Kürdəmirdə Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi qaziləri ilə rayon gənclərinin görüşü keçirilib
Fevralın 1-də rayonun Gənclər evində Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi qaziləri ilə rayon gənclərinin görüşü keçirilib.
2 fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində “Qalib ölkənin Qalib gəncləri” mövzusunda keçirilən görüşün əsas məqsədi gəncləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək, həmçinin Vətən müharibəsi qəhrəmanlarının və qazilərinin gənclər arasında tanıdılmasından ibarət idi.
Tədbirdə Torpağlarımızın azadlığı uğrunda gedən döyüşlərin iştirakçıları və qaziləri, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Elşən İsmayılov, Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov, Kürdəmir rayon Gənclər və İdman idarəsinin kollektivi , rayonun fəal gəncləri iştirak ediblər. Tədbirdən öncə gənclər və tədbir iştirakçıları Kürdəmir Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov bildirdi ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının rəhbərliyi və komandanlığı altında rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində mənfur düşmən üzərində layiqli Qələbə qazanmağımız, 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi insanların əzəli ata-baba torpaqlarına qayıtmasına imkan yaratmışdı.Bu böyük tarixi Qələbədə ölkəmizin vətənpərvər və qəhrəman gəncləri kimi Kürdəmir gəncləri də fəal iştirak etmişlər.Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinin, o cümlədən müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasına xüsusi diqqət və qayğı göstərilir. Bu qayğı və diqqət Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir.
Görüşdə çıxış edən müharibə iştirakçıları Kənan Zülfüqarov, Vüsal Mahmudov, Elnur Cəfərov və Araz Hüseynov müharibə ilə bağlı xatirələrindən və göstərdikləri igidliklərdən bəhs ediblər. Onlar, eyni zamanda qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu vurğulamaqla yanaşı, dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.