Kürdəmirdə kartof əkininə başlanıb
Kürdəmir rayonunda kartof əkilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə Kürdəmirdə 950 hektar sahədə kartof əkini proqnozlaşdırılıb. İlkin olaraq əkinə Kürqırağı ərazilərdə, o cümlədən Axtaçı, Pirli, Köhünlü icra nümayəndəliklərində başlanılıb. Az vaxtda 80 hektar sahədə kartof əkilib. Fermerlər və fiziki şəxslər bu mühüm kampaniyanın vaxtında və yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işləri görüblər. Belə ki, kifayət qədər toxum tədarük olunub, şum altına üzvi və mineral gübrələr verilib, sahələr əkinə tam hazırlanıb.
Qeyd edək ki, kartofçuluq rayonda ənənəvi təsərrüfat sahələrindəndir. Ötən il bölgədə 897 hektar sahədə kartof əkilib və 11 min 751 ton məhsul istehsal olunub. Tədarük edilən kartof ilboyu yerli və ətraf rayonların bazarlarına çıxarılır.