Kürdəmir gəncləri Nizami Gəncəvinin məqbərəsini və muzeyini ziyarət ediblər
Dekabrın 22-də Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə əlaqədar olaraq rayonun bir grup gəncinin Gəncə şəhərində yerləşən Nizami Gəncəvi məqbərəsinə və muzeyinə ekskursiyası təşkil olunub.
Gənclər ilk öncə Nizami məqbərəsini ziyarət ediblər, sonra isə Nizami Gəncəvi müzeyində olan eksponatlarla ilə tanış olublar. Muzey bələdçiləri orada olan eksponatlar haqqında gənclərə geniş məlumatlar veriblər.
Bildirilib ki, Nizami Gəncəvi Muzeyi 2014-ci ildə Nizami məqbərəsinin ərazisində inşa edilmişdir. Muzeydə Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən eksponatlar sərgilənir. Muzeyin Nizami məqbərəsinin yaxınlığında tikilməsi buraya gələn qonaqlara həm məqbərəni ziyarət etməyə, həm də şairin həyat və yaradıcılığı haqda geniş məlumat öyrənməyə imkan yaradır.
Muzeydə Nizami Gəncəvi guşəsi yaradılıb. Elmi tədqiqat şöbəsində elmi araşdırmalar üçün hər cür şərait vardır. Muzeydə mütəfəkkirin həyat və yaradıcılığı haqqında geniş məlumatlarla zəngin elektron məlumat köşkü quraşdırılıb. Burada şairin 800, 840, 845 illik yubileyləri münasibətilə nəşr olunan kitab və monoqrafiyalar nümayiş etdirilir. Muzeydə şairin Avstriya, Rusiya, Almaniya, Böyük Britaniya milli kitabxanalarında, Misirin İsgəndəriyyə kitabxanası, Fransanın Strasburq kitabxanası və ABŞ-ın Metropoliten muzeyində qorunan nadir "Xəmsə" əlyazmalarının və miniatürlərinin orijinalları və nüsxələrindən ibarət guşə yaradılmışdır.