Kürdəmir rayonunun 2013-cü ilin birinci yarımilliyində sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı cənab İrşad Nadir oğlu Əliyevin hesabat məruzəsi
Hörmətli yığıncaq iştirakçıları!
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarımilliyində sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 18 iyul tarixli iclasında bu ilin 6 ayında görülmüş işlər ətraflı təhlil edilmiş, qazanılan nailiyyətlər yüksək qiymətləndirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yığıncaqda 6 ayda ölkə qarşısında duran bütün iqtisadi və sosial məsələlərin uğurla həll edildiyini, ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə inkişafına nail olunduğunu qeyd etmişdir.
Aparılmış uğurlu islahatların nəticəsində 2013-cü ilin 6 ayında ümumi məhsul buraxılışı 5 faiz artmışdır. Sevindirici hal ondan ibarətdir ki, qeyri neft sektorunda iqtisadi artım 11 faiz olmuşdur. Bu da ölkəmizin iqtisadiyyatının dinamik inkişaf etdiyini, iqtisadiyyatın enerji amilindən asılılığının azaldığını göstərir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2013-cü ilin birinci yarımilliyində sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirədə demişdir: Azərbaycan dinamik inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub. Bu göstəricilər deməyə əsas verir ki, bu müsbət dinamika ilin sonunadək qorunacaqdır. Ən əsas iqtisadi göstəricilərimiz yüksək səviyyədədir. Hesab edirəm ki, Azərbaycanda iqtisadi artım bu ildə dünya miqyasında nümunə ola bilər.
İlin əvvəlindən ölkənin valyuta ehtiyatları artmış, istənilən layihələrin öz gücümüzə arxalanaraq icra olunmasına, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resurslarının cəlb edilməsinə geniş imkan yaranmışdır.
Bu ilin 6 ayında 55 min yeni iş yeri açılmışdır ki, onlardan 45 mindən çoxu daimi iş yeridir. Açılan əsas iş yerləri qeyri neft sektorunda, sənaye və kənd təsərrüfatı sahələrində olmuşdur. Birinci yarımilliyində inflyasiya cəmi 2 faiz olmuş, əhalinin pul gəlirləri isə 7 faiz artmışdır.
Bütün sahələrdə qazanılmış uğurlar bir daha sübut edir ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə yeni və sürətli inkişaf mərhələsini yaşayır, dünya miqyasında daha da güclənir və zəngin dövlətə çevrilir.
Hörmətli yığıncaq iştirakçıları!
Möhtərəm Cənab Prezident 2013-cü ilin birinci yarımilliyində Respublikamızda sosial-iqtisadi inkişafın uğurlu olduğunu və gələcək aylarda da bu müsbət dinamikanın saxlanılacağını və Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş bütün vəzifələrin uğurla icra ediləcəyini qeyd etməklə qarşımıza mühüm vəzifələr qoymuşdur.
Dövlət Proqramına əsasən rayonumuzda nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilmişdir.
Rayonda ilin əvvəlindən 499 yeni iş yeri açılmışdır ki, bundan 359-u daimi iş yerləridir. Onlardan 97 nəfər hüquqi, 247 nəfər fiziki, 15 nəfəri isə müvəqqəti və mövsümü işlə təmin olunanlardır.
2013-cü ilin birinci yarımilliyi ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 14,3 faiz artaraq 175136.6 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının 82,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 14.6 faizi sənayedə, 34.4 faizi inşaat kompleksində, 33.2 faizi isə kənd təsərrüfatı sahələrində yaradılmışdır.
Ümumi məhsul buraxılışının 17.8 faizi xidmət sahələrində, o cümlədən 1.0 faizi nəqliyyat sahələrində, 0.1 faizi rabitə sahəsində, 16.7 faizi ticarət və ictimai iaşə sahəsində olmuşdur.
Cari dövrdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq aqrar sektorun inkişafı diqqət mərkəzində saxlanılmışdir.
Taxıl istehsalının artırılması tədbirləri daim diqqət mərkəzindədir, bu sahədə ardıcıl işlər görülür.
