Kürdəmirdə hər gün 300 nəfərdən çox sakin vaksinasiya olunur
Kürdəmir, 9 fevral, AZƏRTAC
Kürdəmir rayonunda vətəndaşların COVID-19 infeksiyasına qarşı vaksinasiyası davam edir.
Rayon icra hakimiyyətində fəaliyyət göstərən operativ qərargahdan bu barədə AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, son vaxtlar təhlükəli virusun sürətlə yayılması vətəndaşlar arasında peyvənd olunmaq üçün müraciət edənlərin sayının artmasına səbəb olub. Hər gün orta hesabla 300 nəfərdən çox sakin peyvənd olunur. Təkcə fevralın 8-də 332 nəfər vaksinasiya edilib.
İndiyədək rayon üzrə 18 yaşdan yuxarı 46 min 95 nəfərə 1-ci doza, 40 min 779 nəfərə 2-ci doza, 19 min 146 nəfərə isə “buster” doza vurulub. Əhalinin vaksinasiyası əsasən Kürdəmir Ailə Sağlamlıq Mərkəzində, habelə kənd xəstəxanaları və tibb məntəqələrində aparılır.