səmərəliliyinin artırılmasını özündə ehtiva edir. Yeni Nizamnaməyə əsasən partiya strukturunda vəzifə tutan şəxs digər vəzifə daşıya bilməz.
2022-ci ilin yanvar ayının 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib. İclasın müzakirəsinə Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi məsələsi gündəliyə çıxarılıb.
Tədbirdə yerli təşkilatların sədrliyinə layiqli namizədlərin irəli sürüldüyü qeyd olunub. Onlardan biri də YAP Kürdəmir rayon təşkilatının sədri Cəbrayılov Ayaz Akif oğludur.
Tədbirdə çıxış edən rayon ictimayyətinin nümayəndələri və partiya fəalları bildiriblər ki, son 3 il ölkəmiz üçün bir çox məqamlarla bağlı həlledici illər olub. Bu müddət ərzində ərazi bütövlüyümüz bərpa olunub. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-na qoşulmasına dair qərar qəbul edilməsi bunu bir daha təsdiqləyir. Bildirilib ki, qazanılan uğurların bundan sonra da davamlı olması, rayon təşkilatının daha da gücləndirilməsi, inkişaf etdirilməsi yeni təyin olunmuş sədrlərin və ümumilikdə rayon təşkilatının fəallarının diqqət mərkəzində olmalıdır. Çıxışları zamanı zamanı partiya fəalları Ayaz Cəbrayılovu təbrik edərək ona yeni təyinatı münasibətilə siyasi fəaliyyətində uğurlar arzulayıblar
Təqdimat mərasimində çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov göstərilən etimada görə Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə, partiya rəhbərliyinə öz təşəkkürünü bildirərək, göstərilən etimadı layiqincə doğruldacağına söz verib və partiyanın nüfuzunun daha da artırılması üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini vurğulayıb.