36830 hektarda əkilmiş taxıl sahələri aqrotexniki qaydalara uyğun becərilmiş, sahələr 1.8 dəfə suvarılmış, 16 min hektardan çox sahəyə üzvü və mineral gübrələr verilmiş, 8 min hektarda ziyan-vericilərə qarşı 5 min hektarda alaq otlarına qarşı mübarizə aparılmışdır.
Toxumluq taxıl sahələrinə fərqli qulluq təşkil olunmuşdur.
Taxıl biçininə hazırlıq mütəşəkkil aparılmış, kənardan cəlb edilən kombaynlarla birlikdə zəmilərə 144 ədəd kombayn çıxarılmış, 25 iş günü müddətinə 36830 hektar sahənin taxılı biçilmişdir.
May ayında güclü küləklərlə müşayət olunan leysan yağışları və dolu düşməsi 12 min hektardan çox taxıl zəmisinə ciddi ziyan vursa da, yenə də ötən ildəkindən 4.9 min tondan çox, yəni 79,0 min tondan çox taxıl istehsal olunmuşdur. İstehsal olunan taxılın 33,0 min tondan çoxunu buğda məhsulu təşkil edir.
Toxum istehsalına daha diqqətlə yanaşılmış, bu il 5,0 min tondan çox toxumluq dən ayrılmışdır.
Taxıl istehsalının qarğıdalı əkinləri hesabına bir qədər də artacağı gözlənilir. Bu il 550 hektardan çox sahədə dənlik qarğıdalı əkilmişdir ki, bu da ötən ildəkindən 50 hektar çoxdur. Dənlik qarğıdalı əkinləri yüksək texnologiya ilə becərilir və bu sahələrdən yüksək dən məhsulu gözlənilir. Yazlıq əkinlərə də diqqət artırılmış, bu il 2132 hektaradək sahədə yonca, 1262 hektarda kartof, 2960 hektarda tərəvəz, 4197 hektarda bostan, 336 hektarda günəbaxan, 59 hektarda yerfındığı əkilmişdir. Bütün yazlıq əkinlərdən ötən ildəkindən çox məhsul gözlənilir.
Fiziki və hüquqi şəxslər tərəfindən 120 traktor və 200-dən çox digər kənd təsərrüfatı texnikası lizinqə götürülmüşdür. Bunun nəticəsidir ki, rayonda kənd təsərrüfatı işlərinin optimal müddətlərdə görülməsi əsasən mümkün olmuşdur.
Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Hazırda iri buynuzlu mal qaranın sayı 63.5 min başa, qoyun keçilərin sayı 130.6 min başa çatmış, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, bu ilin I yarımilliyində ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3.6 %, süd istehsalı 14.1 %, yumurta istehsalı 0.9 faiz, yun istehsalı 1.9 % artmışdır.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sahəsində məqsədyönlü işlər görülmüş, 10 nəfər süni mayalanma texnikləri hazırlanmış, onların fəaliyyəti üçün hər cür şərait yaradılmış, süni mayalanma avadanlıqları, yüksək məhsuldar cins mal-qara toxumu və nəqliyyatla təmin edilmişlər.
Bu ilin I yarımilliyində 364 iri buynuzlu mal süni mayalandırılmış, 283 başdan çox bala alınmışdır. Lizinq yolu ilə alınmış 158 baş cins düyə artırılaraq 260 başa çatdırılmış, daha 200 baş cins düyənin alınması üçün sifariş verilmişdir.
Cins düyələrin yüksək texnologiya ilə saxlanılması təmin olunmuşdur.
Rayondakı süd Zavodunda hazırda gündəlik 25 tondan çox süd emal olunur və bu emaldan 8 çeşiddə məhsul istehsal edilir.
Kənd təsərrüfatının inkişafında və yüksək məhsul əldə edilməsində meliorasiya işləri və suvarma sistemləri mühüm rol oynayır.
Bu sistemdə mövcud suvarma kanalları, kollektor-dren şəbəkələri təmizlənmiş, hidrotexniki qurğular, nasos stansiyaları əsasən təmir olunaraq işlək vəziyyətə gətirilmişdir.
Lakin suvarmanın təşkilində növbəliliyin düzgün nizamlanmaması, enerji təminatında fasilələrə yol verilməsi bəzi ərazilərdə əkinlərin suvarılmasının optimal müddətinin pozulması və məhsul itkisi ilə nəticələnmişdir.
Ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə növbəti ilin məhsulu şum və digər hazırlıq işləri vaxtında və mütəşəkklik aparılmalı, ət, süd, yumurta və digər kənd təsərrüfatı məhsullarının istehsalının daha da artırılması məqsədi ilə müvafiq tədbirlər görülməlidir.
Odur ki, rayon İcra Hakimiyyəti Başçısı Aparatının Aqrar məsələlər şöbəsi və kənd təsərrüfatına xidmət edən təşkilat rəhbərləri qarşıya qoyulan vəzifələri düzgün qiymətləndirməli, məhsul istehsalının artırılması istiqamətində lazımi tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirməlidirlər.
Hörmətli yığıncaq iştirakçıları!
Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.
Rayon mərkəzində və kəndlərdə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin, köhnəlmiş naqillərin, texniki cəhətdən nasaz olan sayğacların dəyişdirilməsinə, sıradan çıxmış transformatorların yeniləri ilə əvəz olunmasına diqqət artırılmışdır.
Bununla belə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin, köhnəlmiş naqillərin, nasaz sayğacların vaxtında dəyişdirilməsi sahəsində nöqsanlar hələ də davam etməkdədir. Bu səbəblərdən də küləkli və yağmurlu havalarda elektrik enerjisinin fasiləsiz verilməsində problemlər yaranır ki, bu da əhalinin haqlı narazlığına səbəb olur. Bəzi hallarda sayğaclara müdaxilə edənlərə qarşı ciddi mübarizə aparılmır.
İstifadə edilmiş enerji daşıyıcılarının dəyərinin 100 % ödənilməsi nəzərdə tutulduğu halda son 6 ayda əhali sektoru üzrə cəmi 59,4%, ümumilikdə isə 64,4% yiğım təmin edilmişdir ki, bu da qətiyyən yol verilməzdir.
Rayon elektrik şəbəkəsinin rəhbərliyi rayon əhalisinin elektrik enerjisi ilə fasiləsiz və itkisiz təmin edilməsi məqsədi ilə sıradan çıxmış elektrik dirək və naqillərin tez bir zamanda yeniləri ilə əvəz olunması, SİP kabelləşmə və kart-sayğac sisteminə keçirilməsi istiqamətində qısa müddətdə konkret tədbirlər hazırlayıb həyata keçirilməsi 2013-cü ilin birinci yarımilliyində hələ də başa çatdırılmamışdır.
Dövlət Proqramına uyğun olaraq 2013-cü ildə təbii qazla təhciz olunmayan şəhərin ayrı-ayrı məhəllələrinin, kəndlərin qazlaşdırılmasına başlanılmışdır.
215 mənzil qazlaşdırılmış, 1771 ədəd köhnə qaz sayğacı yenisi ilə əvəz edilmiş, 215 yeni qaz sayğacı quraşdırılmışdır. Xidmət ərazisindən 83 ədəd qaz tənzimləyici şkaf, 59 ədəd siyirtmə təftiş və təmir edilmişdir. 859 ədəd qaz sızması aşkar edilərək ləğv edilmişdir. Cənub məhəlləsinə 1 ədəd, 69-cu məhəllədə 2 ədəd QTS quraşdırılmışdır.
Sığırlı-Çöhranlı marşurutu üzrə 7 kəndi (Karrar, Garıs-Əyribənd, Bağman, Karrar qəsəbə, Muğanlı, Xınıslı, Çöhranlı) təbii qazla təmin edəcək kəmərin 32 km hissəsi çəkilmiş, şəhərin 63 və 69-cu məhəllələrində, Atakişili kəndinin yeni yaşayış ərazisində qazlaşma işlərinə başlanılmışdır. Rayonun Şilyan və Qarasu kəndlərinin qazlaşması üçün layihə-smeta sənədləri hazırlanmış, hazırda həmin kəndlər istiqamətində 9 km daşıyıcı xətt çəkilmişdir. Lakin son vaxtlar bu işlərin gedişində ləngimələr vardır.
Rayon Qaz İstismarı sahəsinin rəhbərliyi nəzərdə tutulmuş yaşayış məntəqələrinin qazlaşdırılması işini sürətləndirməli, korroziyaya uğramış kəmərlərin vaxtında dəyişdirilməsini təmin etməli, sayğaclara müdaxilə edən abonentlərə qarşı ciddi mübarizə aparılmasını təşkil etməlidir.
2013-cü ilin birinci yarımilliyi ərzində əhali tərəfindən 6 ay ərzində 1017502 manata qarşı 837671 manat, və ya 82,3 % təbii qazın dəyəri ödənilmiş, 179831 manat debitor borcu yaranmışdır. Belə ki, Bala Kəngərli kəndində 58%, Böyük Kəngərli kəndində 64%, Şahbəyli kəndində 69 %, Mürtülü kəndində 75% təbii qazın dəyəri ödənilmişdir ki, bu da yol verilməzdir.
Odur ki, rayon Qaz İstismarı sahəsinin rəhbərliyi bu sahədə konkret tədbirlər görməli, öz işçilərinə qarşı tələbkarlığı daha da artırmalı, bildirişlərin istehlakçılara vaxtında paylanmasında intizam yaratmalı, təbii qaz itkisinin qarşısı alınmalıdır.
Dövlət Proqramına uyğun olaraq hazırda rayonda əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması və eyni zamanda şəhərin kanalizasiya şəbəkəsinin yenidən qurulması sahəsində işlər uğurla davam etdirlir.
H.Əliyev prospektində, İ.Məmmədov və Babək küçəsində olan su xətlərində təmir işləri aparılmışdır.
Cari ildə əhalinin fasiləsiz içməli suya olan tələbatını ödəmək məqsədi ilə su anbarları təmir olunaraq istifadəyə hazır vəziyyətdə saxlanılmış, şəhərin su olmayan küçələrinə avtomaşınlarla su verilməsi təmin edilmişdir. Qaçqın və məcburi köçkünlərə tərtib olunmuş qrafik üzrə suyun verilməsi təşkil olunmuşdur. Hazırda I Külüllü su xəttində su itkisinin qarşısını almaq üçün mütəmadi təmir işləri aparılır. 2013-cü ilin iyun ayında Ağsu rayonu ərazisində olan Külüllü bulağında 300 p/m məsafədə 2 metr dərinlikdə xəndək qazılmış, bulağın açıq hissəsi d-630 mm olan polietilen boru vasitəsi ilə ötürücü qurğuya birləşdirilmişdir. Rayonun Topalhəsənli kəndi ərazisində d-315 mm-lik polietilen boruda baş vermiş su itkisinin qarşısı alınmışdır.
2013-cü ilin birinci yarımilliyində abonentlərin sayı 2875 nəfərə çatdırılmışdır. Hazırda yeni smartkart tipli sayğacların quraşdırılmasına başlanılmışdır. Bu işlə əlaqədar ödənişlərin aparılması üçün proqramlar hazırlanmışdır.
2013-cü ilin iyun ayında şəhərin Bakı prospektində d-280 mm olan polietilen boru vasitəsi ilə 1224 p/m su xətti, H.Əliyev prospektində diametri 355 mm olan polietilen boru vasitəsi ilə 632 p/m su xətti, M.F.Axundov küçəsində d-140 mm olan polietilen boru vasitəsi ilə 600 p/m su xətti, M.Ə.Rəsulzadə küçəsində d-225 mm olan polietilen boru vasitəsi ilə 550 p/m su xətti, M.Hüseynzadə, Koroğlu, İ.Məmmədov küçələrinə d-140 m olan polietilen boru vasitəsi ilə 280 p/m su xətti çəkilmişdir. Hal-hazrıda şəhərdaxili su xətlərinin çəkilişi davam edir.
2013-cü ilin birinci yarımilliyində problemli sahə olan kanalizasiya xətlərində, 1-2 saylı nasosxanalarda təmir işləri aparılmış, elektrik mühərriklərinə texniki qulluq göstərilmiş, payız-qış mövsümünə hazırlıqlar görülmüşdür.
Hazırda kanalizasiya xətlərində təmizləmə işləri aparılır.
Uzunluğu 7.5 km olan mərkəzi kanalizasiya xətti üzərində baxış quyuları təmizlənmiş, H.Əliyev, M.Ə.Sabir, R.Axundov küçələrindəki, Aran qəsəbəsindəki kanalizasiya xətlərindəki tutqular təmizlənmiş, xəttin tutulmasının qarşısının alınması məqsədi ilə metal barmaqcıqlar qoyulmuşdur. Bu işlərin vaxtında və keyfiyyətlə görülməsi rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, Memarlıq və Tikinti şöbələri tərəfindən gündəlik nəzarətə götürülməli, yeni şəbəkənin çəkilişi başa çatdırılanadək köhnə xətlərin işlək vəziyyətdə olması üçün lazımi tədbirlər hazırlanıb həyata keçirməlidir.
Əhaliyə göstərilən kommunal xidmətin səviyyəsinin yüksəldilməsi, şəhərimizin bütün küçə və meydanlarının daima təmiz və səliqəli saxlanılması bu sahəyə xidmət göstərən müvafiq qurumların ən başlıca vəzifələrindəndir.
Kommunal xidmətin yaxşılaşdırılması məqsədi ilə Respublika hökuməti tərəfindən əvəzsiz olaraq rayonumuza verilmiş xüsusi texnikalardan səmərəli istifadə olunmalı, bu maşınların imkanlarından küçələrdə təmizlik işlərinin aparılmasında maksimum istifadə edilməlidir.
Bütün bunlarla yanaşı rayonda əhaliyə göstərilən kommunal xidmətlərin təşkilində nöqsan və çatışmamazlıqlar qalmaqdadır.
Kommunal Müəssisələr Kombinatı xidmət göstərdiyi ərazidə məişət tullantılarını götürsə də, bir çox mərkəzi küçələr həmişə süpürülmür, küveyt və keçid boruları müntəzəm olaraq təmizlənmir ki, bu da yağıntılar zamanı su ötürücülərinin tutulmasına səbəb olur. Şəhər ərazisində məişət tullantılarını xüsusi ayrılmış yerlərə atmayan sakinlərə qarşı cərimə sanksiyaları tətbiq olunmur, bununla yanaşı əhaliyə göstərilən xidmətə görə sakinlərdən xidmət haqqı çox zəif yığılır.
Belə ki, şəhər əhalisinin 390 nəfəri ilə müqavilə bağlanılaraq 1274 manat, 96 kommersiya obyektindən isə 455 manat vəsait toplanmışdır.
Qeyd olunan ciddi nöqsan və çatışmamazlıqları aradan qaldırmaq məqsədi ilə şəhər icra nümayəndəliyi, bələdiyyə və xidmət təşkilatları ilə birlikdə tədbirlər planı hazırlamalı, əhalini narahat edən məsələlərin tez bir zamanda aradan qaldırılmasını təmin etməlidir.
Hörmətli yığıncaq iştirakçıları!
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş işlərdən əlavə xeyli yenidənqurma, tikinti və abadlıq işləri aparılmışdır.
Ötən ilin birinci rübündən sonra rayonda geniş vüsət almış quruculuq-abadlıq işləri bu ilin birinci rübündə də sürətlə davam etdirilmişdir.
Rayon İcra Hakimiyyətinin yeni binasının tikintisi başa çatdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 07 mart 2012-ci il 2081 saylı Sərəncamı ilə 14 kəndi birləşdirən, əhalisi 14 min nəfərdən çox, uznluğu 28 km olan Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisi üçün ilkin olaraq 3 milyon manat vəsait ayrılmış,11,7 km hissəsi çəkilmiş, 2013-cü ildə işlərin davam etdirilməsi üçün əlavə 4 milyon manat vəsait ayrılmış və yolun qalan hissəsinin tikintisi başa çatdırılmış, hazırda köməkçi işlərin aparılması davam etdirilir. Rayon İcra Hakimiyyəti Başçısı Aparatının müvafiq şöbələri bu yolun keyfiyyətlə istismara verilməsinə nəzarəti gücləndirməlidirlər.
