Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib

01 dekabr 2021 | 16:00

Kürdəmir Rayon Polis Şöbəsinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Tofiq İsmayılov adına şəhər 1 saylı tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə polis şöbəsinin rəisi, polis polkovniki Arzu Rzayev çıxış edərək, Daxili İşlər Nazirliyinin göstərişinə əsasən, uşaq hüquq və azadlıqlarının təmin olunması üzrə görülən işlərdən danışıb. Bildirib ki, bu işlərin səmərəliliyinin artırılması, yetkinlik yaşına çatmayanlar arasında aparılan profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə polis şöbəsinin narkotiklərlə mübarizə qrupu cari ildə rayonun ümumtəhsil məktəblərində mütəmadi olaraq “Narkomaniya ümumbəşəri bəladır“ mövzusunda maarifləndirici görüşlər təşkil edib. Bugünkü tədbir də bu məqsədlə keçirilir. Polis rəisi “ağ ölüm” adlandırılan narkomaniyanın, xüsusilə gənclər və yeniyetmələrdə törədə biləcəyi pis vərdişlərdən danışıb, bu bəladan uzaq olmağın yollarını diqqətə çatdırıb.

Tədbirdə narkoman ailəsindən, bu ailənin düçar olunduğu faciəli həyatdan bəhs edən videoçarx nümayiş olunub.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər