Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 24 min nəfərdən çox sakin vaksinasiya olunub

03 avqust 2021 | 16:00

Kürdəmir rayonunda vətəndaşların COVID-19 infeksiyasına qarşı vaksinasiyası davam edir və artıq təhlükəli virusa qarşı peyvənd olunanların sayı 24 min 479 nəfərə çatıb.
Rayon icra hakimiyyətində fəaliyyət göstərən operativ qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, son vaxtlar vətəndaşlar arasında peyvənd olunmaq üçün müraciət edənlərin sayı artıb. Təkcə avqustun 2-də 1046 nəfər vaksinasiya olunub.
Əhalinin vaksinasiyası Kürdəmir ailə sağlamlıq mərkəzində və 2 səyyar briqada tərəfindən aparılır. Peyvənd olunanların 2011 nəfəri yaşı 65-dən yuxarı, 8408 nəfəri 50-65 yaş arası, qalanı isə yaşı 50-dən aşağı olanlardır.
Qeyd edək ki, dünyanı cənginə alan qorxulu virusa qarşı artıq insanlar peyvənd olunmanın zəruriliyini yaxşı bilirlər. Ailə sağlamlıq mərkəzində yeni peyvənd olunan Kürdəmirin Sovla kənd sakini, 23 yaşlı Vətən müharibəsi iştirakçısı Zəka Rəhimov bununla əlaqədar AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Məhz kütləvi peyvənd olunmanın nəticəsidir ki, artıq toy edə bilirik, açıq havada sərbəst gəzə bilirik. Təəssüf ki, son vaxtlar infeksiyanın yeni növləri yenə də dünyanı təşvişə salıb. Odur ki, bu təhlükəli bəlaya qarşı vaksinasiya olunmağımız vacibdir”.

Keçidlər