Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonundakı Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) nümayəndəliyi fəaliyyətə başlayıb

03 oktyabr 2021 | 16:00

Kürdəmir rayonundakı Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) nümayəndəliyi fəaliyyətə başlayıb. Açılış mərasimlərində rayon icra hakimiyyətinin nümayəndələri, Gənclər Fondunun icraçı direktorunun müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və region gəncləri iştirak ediblər.
Açılış tədbirində əvvəlcə qonaqlar və gənclər ümummilli lider Heydər Əliyevin Kürdəmir şəhərindəki abidəsini ziyarət edib, önünə güllər düzüblər.
Rayon mərkəzində gənclərlə söhbət zamanı, eləcə də Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra çıxış edən rəsmi nümayəndələr Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən, ölkəmizdə gənclər üçün yaradılan imkanlardan danışıb və gəncləri bu imkanlardan yararlanmağa dəvət ediblər.
Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılan GİKM-lərin fəaliyyəti gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəlikdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnmələri üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Regionlarda yaşayan gənclər nümayəndəliklər vasitəsilə dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, habelə müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.
Tədbir daha öncə açılışı olmuş nümayəndəliklərin fəaliyyətindən əyləncəli videoların nümayişi, maraqlı viktorinalar və təlim xarakterli oyunlarla davam etdirilib.
Kürdəmir gəncləri “Gənc könüllü” proqramına qoşulmağa dəvət olunub.
Beləliklə, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəliklərinin fəaliyyətə başladığı şəhər və rayonların sayı 45-ə çatıb. İl ərzində ölkənin bütün şəhər və rayonlarında Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin açılması nəzərdə tutulur.

 

 

 

Keçidlər