Şəhərin Heydər Əliyev prospektində, S.X.İslamzadə, Aşıq Əhməd, G.Orucova küçələrində abadlıq işləri davam etdirilmiş, 3338 p/m bardür düzülmüş, 4771 m2 ağlay vurulmuş, 3310 m2 piyada yolları beton tavalarla üzlənmiş, 18600 m2 asfalt döşənmiş, 690 metr uzunluqda yeni işıqlanma xətti çəkilmiş, 26 ədəd müasir işıq dirəkləri quraşdırılmış və bu işlər hazırda davam etdirilir.
Ulu Öndər Heydər Əliyevin əvəzedilməz irsinin daha mükəmməl öyrənilməsi, onların gənc nəsilə yetərincə aşılanmsı, gələcək nəsillərə layiqincə ötürülməsi məqsədi ilə ən müasir layihəyə əsasən 3 mərtəbəli Heydər Əliyev mərkəzində tikinti-quraşdırma işləri başa çatdırılmış, hazırda ağlay materialı ilə üzlənmə və son tamamlama işləri aparılır.
Ərazisi 8.5 hektar olan “Heydər” parkında yeni layihəyə əsasən rekonstruksiya və tikinti işləri davam etdirilmiş, 42 metr uzunluqda parkın giriş hissəsi tağvari milli memarlıq üslubunda yenidən işlənilmişdir. Parkda 2400 p/m bardur düzülmüş, 2800 m2 səkilərə mozaik beton tavalar döşənmiş, 4950 m2 asfalt vurulmuş, 220 m uzunluqda hasar çəkilmiş, ölçüləri 8x16 metr olan şəlalə qurulmuş, yay kinoteatrının, avtokartinqin tikintisi, işıqlanma sisteminin quraşdırılması davam etdirilir.
Əraziyə çoxlu sayda dekorativ ağac əkilmiş, 2,0 ha əraziyə qazon səpilmiş, 2000 metr süni suvarma xətti çəkilmişdir.
“Gənclər Evi” rekonstuksiya olunaraq 140 m2 genişləndirilmiş, müasir atıcılıq tiri qurulmuş, əlavə sinif otağı tikilmişdir. Binada və ətrafında 600 m2 ağlay vurulmuş, 560 p/m bardur düzülmüş, 880 m2 mozaik beton tavalar döşənmişdir.
Aparılmış abadlıq-tikinti işlərinə 6 ay ərzində daxili imkanlar hesabına 1278343 manat məbləğində vəsait xərclənmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayon ərazisində magistral, rayonlararası və rayondaxili yolların asfaltlaşdırılması, yenidən qurulması və təmiri sahəsində müəyyən işlər görülsə də, bu xidmət sahəsinin fəaliyyətində nöqsan və çatışmamazlıqlar qalmaqdadır.
Belə ki, şəhərin əksər küçələrində asfalt örtüyü sıradan çıxmış, bir çox kənd yolları istismara yararsız vəziyyətdədir.
Kürdəmir-Mollakənd avtomagistralı, Kohünlü, Ərəbqubalı, Pirili, Şilyan, Böyük Kəngərli, Təklə, Qurdbayram kəndləri ilə avtomagistralı birləşdirən baş yollar istismara yararsız vəziyyətdədir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, Memarlıq və tikinti şöbələri rayon Yol İstismar idarəsinin rəhbərliyi ilə birlikdə tədbirlər planı hazırlayıb məsələnin həll olunmasına nail olmalıdırlar.
Hörmətli yığıncaq iştirakçıları!
Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olmuşdur.
Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun 4 məktəbində yeni məktəb binasının tikintisi davam etdirilir. 360 şagird yerlik Z.Əhmədov adına Şilyan kənd tam orta məktəbinin, 640 şagird yerlik Sığırlı, 280 şagird yerlik Cəyli, 220 şagird yerlik Köhünlü kənd tam orta məktəblərində tikinti işləri davam etdirilir, 80 şagird yerlik Qaramahmudlu kənd ümumi orta məktəbinin, 80 şagird yerlik Xəlsə kənd ibtidai məktəblərin yeni tədris binaları tikilib istifadəyə verilmişdir.
Rayonun Mürtülü və Xınısli kəndlərində yeni məktəb binalarının tikintisi üçün müvafiq sənədləşmə işləri aparılır.
Bu sahədəki nailiyyətlərlə yanaşı nöqsanlar da mövcuddur.
Kənd məktəblərinin bir çoxunda sadə idman qurğuları, ibtidai hərbi hazırlıq fənləri üzrə çöl məşğələlərin aparılması məqsədi ilə təlim sahəsi yoxdur və bu səbəbdən də bir çox məktəblər hərbi idman oyunlarında, idmanın ayrı-ayrı növləri üzrə yarışlarda təmsil olunmur və ya çox zəif nəticələr göstərirlər.
Rayon Mərkəzi Xəstəxanasının əsas binasında regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına əsasən rekonstruksiya və əsaslı təmir işləri başa çatdırılmış, müasir tibbi avadanlıqlarla təhciz olunaraq istifadəyə verilmişdir.
Lakin, əksər kənd həkim və tibb məntəqələrinin inzibati binaları olmadığından fəaliyyətlərini evlərdə göstərir və texniki təhcizatı günün tələbləri səviyyəsində deyildir. Səhiyyə müəssisələri ixtisaslı həkim və orta tibb işçiləri ilə tam təmin olunmadığından əhaliyə göstərilən tibbi xidmət aşağı səviyyədədir. Ayrılan tibbi dərman preparatları təlabatı ödəmir. Bunlar da nəticədə rayon mərkəzindən uzaqda yaşayan sakinlərin narazılığına səbəb olur.
Rayon üzrə əsasən pediatr, akuşer-ginikoloq, travmatoloq, anestezioloq-reanimatoloq, terapevt həkim kadrlarına kəskin ehtiyac vardır.
Odur ki, Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi buraxılmış nöqsanlara ciddi diqqət yetirməli və müvafiq orqanlar qarşısında məsələ qaldırmalıdır.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən infeksion-yolxucu xəstəliklərin qarşısının alınması, xəstəliklərin yaranma mənbələrinin aşkar edilməsi və ərazilərdə sanitar-profilaktik tədbirlər keşirilməsi işi gücləndirilsə də, fəaliyyətində ciddi nöqsan və çatışmamazlıqlar qalmaqdadır.
Küçələrin səkilərində və sanitariya qaydalarına uyğun olmayan yerlərdə ticarət aparılır, rayonun müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə və ticarət obyektlərində Mərkəz tərəfindən sanitar yoxlamalar səthi keçirilir, antisanitar vəziyyətdə fəaliyyət göstərən obyeklər barəsində ciddi qərarlar qəbul edilmir.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon Baytarlıq idarəsinin rəhbərliyi rayon əhalisinin yolxucu xəstəliklərdən müdafiə olunması istiqamətində sanitar nəzarəti gücləndirməklə, əhalinin maarifləndirilməsi məqsədi ilə müntəzəm olaraq seminarlar və profilaktik tədbirlər keçirilməsini diqqət mərkəzində saxlamalı, göstərilən nöqsanlardan nəticə çıxarmalıdırlar.
Rayonda maddi və mədəni irsin qorunması və inkişaf etdirilməsi istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilmişdir .
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği rayon İcra Hakimiyyəti Başçısı Aparatının apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir.
İctimaiyyət arasında nüfuza, təbliğat sahəsində səriştə və təcrübəyə mailk olan təbliğat qrupları daimi fəaliyyət göstərir. Fəalların və təbliğat qruplarının yaxından iştirakı ilə möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin təbliği ilə bağlı məqsədyönlü ictimai-siyasi tədbirlər həyata keçirilir.
İdarə və müəssisələrdə fəaliyyət göstərən Heydər Əliyev otaqları və guşələri cənab İlham Əliyevin fəaliyyəti ilə əlaqədar mətbuat materialları ilə zənginləşdirilməli və burada vaxtaşırı tədbirlər təşkil olunmalıdır.
Rayonda fəaliyyət göstərən ictimai təşkilatlar və dini qurumlarla daim əlaqə saxlanılır, onlar tarixi və əlamətdar günlərdə, bayramlarda keçirilən mədəni-kütləvi tədbirlərə dəvət olunurlar.
Rayon İcra Hakimiyyətinin müvafiq şöbələri Böyük Vətən Müharibəsi, Qarabağ Müharibəsi əlillərinin, Şəhid ailələrinin cəmiyyətdəki xüsusi yerini nəzərə alaraq, öz fəaliyyətində onların üzv olduqları ictimai birliklərlə daha sıx əlaqə saxlamalı, onların qüvvəsindən maksimum istifadə etməlidir.
Rayon əhalisi, xüsusilə gənclər arasında hərbi vətənpərvərlik, Azərbaycan dövlətçiliyinə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət hissinin tərbiyə olunması, Azərbaycan Respublikasının dövlət rəmzlərinin təbliğ edilməsi daim diqqət mərkəzində saxlanılmalıdır.
Ümummilli Lider Heydər Əliyevin yaratdığı, Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən-dövlətçilik siyasətinin əsasını təşkil edən möhkəm dövlət intizamı və qanunçuluğa söykənən iş prinsipi, səmərəli idarəetmə mexanizmi, bütün strukturların sıx, qarşılıqlı əlaqəsi rayonumuzda tam təmin olunmuşdur.
Dövlətçilik və müstəqillik mövqeyində dayanan rayonun hüquq-mühafizə orqanları vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlığa qarşı mübarizə və ictimai-siyasi asayişin qorunması sahəsində ardıcıl olaraq iş aparmışlar.
2013-ci ilin birinci yarımilliyində 135 cinayət hadisəsi qeydə alınmışdır.
Baş vermiş cinayət hadisələrinin 85 faizinin açılması təmin edilmiş, 15 faizi isə açılmamış qalmışdır.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində bir sıra əməliyyat-profilaktiki tədbirlər həyata keçirilərək, 10 cinayət hadisəsi aşkarlanmışdır.
Rayonun hüquq mühafizə orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı bundan sonra da ardıcıl və ciddi tədbirlər görməlidir.
2013-cü ilin birinci yarımilliyində rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 802 nəfər vətəndaş qəbul edilmişdir ki, onlardan 609 nəfəri rayon İcra Hakimiyyəti Başçısının Aparatında, 193 nəfəri isə yerlərdə keçirilən səyyar qəbullar zamanı fərdi qaydada qəbul edilmişdir. Müraciət etmiş hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşılmış, mümkün lazımi köməkliklər göstərilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatına 2013-cü ilin 6 ayında vətəndaşlardan 1106 ədəd müraciəti daxil olmuşdur.Daxil olmuş müraciətlərin 479 ədədi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 27 ədədi Milli Məclisdən, 20 ədədi Nazirlər Kabinetindən, 83 ədədi digər yuxarı Respublika təşkilatlarından, 497 ədədi isə vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə göndərilmiş ərizə və şikayətlərdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə daxil olmuş müraciətlərin sayı azalmışdır.
Hörmətli yığıncaq iştirakçıları!
Qarşımızda mühüm vəzifələr durur. 2009-2013-cü illər üçün qəbul edilmiş Dövlət Proqramının layiqincə yerinə yetirilməsində hər birimiz daha məsuliyyətlə işləməli, əhalinin sosial rifahını yüksəltməklə mövcud problemləri aradan qaldırmalı, yeni emal və sənaye müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması üçün ardıcıl və məqsədyönlü iş aparmalıyıq.
Bu il Prezident seçkiləri ilidir. Odur ki, bizim hər birimiz öz fəaliyyətimizlə, davranışlarımızla nümunə göstərməli, seçki məcəlləsinin tələblərindən irəli gələn vəzifələrin qanun çərçivəsində həyata keçirilməsini təmin etməliyik.
Başladığımız geniş miqyaslı quruculuq işlərində hər bir kürdəmirlinin iştirakını təmin etməklə rayonumuzu ölkəmizin çiçəklənən bölgəsinə çevirməliyik. Bu yolda hər birinizə uğurlar diləyirəm.
İcazə verin Möhtərəm Prezidentimizi əmin edim ki, Kürdəmir rayon İcra Hakimiyyəti bütün kürdəmirliləri öz ətrafında daha sıx birləşdirəcək, qarşıya qoyulan vəzifələrin vaxtında və uğurla yerinə yetirilməsi üçün yüksək məsuliyyət və səylə çalışacaqdır.